Ölkə 21:30 17.01.2019

İtkin düşən azərbaycanlı gəmi kapitanının axtarışları dayandırıldı

Yanvarın 7-də Türkiyənin Samsun şəhəri yaxınlığında gəminin qəzaya uğraması nəticəsində itkin düşən Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları dayandırılıb.

Bu barədə Azvision.az -a Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Bildirilib ki, hər hansı bir xəbər gəldiyi təqdirdə müvafiq tədbirlər görüləcək. 

Qeyd edək ki, yanvarın 7-də saat 16:50-də Qara dənizdə Türkiyənin Samsun şəhəri yaxınlığında Panama bayrağı altında üzən "Volgabalt 214” gəmisi qəzaya uğrayıb. Gəminin ekipaj üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşı olub. 

Qəza zamanı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib, onun meyiti sudan çıxarılaraq təhvil verilib. Digər Azərbaycan vətəndaşı - gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunu tapmaq mümkün olmayıb.