Gülşәn Mehdiyeva

Bu gün 14 ildən çox ailəmizin üzvü olmuş itimin ölümündən 40 gün keçir. Köpəyə ehsan vermədik. Həyətdə asfalt işğalından xilas ola bilmiş, bir ağac dibi boyda qalan torpaq sahədə basdırdıq.
 
Əvvəl orada üzüm tənəyi var idi, sonra yerini dəyişdik, amma yeni torpağını sevmədi. Ölməsə də, bar verməyi tərgitdi. İtə illər ərzində onlarla ad qoyub fərqli şəkildə çağırmışdıq, son adı Toton idi. Ölümündən 5 gün sonra ailəmizdə say artımı oldu. Bu dəfə yeni ailə üzvü həmişəkindən fərqli olaraq ikiayaqlı idi. Totonun ölümü unudulmadı, amma yoxluğunun yaratdığı boşluq hissi azaldı və kədərimizi tətilə yola saldıq. Əslində, həyətimizdə pişiklər peyda olandan bəri onun varlığı da tətilə göndərilmişdi. 

Ötən günlərdə italiyalı rejissor Matteo Qarronenin "Dogman” filmi qarşıma çıxmışdı. Kann Film Festivalında nümayiş edilmiş və mükafat qazanmış filmi izləmək istədim. Təqdimatı cəmi bir neçə ay əvvəl keçirildiyi üçün internetdə tapa bilmədim. Dəqiqələr sonra "Facebook”da "Câini” adlı başqa film qarşıma çıxdı. Mənasını bilmədiyim bu sözü axtarışa verdim. Rumıniyalı rejissor Boqdan Mirikanın "Câini”i "itlər” demək imiş. 

Kitabların adına diqqət etməyi uzun müddətdir tərgitmişəm. Səhər oxuduğum kitabı çantaya qoyan zaman təsadüfən fikir verdim. Sovet yazıçısı Ruvim Frayermanın "Vəhşi it Dinqo və ilk məhəbbət haqqında” povesti idi. 

Cəmi 40 gün əvvələ qədər bu canlı həyatımda idi, amma son dövrlərdə itlərdən qorxmağa başlamışam. Daxilimdə kiçik itlərə qarşı belə yaranan hürkü günbəgün artır. 

İvan Turgenevin "Mumu”sunu da bu fəsildə oxumuşdum. Çox maraqlıdır, bir neçə il əvvəl oktyabr ayında itirmək barədə kiçik yazı yazmışdım. İti itirmək barədə:

"Bir müddətdir ki, sahibi yanında deyil. Artıq özü üçün fərqli qaydalar müəyyənləşdirib, tətbiq eləməyə başlayıb. Marketə girir, ağzına sığacaq hansısa məhsulu götürür, kassaya yaxınlaşırmış kimi davranır və qapıya çatan kimi qaçmağa başlayır. İnsan olmadığı üçün heç kim bu hərəkətini ciddi şəkildə araşdırmır və cəzalandırmağa çalışmır. Diqqəti çəkən sadəcə bu deyil. Tutub gəzdirmək üçün nəzərdə tutulan ipini özü ağzında daşıyır. Son dövrlərdə başını və quyruğunu daha dik tutur və sifətində narazı məğrurluq ifadəsi olur. Havaların isti keçməsinə baxmayaraq dilini çölə çıxarmamaqda qərarlıdır. Fikirləşir ki, bu hal onu xoşbəxt göstərə bilər, həm də ip həmişə ağzında olur, buna şərait də yoxdur. Kimsə xoşuna gəlməyəndə, hücum eləmək istəyir. Sanki onun növbəsini oğurlayıblar, ya da növbə nömrəsi elan olunmadan digər nömrəyə keçilib və o, sadəcə öz haqqını tələb eləyir. 

Qısa müddət əvvəl isə hər şey olmasa da, çox şey fərqli idi. Marketə insan kimi daxil olur, təkərli səbəti götürür, lazımi məhsulları yığır, kassaya yaxınlaşır, boğazına bağlanmış parça pul kisəsindən pulu götürür, qəribə heç nə yox imiş kimi davranır və satıcıya təqdim eləyirdi. Soyuq havalarda belə dilini çıxara və sifətində xoşbəxt ifadə yarada bilirdi. Çünki sahibi yanında idi və kəmərini tutan biri var idi. Başını və quyruğunu dik tutur, amma bunu eləyəndə, heç bir fiziki və mənəvi ağırlıq hiss eləmirdi. İpdən azad ediləndə, qaçmağa başlayır, böcəklərə, quşlara, pişiklərə, insanlara sataşır və oynamaq istəyirdi. Nə edəcəyini bilməyəndə, sahibinin yanına gəlir, iki ayağının üstünə qalxır, tullanır, gah sığallanmaq, gah qucaqda durmaq istəyirdi. İndi isə gəzintiyə çıxıb, yəni özünü gəzintiyə çıxarıb. Biraz gedəndən sonra dayanacaq, ipi ağzında saxlamaqdan udquna bilmədiyi üçün özünə istirahət vermək qərarına gələcək və tərk etdiyi sahibini qarşısında görəcək. Gözlərini yayındırmağa çalışacaq və ciddi görkəm alacaq. Sahibinin dayanmadan ona baxdığını hiss eləyib kövrələcək, özünü saxlaya bilməyəcək, ipini ağzına alaraq gedib sahibinin qarşısında dayanacaq və onun gözlərinə baxacaq. Gözləri ilə ipi götürməyini və köhnə qanunların həyatında yenidən bərqərar olunmasını istəyəcək”.

Payız gələndən bəri qarşıma qızılı yarpaqlardan çox it və it mövzusu çıxıb. Deyəsən, payız mənim həyatımda "it fəsli”dir...