Maqazin 22:00 28.10.2014

İtinə toy eləyən Xalq Artisti: O niyə belə eləyir?

Azərbaycanın xalq artisti Səməd Səmədov itinə toy eləmək istəyir. 

Təbii ki, insan qanunları pozmursa, onun bəzi azadlıqları var: istəsən itinə doğum günü keçirərsən, istəsən pişiklərə konsert verərsən, isətəsən dinozavrların yasını tutarsan, bu sənin azadlığındı. Amma yazılmamış qanunlar da var. Cəmiyyətdəki ictimai qınaq insanı bunu etməkdən çəkindirir. Azərbaycanda müğənnilər, məşhurlar müxtəlif verilişlərdə, tədbirlərdə, mərasimlərdə ağızlarına gələni danışmağa bir növ vərdiş ediblər. Biz onların dilindən bir nomal cümlənin çıxdığını eşitmədik, nə bir kitabdan danışdılar, nə böyük mədəniyyətdən, nə incəsənətdən, nə romandan, nə bioqrafiyadan, nə tarixdən, nə də fəlsəfədən. Əvəzində gündəmə gəlmək üçün pişiklərə konsert verməkdən, itlərə toy eləməkdən danışdılar. Çünki başqa söhbət eləmək üçün onlarda sadəcə olaraq baza yoxdur, boşdurlar. Amma problem burasındadır ki, cəmiyyətdə ictimai qınaq olmadığından onlar da cəfəng danışıqlarından əl çəkmirlər. Hətta bu qədər məşhur adamların intellektdən, dünya görüşdən uzaq elə söhbətlərini eşidirsən ki, sadəcə deməyə söz tapmırsan. İkinci bir dərd ondadır ki, efirin qapıları taybatay üzlərinə açılmış bu adamlar özlərini hər cəhətdən azad hiss edirlər, hətta xalqa dərs keçməyi, necə yaşamağı, necə yeməyi, necə geyinməyi, necə qidalanmağı öyrətmək üçün özlərində hər cür səlahiyyət hiss edirlər. Təbii ki, günahın böyük hissəsi cəmiyyətdə və idarəçilikdədir. 

Əllərindən mahnı oxumaqdan, hoqqabazlıq etməkdən başqa heç nə gəlməyən, hər cür inttelektdən, dünyagörüşdən, savaddan məhrum olan bu adamlar dövlət tərəfindən təltif edilir, onlara fəxri adlar verilir. Əhali onları toylara, məclislərə çağırır, başlarından aşağı pul tökürlər, hədiyyələr verirlər. Onlar da mükafatlandırıldıqlarını görüb özlərində hər cür səlahiyyət hiss edirlər.

Elmə, təhsilə, həqiqi mədəniyyətə dəyər verilmir, əvəzində hoqqabazlar, manıslar, ağzından alov çıxaranlar, kəndirbazlar və bu qəbildən olanlar mükafatlandırılır. 

Azərbaycanın şou-biznes saytlarından birində belə bir xəbər gedib: Xalq artisti Səməd Səmədov itinə toy edəcək. O bu planını televiziya kanallarından birində səsləndirilib. 

Axşam.az saytı müğənnidən sitat gətirib: “Nadir Qafarzadənin iti ilə mənim itimi evləndirməliydik. Qohum olacaqdıq. Amma Əli Mirəliyev çıxıb danışdı ki, bu nə hərəkətdir? Biz də dayandırdıq. Gələcəkdə ola bilsin ki, yenidən toy edək”.

Nə demək olar, ictimai qınaq olmayan yerdə belə olur. Azərbaycanda minlərlə insan var ki, ömründə özünə ad günü keçirdə bilməyib. Diqqətdən, qayğıdan məhrum olmuş o qədər yoxsul balaca uşaqlar, yeniyetmələr, gənclər var ki, nəinki ad günü, heç normal gün keçirə bilmirlər. Həyatları ağır zəhmət, məhrumiyyət və kasıblıq içərisində keçir. Təhsil ala, keyfiyyətli iş tapa, ailələrinə, cəmiyyətə, dövlətə fayda verə bilmirlər. Sonda onlar gedib istənilən pis əməl törədə, cinayətkara, cəmiyyət üçün təhlükəli şəxsə çevrilə bilərlər. Elm, təhsil, mədəniyyət, diqqət olmayan yerdə bütün bunların baş verməsi normal haldır. Bunun da səbəbi məhz cəmiyyətdə balansın olmamasındadır. Bəzilərinə həddindən artıq azadlıq verilib, onlar layiq olmadıqları böyük pullar qazanır, kef çəkir, təkəbbürlü, özündənrazı həyat yaşayır, digərlərinin ağrılarını-acılarını, problemlərini görmürlər. Ağızlarına gələni danışır, üstəlik ağızlarına gələni danışdıqlarının da fərqinə varmırlar. Çünki bunu başa düşmək üçün də nə savad var, nə də cəmiyyətin ictimai qınağı. Başqa hər hansı normal ölkədə tanınmış sima belə açıqlama versə, orada elə bir ictimai qınaq baş qaldırar ki, həmin adam bir də cürət edib ağzından belə kəlmələr çıxarmaz. Bizdə isə edirlər, çünki bunun üçün hər cür şərait var...

Qaynar.info