Foto 19:35 21.04.2019

Kamal Kılıçdaroğluna hücum edənlərin kimliyi müəyyənləşdi (FOTO/VİDEO)

Türkiyənin paytaxtı Ankarada şəhidin dəfn mərasimi zamanı hücuma məruz qalan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun səhhəti normaldır.

Qaynarinfo xəbər verir ki, olaydan sonra təhlükəsizlik məqsədi ilə hadisə yerinə yaxın bir evə aparılan müxalifət lideri zirehli maşınla hadisə yerindən çıxarılaraq partiyanın baş ofisinə aparılıb.

Ankara Prokurorluğu Kılıçdaroğluna hücumla bağlı "terror və mütəşəkkil cinayətkarlıq" ittihamı ilə cinayət işi açıb. Artıq hücum edənlərdən 6-sının kimliyi müəyyənləşib, həbslərinə qərar verilib.

Ankara vəliliyi olayla bağlı açıqlama verib: "Çubuk kəndində şəhidin dəfn mərasimi zamanı CHP sədri Kamal Kılıçdaroğluna yönəlmiş hücumun qarşısının alınması üçün lazımi təhlükəsizlik tədbirləri görülüb, olayla bağlı hüquqi prosedur başladılıb".

Ankara valisi Vasip Şahin NTV-yə açıqlamasında "Təhlükəsizlik tədbirləri görülüb. Hər hansı təhlükəsizlik problemi yoxdur. Olayla bağlı lazımi prosedurlar başladılıb. Əməkdaşlarımız Kılıçdaroğlu ilə əlaqə saxlayır".

Bu arada CHP fövqəladə toplantı qərarı verib. Bütün partiya rəsmiləri və millət vəkilləri Ankaraya çağırılıb.

Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın olayla bağlı açıqlama verib: "Kamal Kılıçdaroğluna edilən çirkin hücumu qınayır, keçmiş olsun deyirəm. Lazımi hüququ prosedurlar başladılıb. Kimsənin hüququn xaricinə çıxmasına icazə verilməyəcək".

Daxili işlər naziri Süleyman Soylu da olayla bağlı açıqlama verərək baş verən hadisənin qəbul edilməyəcəyini və araşdırılacağını bildirib: "Şəhid dəfnində belə bir hadisənin qəbul edilməsi əlbətdə mümkün deyil. Keçmiş olsun".

Ədliyyə naziri Abdulhəmid Gül "Twitter" hesabından "Kamal Kılıçdaroğluna yönəlmiş mənfur hücumu qınayır, keçmiş olsun deyirəm. Şiddətin heç bir formasının demokratik siyasətə kölgə salmasına icazə verməyəcəyik" yazıb.

İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da olayla bağlı danışıb: "Təəssüf ki, bu gün belə bir olay baş verdi. Şükür ki, Kamal bəy yaxşıdır. Bu hərəkəti edənlər təlimat almış şəxslərdir. Mənim vətəndaşım belə bir hərəkət etməz. Fikri, mövqeyi nə olursa-olsun, etməz. Görəcəksiniz, bu dəfə sevgi, hörmət qazanacaq. Yurdda sülh, cahanda sülh".
 
Kamal Kılıçdaroğlu özü də açıqlama verib. Ankarada CHP-nin binası önündə toplaşan partiya üzvləri qarşısında çıxış edən müxalifət lideri baş verən olayı Türkiyənin birliyinə hücum kimi dəyərləndirib. Eyni zamanda hadisənin Çubuk rayon sakinləri ilə bir əlaqəsi olmadığını, ona hücum edənlərin kənardan gələn insanlar olduğunu söyləyib. 

Kamal Kılıçdaroğlu baş verən olay zamanı əslində şəhidə və onun ailəsinə hörmətsizlik edildiyini, şəhid üçün doğru-düzgün dua oxunmasına, namaz qılınmasına imkan verilmədiyini vurğulayıb: "Mənim şəhidlərin dəfn mərasiminə getməyimi istəmirlər. Ancaq mən şəhidlərin dəfn mərasiminə gedəcəm”.