Xəbər verdiyimiz kimi, 2018-ci ilin yanvar ayından etibarən Azərbaycana idxal edilən qəzet kağızı idxal gömrük rüsumundan tam azad ediləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
 
Hazırda qüvvədə olan "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən rulonlarda və ya vərəq şəklində ölkəyə gətirilən qəzet kağızına 0,50 faiz gömrük rüsumu tətbiq edilir. Gələn il yanvarın 1-dən bu növ qəzet kağızına idxal gömrük rüsumu tətbiq olunmayacaq. Yarımsellülozdan və saman kütləsindən büzmə üçün kağız da 0,50 faizlik idxal gömrük rüsumundan azad olunub.
 
Rulonlarda və ya istənilən ölçülü düzbucaqlı (kvadrat da daxil olmaqla) vərəqlərdə, yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton, deşilməmiş kartlar və deşilməmiş kağız lentlər, əllə tökülmüş kağız və karton üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Bəs bu qərar qəzetlərin fəaliyyətinə necə təsir göstərəcək? İdxal gömrük rüsumun ləğv edilməsi nəşdiyyat xərclərinin azalmasına səbəb olacaq?

Bu suallarla bir neçə qəzetin rəhbərliyinə müraciət edib münasibət öyrəndik. 

"Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bu qərarı müsbət qiymətləndirdiyini bildirdi: 

"Düşünürəm ki, möhtərəm prezidentimizin bu qərarı verməkdə məqsədi nəşriyyatların maddi çətinliyinə nisbətən təsir göstərmək olub. Və təbii ki, rüsumun götürülməsi ilə nəşriyyat xərcləri müəyyən dərəcədə minimuma endiriləcək”.

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qərarın çap xərclərinə təsir edəcəyini düşünür: 

"2015-ci ildə qəbul olunan ƏDV ilə nəşriyyatların maddi vəziyyəti xeyli çətinləşmişdi. Nəzərə alsaq ki, ƏDV-nin ardından da 2 dəfə devalvasiya olub. Yəqin ki, fəaliyyətimizin nə dərəcədə gerilədiyini təsəvvür etmək çətin deyil. Amma verilən bu qərarla müsbət dəyişikliklərin olacağı gözlənilir. Çap xərcləri yəqin ki, hiss olunacaq dərəcədə aşağı düşəcək”. 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı qəbul olunan qərarın qəzetlərin fəaliyyətinə müsbət təsir edəcəyini bildirdi: 

"Özəl mətbəələrin çap xərcləri ilə bağlı fikir söyləyə bilmərəm. Bizim qəzetimiz dövlət mətbəəsində, Azərbaycan Nəşriyyatında çap olunur. Bizdə çap xərcləri kağız xərclərindən tamamilə ayrıdır. Əlbəttə ki, ölkəyə idxal olunan kağızın gömrük rüsumundan azad olunması çap mətbəəsi üçün çox təqdirə layiq bir haldır. Çünki tətbiq olunan ƏDV qəzetlərin tirajına mənfi təsir göstərirdi, çap xərclərinin artımına gətirib çıxarmışdı. Düşünürəm ki, atılan addım Azərbaycanda klassik mətbuatının yaşaması üçün çox gərəkli bir addımdır. Hətta onu da bildirim ki, 2 il əvvəl biz özümüz bir neçə qəzet redaktoru ƏDV-nin ləğv edilməsi üçün cənab prezidentə müraciət etmişdik. Və indi belə bir qərarın verilməsi çox müsbət haldır”.

"Yeni Müsavat” qəzetinin direktoru Ələsgər Süleymanovun isə fikirləri həmkarlarının fikirlərinə tam zidd oldu: 

"Biləsiniz ki, bu bizim uğrunda mübarizə apardığımız işin nəticəsi deyil. Biz çalışırdıq ki, ƏDV aradan qaldırılsın. Verilən qərarla isə yalnız rüsum ləğv olunub. Bu da maya dəyərinin üzərinə gələn 18% ƏDV-nin 0,5%-dir. Bu isə çox kiçik bir məbləğdir və çap xərclərinə heç bir təsir göstərə bilməz. Biz də xəbəri eşidəndə düşündük ki, bu ƏDV-nin ləğvidir. Lakin sonra gördük ki, sadəcə idxal rüsumundan azad olunmadır. Bu da 1 tonda 54 sent fərq deməkdir ki, onun da qiymətlərə heç bir müsbət təsiri ola bilməz. 2000-ci ildə qəzet kağızı ƏDV-dən azad olunan mallar siyahısında idi. Lakin 2016-cı il yanvarın 1-dən yenidən qəzet kağızlarına ƏDV tətbiq edildi. Təbii ki, biz bundan sonra da çalışacayıq ki, istəyimizə nail olaq. Parlamentdə də bununla bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışlar edib. Dediyim kimi, ümid edirəm yaxın vaxtda ƏDV-nin də ləğvinə nail olacayıq”. 

Nərmin Həsənli