Hüseynbala Səlimov
Ölkə 13:14 26.12.2017

İstəyirsən, lap hər il Həccə get...

Hüseynbala Səlimov

Növbəti ildən din xadimlərinə maaşların ödənəcəyi haqdakı rəsmi açıqlamalar heç sözsüz ki, son günlərin ən maraqlı xəbərlərindəndir. Artıq indidən bu konteksdə də xeyli suallar səslənməkdədir. 

Düzü, hələ dəqiq məlum deyil, təşəbbüs bütün səmavi dinləri əhatə edəcək, yoxsa yalnız islam dininin təmsilçiləri üçün nəzərdə tutulur?   
 
Üstəlik, addımın dünyəvi dövlətçilik modelilə və bir az da geniş götürsək, sekulyarizm prinsiplərilə necə uzlaşması da müəyyən suallar və tərəddüdlər doğurur. 

Yazı ərəfəsində əlüstü statisitika ilə də maraqlandıq. Məlum oldu ki, dünyanın 77 ölkəsində bu və ya digər şəkildə rəsmi din mövcuddur, 113 ölkədə isə din dövlətdən ayrı fəaliyyət göstərir ki, bizim Azərbaycan da onların sırasındadır.  

Dinin dövlətdən ayrılığı 22 ildə, səhv etmirəmsə, düz üç dəfə dəyişdirilən Ali Qanunumuzda da əksini tapıbdır və bu, da prinsipcə, hökumətin təşəbbüsünün Konstitusiyaya uyğunluğu məsələsini aktuallaşdıra bilər və Konstitusiya Məhkəməsənin gündəliyinə nəzəri olaraq daha bir predmet əlavə edər – təbii ki, bunu sırf nəzəri cəhətdən deyirik... 

Düzdür, din xadimlərinin ayrı fonddan maliyyələşdirilməsi nəzərdə tutulur və qurumun əsasnaməsilə tanış olmadığımızdan onun maliyyə resurslarının formalaşması haqda hələki dəqiq məlumatımız yoxdur. Amma indidən hamı bunu formal məsələ kimi qəbul edir və bilavasitə dövlət maliyyələşməsindən danışır.

Bir problem də ondadır ki, din xadimlərinin faktiki olaraq "dövlət məmuru” statusuna yaxınlaşdırılması bütövlükdə rəsmi din institutlarına qarşı inamsızlığın, "alternativ”, hətta arzuolunmaz qeyri-leqal strukturlara marağın artmasına, radikalların mövqelərinin bir azacıq da güclənməsinə və "dini müxalifət”in bundan təkan almasına da səbəb ola bilər. 

Gərək, bunlar da nəzərə alınsın və dövlət din adamlarının üstünə, necə deyərlər, çox getməsin, onlar üçün daha çox azadlıq və sərbəstlik sferası saxlasın ki, son nəticədə din ictimai institut kimi sosial nüfuzunu qoruya  bilsin.

Bilirsinizmi, mülki cəmiyyətin sərhədlərini daraltmaq, hər yerdə dövlətin müdaxiləsini və iştirakını artırmağa çalışmaq bizi keçmiş totalitar təcrübəyə qaytara bilər ki, bunun da nəticəsini artıq görmüşük. Baxın, indi demək olar ki, iqtisadi baxımdan azad media qalmayıb, QHT və digər strukturların alternativ kanalları məhdudlaşıb, onların da dövlətdən asılılığı yaranıb, çünki başqa donorlar yoxdur. İnanın, bunlar heç də yaxşı tendensiya deyil...     
Səmimi etiraf etsək, dinin cəmiyyətimizin həyatında rolunun azala bilməsi fərd kimi bizi elə də narahat etmir, çünki daha geniş mənada sekulyarizm tərəfdarıyıq–nə din adamlarımızın moizələrinə marağımız var, nə də başqa şeyə: Quran var, başqa kitablar var və özümüz oxuyub Tanrımızla münasibətlərimizi sahmanlaya bilərik... 

Üstəlik, şəxsən bəndəniz üçün əsas olanı hər üç səmavi dində əks edilmiş 10 ƏMR və yaxud da bəzən deyildiyi kimi, "əxlaq dekaloqu”dur (məşhur "Helsinki dekaloqu” ilə qarışdırmayın!): Bəli, oğurluq etmə, yalandan şahidlik etmə, Tanrından qeyri özünə kumir yaratma, Tanrına şərik qoşma və s. və i... 
Şəxsən bizə bunlar bəs edir, çünki kenisberqli təhha qoca İ.Kantın ardınca biz də qəbul edirik ki, din ilk növəbədə ƏXLAQDIR və əgər bu, yoxdursa, lap istəyirsən, gündə 24 dəfə namaz qıl, ya da hər il Həccə get, - bunun nə bəndələr üçün, nə də Tanrı məqamında dəyəri yoxdur.

10 əmrin böyük və geniş mənası var. Məsələn, oğurluq təkcə o demək deyil ki, qonşunun toyuğunu oğurlamayasan, yaxud əlini kiminsə cibinə salıb beş–on manat çırpışdırmayasan, həm də o deməkdir, millətin sərvətinə, nə bilim, neftinə və yaxud qazına tamah salmayasan, tabeçilyindəki nazirliyin və yaxud da idarənin büdcəsini talamayasan və s. və i.

Yaxınların söhbətidir. Bir ciddi iqtisadçımızın yazısından oxudum ki, 1993-2017–ci illərdə ölkədən qanunsuz yolla 48 milyard dollar çıxarılıb və həmin iqtisadçı bunu xarici nəşrə istinad edərək yazmışdı. Heç sözsüz ki, mən bunun doğruluğunu iddia edə bilmərəm, demirəm ki, bu, həqiqətdir. Amma təkcə son aylarda vəzifəsilə vidalaşan bir neçə nazir haqda yazılanlar və deyilənlər istər-istəməz adamın şübhələrini artırır və düşünürsən ki, əgər iki-üç adam bu qədər oğurlaya bilibsə... 

Qərəz, həqiqətən də belədirsə və məsələ iqtisadçılarımızın dediyi kimidirsə,- hərçənd, biz bunu qətiyyən iddia etmirik,- özünüz deyin, bu boyda haram yaşanan ölkədə adam dindən – imandan heç ürək rahatlığı ilə danışa bilərmi?..     

Din xadimlərini də dövlətin maliyyəlləşdirməsinin bizim siyasi gerçəklikdə nəzəri olaraq başqa hansı əyintilərə gətirib çıxara bilməsinin də fərqindıyik. 
Ola bilsin ki, bundan sonra mərasimlərdə "Yasin” oxunanda ruhuna salavat zikr edilənlərin siyahısı bir az da genişlənəcək və bura böyük və kiçik məmurlarımızın yaxınları da əlavə olunacaq. 

Hətta istisna deyil ki, hər gün Az TV-də və eləcə digər şanlı kanallarımızda eşitdiklərimizin 70-80 faizini təkrarən dini mərasimlərdə də eşidəcəyik və bəzən ola bilsin, hətta bizdə suallar da yaranacaq ki, əcaba, görən, haradayıq–dini mərasimdə, yoxsa partiya konfransında?..

Bu dediklərim təbii, sırf fərdi narahatlıqlardır və heç sözsüz, cəmiyyətdəki dini və digər tendensiyalar bizim istək-arzularımızla və yaxud da gümanlarımızla müəyyən olunmur. Amma ölkələr var ki, adam orada proqnozlarının doğrulmasına sevinir, ölkələr də var, əksinə, özün də arzu edirsən ki, kaş, gümanlarım çin olmayaydı...     

Üstəlik, bir az təəccüblü görünsə də, indicə yazdıqlarımızla zahirən ziddiyyət təşkil etsə də, özümüz də hesab edirik ki, ən azı müəyyən dövr üçün din adamlarının maliyyələşdirilməsi zəruridir, hətta bunu bir az da tez başlamaq lazım idi–necə deyər, əvvəl məsələnin mənfiliklərini dedik, indi də keçək müsbətlərə...  

Din institutlarının maliyyə qaynaqları mürəkkəb problemdir, Qərbin öz ənənələri var, Şərqin də öz! Üstəlik, postsosialist və postsovet ölkələrinin də öz təcrübəsi! Din institutları dünya təcrübəsində daha çox dini icmalarla bağlı olur, dövlət isə onlara əsasən yumşaq vergi siyasəti tətbiq etməklə və digər sosial proqramlarla yardımçı olur. 

Məsələn, artıq bir neçə ildir ki, nəinki Azərbaycanın, hətta Gürcüstanın da dini idarələri ödənişsiz qazla təmin olunur ki, bunu da məhz hökumətin sosial dəstək aksiyalarından biri kimi qiymətləndirmək olar.      

Bizdə dini icmalar məsələsi hələ problemlidir, üstəlik, dindarların da din institutlarına maliyyə yardımları sistemli xarakter daşımır. Ona görə azı bir müddət dövlət maliyyələşməsi pis olmazdı.

Həm də dini sferada kənar təsirlər çox güclüdür. Xüsusən də xoşa gəlməyən cəhət ilk növbədə İranın və yaxud da ərəb ölkələrinin təsiridir. Düşünürük, nəzərdə tutulan proqram buna da təsir edəcək, çünki bir çox hallarda kənar təsirlərə həssaslıq həm də maliyyə ehtiyaclarından törəyir.   
Bəlkə də özünü demokrat sayan adam üçün indi deyəcəyim qüsurlu sayılar, çünki demokratiya öncə müxtəliflik və rəngarənglik deməkdir. Amma yenə də düşünürəm ki, çoxlu sayda məzhəb və təriqətlər, "dini icmalar” təcrübəsi hələki bizlik deyil, ən azı ona görə ki, cəmi bir neçə il əvvəl bir kənddə - Nardaranda "əlahiddə dini icma” kimi yaşamaq cəhdinin nələrə gətirdiyini gördük...  

Ona görə də Azərbaycanda dini baxış və ya dünyagörüşlərinin bir az unifikasiyasına ehtiyac var. Son illərdə şiə və sünni söhbəti azmış kimi,  başqa təriqətlər də özünü hiss etdirməkdədi. Bizim hələ belə müxtəlifliyi "həzm etmək” və yüzlərlə fərqli dini icmalara bölünmüş bir cəmiyyətin bütövlüyünü təmin etmək imkanlarımız məhduddur. 

Müsəlman Şərqinin də tarixi və təcrübəsi göstərir ki, təriqət məsələsi Şərqdə qəliz problemdir və əksər halda dinc müstəvidə həllini tapa bilmir, çünki biz şərqlilər emosional insanlarıq. O səbəbdən bir daha deyirik ki, dövlətin də yardımı ilə dini baxışların yaxınlaşdırılmasına və unifikasiyasına ehtiyac duyulur.

Hər şeydən öncə isə bir suala cavab verməliyik: bütün bunları niyə edirik? Ümid edirik ki, əsas məqsədimiz Şərq ölkələrində yaşanan ağrılı-acılı dini tendensiyaların, xüsusən dini ekstremizmin Azərbaycana yol tapmasının qarşısını almaqdır. 

Amma təkcə din adamlarına maaş verməklə və hətta dini institutlar üzərində dövlətin nəzarətini gücləndirməklə problem həll olunası deyil. 
Nəzərə alaq, müsəlman Şərqindəki problemlər təkcə geosiyasi səbəblərdən törəmir, hərçənd, hamı bu proseslərin məhz bu tərəfini görür. Amma o ölkələrin hamısı avtoritar, demokratiya təcrübəsi olmayan, dünvəyi və demokratik siyasi mübarizə imkanları məhdudlaşdırılmış ölkələrdir. Siyasətin dini müstəviyə meyllənməsinin qarşısını almağın bir yolu da dünyəvi siyasi institutların, dünyəvi siyasi mübarizə üsullarının meydanını genişləndirməkdir. O yerdə ki, dünyəvi və dinc siyasi mübarizə metodu işləmir, orada dini qaragürüh, radikallar və ekstremistlər baş qaldırır. 

Müsəlman ölkələrinin siyasət adamlarının və xüsusən də intellektullarının çıxarmalı olduqları nəticələr də var bu prosesdən. Dini dəyərlərə tamam biganəlik acı nəticələrə gətirib çıxara bilir, çünki belə sayğısızlıq adamı reallıqdan uzaqlaşdırır. 

Məsələn, dünyanın siyasi spektirində mühüm yer tutan mühafizəkar partiyalar proqramlarında həmin dəyərlərə böyük önəm verirlər, çünki mühafizəkarlıq əsasən ənənələrə söykənən ideologiyadır, hər cəmiyyətdə isə ənənələrin böyük hissəsini də dini təcrübə təşkil edir. 

Təəssüf, müsəlman intellektualları da qütblərdə qərarlaşmağı sevirlər. Biri Şərqi və İslamı, ümumiyyətlə, inkar edir, digərlərisə, əksinə, Qərbi və bəşəri dəyərləri qəti qəbul etmir, doğru yolsa burada da "qızıl ortanı” tapmaqdır. 

Baxın, son illərdə hətta Türkiyə kimi ölkədə sırf qərbçi partiyalar elektoral dayaqlarını itirdilər, əvəzində islam və şərq dəyərlərinə önəm verən AKP kimi partiyalar önə çıxdı. Halbuki əksər təhlilçilər bu illlər ərzində türk cəmiyyətinin daha da qərbləşəcəyini ehtimal edirdi. 

Səbəb nədir? Burada maraqlı tendensiya var: insanlar savadlandıqca və daha çox məlumatlandıqca onların öz milli kimliklərinə, mədəniyyətlərinə və ənənələrinə də maraqları artır, çünki müasir elm və mədəniyyət insana həm də qürur və ləyaqət aşılayır, bu, isə onu öz dəyərlərinə daha sayğılı edir,- insanlarda başqalarının içində "ərimək” və onlara qarışmaq hissini deyil, əksinə öz fərqliliyini duymaq və dünyanın rəngarəng palitrasında yerini tapmaq arzusunu gücləndirir...