"Bu addımın gerçəkləşməsi prosesə müəyyən töhfə verə bilər, amma əsaslı dəyişikliklərə səbəb olmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov fələstinli məhbuslarla və israilli girovların dəyişdirilməsini şərh edərkən deyib.
Ekspert vurğulayıb ki, prosesin əvvəlindən hazırki İsrail hökümətinin məsələyə yanaşması yəhudi cəmiyyətinin özündə, xüsusi ilə girov ailələri arasında birmənalı qarşılanmayıb:
"Daha sonra İsrail ordusunun qarşısına qoyduğu məqsədlərə nail ola bilməməsi növbəti daxili siyasi böhrana səbəb oldu. Həmçinin Qəzzada yaşanan insanlıq faciəsi beynəlxalq ictimaiyyətdə etirazlarla qarşılandı. Hər nə qədər İsrail höküməti güzəşt etməyəcəyini bildirsə də, bu mümkün deyil. Çünki əsir varsa, mübadilə də var. 700-ə yaxın məhbusun qayıdışı fələstinlilərə bu çətin anlarda bir fərahlıq gətirə bilər. 40 israilli girovun qayıdışı da İsraildə hökümət əleyhdarlarını bir az sakitləşdirər. Hər halda, bu addımın gerçəkləşməsi müəyyən qədər prosesə töhfə verər, amma koordinal olaraq əlbəttə ki, yox. Ona görə ki, məsələnin kökündə dayanan problem qalmaqdadır. Bir də dünya gücləri problemin tam həllində hələ ki, maraqlı deyillər".
Qeyd edək ki, CNN diplomatik mənbələrə istinadən İsrailin fələstinli məhbusları israilli girovlarla dəyişdirilməsi barədə ABŞ-ın təklifinə razılıq verdiyi məlumatını yayıb. Bunun nəticəsində 700 fələstinli məhbus HƏMAS-ın girov saxladığı 40 israilli ilə diyişdirilməsi nəzərdə tutulur. Lakin CNN-in açıqlamasına görə hələlik təklifə HƏMAS-ın münasibəti bəlli deyil.
Rüfət Sultan
Şərhlər