Dünya 15:14 25.06.2013

İsveçrədə azərbaycanlı siyasi mühacirlərə “qırmızı kart” siyasəti

Avropa Azərbaycanlıları Milli Birlik Şurası İsveçrə hökumətini demokratiya və insan haqları kimi dəyərləri korrupsiyalaşmış Azərbaycan diktaturasının neft və qaz üstündə qurulan iqtisadi maraqlarına qurban verməməyə çağırır. 

Bu barədə Avropa Azərbaycanlıları Milli Birlik Şurasının İsveçrə hökumətinə ünvanlanmış müraciətində deyilir.  

Sənəddə bildirilir ki, əgər İsveçrə Konfederasiyası Azərbaycan ilə münasibətlərdə demokratiya və insan haqları kimi tarixi dəyərlərdən əl çəkərək yalnız iqtisadi maraqları üstün tutarsa, onda İsveçrənin müvafiq rəsmi dövlət orqanı xüsusi bəyanatla çıxış edib bunu aydın ifadə etməli və bu səbəbdən Azərbaycanda korrupsiyalaşmış diktatura rejimi ilə mübarizə aparan insanlara siyasi sığınacaq verməyəcəyini bəyan etməlidir. Bəlkə belə bəyanatın verilməsi İsveçrəni gələcəkdə əlavə “problemlər”dən xilas edə bildi. 

Müraciətdə deyilir ki, İsveçrə hökuməti iqtisadi maraqlara görə bu ölkəyə sığınan azərbaycanlılara “Qırmızı kart” siyasətini işlədir. Son zamanlar Azərbaycandakı siyasi təqib və təzyiqlərdən qaçaraq İsveçrəyə sığınan insanlara qarşı İsveçrə hakimiyyəti tərəfindən qərəzli münasibət halları geniş yayılıb. 

Avropa Azərbaycanlıları Milli Birlik Şurası xüsusi komissiya yaradaraq araşdırmalar aparıb. Araşdırma zamanı müəyyən edilib ki, azərbaycan hakimiyyəti ilə xüsusi iqtisadi əlaqələrə malik olan İsveçrə hökuməti Azərbaycandan olan siyasi mühacirlərə qarşı rəsmi Bakı tərəfindən aldığı sifarişləri icra edir. Bununla əlaqədar Avropa Azərbaycanlıları Milli Birlik Şurası  İsveçrə Ədliyyə naziri Simonetta Sommarugaya müraciət göndərib. Müraciət həmçinin beynəlxalq təşkilatların da diqqətinə çatdırılıb.  

Komissiya müəyyən edib ki, İsveçrə Federal Hökumətinin Miqrant İdarəsi (BFM) ona sığınacaq üçün müraciət etmiş siyasi motivlərlə Azərbaycandan qaçqın düşən insanlara xüsusi mənfi münasibəti son bir ildə özünü açıq formada göstərir.

 “İsveçrə BFM İdarəsinin verdiyi “rədd” cavablarının böyük əksəriyyəti hüquqi deyil, daha çox siyasi və korporativ xarakterli qərarlar təəssüratını yaradır. 

“Azərbaycanlı siyasi mühacirlərdən ifadə alan məmurların bəziləri hətta tərəfkeşliklərini gizlədə bilməyərək Əliyev diktaturasını müdafiə edən ifadələr işlədirlər. İfadə alma prosesinin başlanğıcında məmurlar “Əliyev diktator deyil”, “Əliyev insanlar üçün gözəl şərait yaradıb” və. s bu kimi ifadələr işlədirlər. BFM-in verdiyi qərarlar da sanki Azərbaycandakı korrupsiyalaşmış diktatura rejiminə haqq qazandırır. 

Monitorinq Komissiyası digər bir sahədə araşdırma apararaq müəyyən edib ki, İsveçrə Konfederasiyası ilə Azərbaycan Respublikası arasında geniş iqtisadi əməkdaşlıq əlaqələri var. Həmin əməkdaşlıq xüsusilə neft sektoruna aiddir.(Turan)