Ölkə 15:00 10.12.2010

İsrafçı hakimiyyət

Azərbaycan hakimiyyətinin Allaha xoş getməyən çox işləri var. Bu işlərin başında ədalətsizlik, sonunda israfçılıq durur. Əslində israfçılıq da ədalətsizlikdir. Millətə məxsuz sərvətin sağa-sola, təyinatsız, məqsədsiz və hara gəldi dağıdılmasının adı ədalətsizlik deyilsə, bəs nədir?

Dağıdırlar. Yolu-yolağanı, zavodları, fabrikləri, yaxın-uzaq tarixə aid binaları, istirahət parklarını, meşə zolaqlarını, bir sözlə, küllü miqdarda vəsait mənimsəmək üçün qarşılarına çıxan nə varsa dağıdırlar. Bunların halı əlinə çoxlu pul keçən, lakin hara xərcləməyin fərqində olmayan uşağın halına bənzəyir.

Milyonlar sərf edilən bir yolu, bir körpünü neçə dəfə söküb təzədən bir də tikərlər? Hər kəs keçmiş “Moskva prospekti”ndə sıralanan binalara daş üzlüklər çəkilməsi üçün nə qədər vəsait ayrıldığını yaxşı bilir. Amma heç kəsə aydın deyil ki, küllü miqdarda vəsait xərcləndikdən sonra bu binaları yenidən bir də niyə sökürlər.

Aydın olan bir şey var. Bu binalar Türkiyə baş naziri T.Ərdoğan demişkən, israfçılıqla ucaldılan H.Əliyev mərkəzininin görüntüsünü əngəlləyir. Aydın olan başqa bir mətləb də var ki, o da insanın arxa plana keçirilməsidir. Yəni pul, vəsait çoxdur, lakin onun Azərbaycan insanına aidiyyatı yoxdur. Hər şeyə – daşa, torpağa, tikiliyə, söküntüyə, villalara, saraylara, iqamətgahlara, dəbdəbəli həyata, mərmər döşəmə və çəpərlərə, xarici havadarlara istədiyin qədər para sərf etmək olar, təkcə bu torpağın sadiq bəndələri insandan başqa.

Bu vəsaitlərin təyinatı sökmək, tikmək, yollar-körpülər salmaq, möhtəşəm mərkəzlər ucaltmaq adı altında milli sərvətləri talan etməkdir. Bunların başının bəlası insandır. Fikirləşirlər ki, qarnı, gözü-könlü tox insan iqtisadi tələbatları ödənildikcə onun firavanlığı, xoşbəxtliyi üçün lazım olan başqa azadlıqlar tələb edə bilər. Məsələn siyasi fəaliyyət, sərbəst toplaşma, birləşmə azadlığı, fikir, düşüncə özgürlüyü. Hakimiyyət bu istəklərin qarşısını almağaın yolunu milləti dilənçi halında yaşatmaqda görür. Əks halda iqtidarın minumum yaşayışla uyğun gəlməyən, ölkədə işsizliyə, yoxsulluğa, aclıq və səfalətə yol açan yanlış sosial siyasətini necə başa düşmək olar?

Bu qədər nəhəng layihələrin gerçəkləşdiyi, ölkə büdcəsinə milyardlar vəd edən neft, qaz kontraktlarının bağlandığı bir halda əhalinin əksər hissəsinin aclıq və yoxsulluq içində yaşamasının səbəbini anlamaqda ağıl zorlanır. Necə ola bilər və hansı ədalət ölçüsünə uyğundur ki, azlıqda olan bir zümrə cah-cəlal içində yaşasın, onlarla mənzili, onlarla avtomobili olsun, əksər əhali gün çörəyinə möhtac qalsın? Oliqarxlar, nazirlər, icra başçıları, dövlət məmurları rüşvətlə deyilsə bu qədər pulu-vəsaiti hardan əldə ediblər?

Azərbaycanın ixtiyarı israfçı bir zümrənin əlinə keçib. Bu israfçılıq təkcə iqtisadi sahədə baş vermir. Tətiflər, orden-medallar, elmi adlar, “xalq yazıçısı”, “xalq artisti” kimi sovetdən qalma təqdimatları da israfçılıq kimi dəyərləndirmək olar. Şəxsiyyəti örnək olmayan, fəaliyyəti qara qəpiyə dəyməyən, ictimai çəkisi yalnız təmsil olunduğu hakim partiya səviyyəsində olan birilərinə orden, medal verilməsinin xalqa nə aidiyyatı ola bilər?

Kimlərsə fikirləşməsin ki, biz YAP funksioneri M.Qurbanlıya “Şöhrət” ordeni verilməsinin paxıllığını çəkirik. Amma adam nə etmiş, hansı siyasi nailiyyətlərə, hansı milli uğura imza atmış ki, onu bu ordenə layiq bilmişlər. Əgər siyasi fəaliyyətə görədirsə hər kəsə bəllidir ki, onun təmsil olunduğu hakim partiya və komanda seçki saxtakarlığına, insan haqlarına sayqısızlığıa, azad sözün və sərbəst fikrin boğulmasına, siyasi məhbus məsələsinə, korrupsiya və rüşvətxorluq faktoruna görə beynəlxalq təşkilatların qara siyahısında birincilər sırasındadır. Yox əgər ölkədə barış və sabitliyə, siyasi dialoq yolunda göstərdiyi çabalara görədirsə bu işlərin də ona aid olmadığı göz qabağındadır. Əksər partiyadaşları kimi o da bir qayda olaraq öz siyasi rəqiblərinə qarşı dözümsüzlük göstərmiş, bəyanat və çıxışlarını müxalifəti aşağılayan, heçə endirən ifadələr üzərində qurmuşdur.

Başa düşülən odur ki, təltiflər, adlar heç də təltif edilən şəxslərin millət qarşısında göstərdiyi xidmətlərə görə deyil, təmsil olunduğu hakimiyyətə sədaqətlə qulluq göstərməyə görə verilir. Elə isə israfçılığınızı davam etdirin və müxalif düşüncəyə qarşı aktivlik göstərən hər YAP-çı sinəsinə orden və medalları qoşa-qoşa düzdürün.

Rövşən Muradov