Kanadaya getmək istəyənlər, diqqət: Orada kimə ehtiyac var?

Kanadaya getmək istəyənlər, diqqət: Orada kimə ehtiyac var?

Könül Qurbanova: "Dövlət orqanlarına, iş müsahibələrinə ətirlənib getmək olmaz"

Kanada, ərazisinin böyüklüyünə görə dünyada ikinci ölkədir və bu ölkədə cəmi 38 milyona yaxın insan yaşayır. Ərazisinin böyüklüyünə görə ikinci yerdə olan ölkə, əhalisinin sayına görə dünyada 39-cu yerdədir. Məhz buna görə Kanada hər il minlərlə miqranta qucaq açır. Miqrantların sözügedən ölkəyə axınına baxmayaraq, yenə də işəgötürənlər işçi sarıdan "qıtlıq" çəkirlər. Həmsöhbətimiz İşləyən Qadınların İcma Mərkəzində (Working Women Community Center) Sağlıq və Təhlükəsizlik Departamentinin meneceri, İş və məşğulluq üzrə  müşavir Könül Qurbanovadır. K.Qurbanova ilə Kanadada işəgötürənlərin tələbləri, hansı sahələrdə vakansiyanın çox olması, iş müsahibəsi, ikinci karyera və s. barədə danışdıq.

Müsahibimiz eyni zamanda Azəbaycan Qadınlarına Dəstək Mərkəzinin Direktorlar Şurasının İdarə Heyətinin üzvüdür.

- Kanadada, konkret olaraq Ontario vilayətində hansı ixtisas sahiblərinə, peşə adamlarına böyük tələbat var?
- Kompyuter, texnologiya, mühasibat, maliyyə, sənaye sferasında işləyənlərə və tibb işçilərinə, eyni zamanda fiziki güc tələb edən işlərdə, xüsusilə tikintidə fəhlə qüvvəsinə ehtiyac var.

- Fiziki güc tələb edən işlər deyəndə yalnız fəhlələrimi, ya müxtəlif peşə sahiblərini, ustaları da nəzərdə tutursunuz?
- Hər ikisini nəzərdə tuturam. Elektrik, bənna, malakeş, qaynaqçı, santexnik, ev təmir edənlərə, mebel ustalarına tələbat çoxdur. Sözügedən peşə sahibləri burada çox rahatlıqla iş tapa bilərlər. Bu peşələr tikinti sahəsi ilə əlaqədardır. Ərazisinin böyüklüyünə görə dünyada ikinci yerdə dayanan Kanadada 37.5 milyon insan yaşayır.Cəmi 151 yaşı olan bir ölkənin torpağı demək olar, boşdur. Buna görə də ölkənin harasına baxırsansa, böyük sürətlə tikinti işləri gedir. Kanadada ən böyük vilayət Ontariodur və ən çox miqrant buraya üz tutur. Birincisi, Ontarioda ingilis dili üstünlük təşkil edir. Qvebek vilayətdində isə əsasən fransız dilində danışılır. Düzdür, Alberta da, Britaniya Kolumbiyası da ingilis dillidir. Alberta soyuq olduğundan, orada əhali azdır, Britaniya Kolumbiyasının iqlimi mülayim olduğundan əhalisi çoxdur. Amma Kanada vilayətləri arasında ən böyük inkişaf Ontarioda olduğundan buraya axın çoxdur. Saskaçevan, Alberta və ya Manitobada Ekspress Giriş (Express Entry) proqramına müraciət edənlər nə qədər tez bir zamanda keçirlərsə, Ontarioda bir o qədər gec cavab alırlar. Çünki dediyim kimi, Ontarioya böyük axın var. Hətta Ekspres Giriş proqramıyla başqa vilayətlərə gələnlər də 3-6 aydan sonra Ontarioya üz tuturlar. Nəticədə digər vilayətlərdə böyümə, inkişaf ləng gedir. Amma onu da qeyd edim ki, Albertanın gözəl təbiəti bəlkə heç bir vilayətdə yoxdur. Kanada və Amerika kinolarının yarısı gözəl təbiətinə görə Alberta və Britaniya Kolumbiyasında çəkilib.

- Kanadada işçi qüvvəsinə tələbat olan sahələrdən danışdınız. İşi peşəkarcasına bacarmaq buraya gəlib iş tapmaq üçün yetərlidirmi?
- Qohumlar, tanışlar da bu suallarla mənə çox müraciət edir, hansı yolla gələ biləcəklərini soruşurlar. Onlara birinci sualım bu olur ki, ingilis dilini nə qədər gözəl bilirsiniz? Dili bilmək vacibdir, üstünlükdür, bir addım öndə olmaq deməkdir. Dili bilmirsinizsə, istər akademik, istər professor, istər Azərbaycanda hansısa böyük bir şirkətdə direktor işləyin, gəlməyinizə ehtiyac yoxdur. Çünki ya çörək, şirniyyat fabrikində işə başlayacaqsınız, ya tikintidə, ya da mağazada... Axı dili başa düşmürsünüzsə, bu, sizi direktor vəzifəsinə necə götürə bilər? Mən idealistcəsinə deyil, reallıqdan çıxış edib danışıram. Dili bilirəm deyib, Kanadaya üz tutursan, burada söz soruşurlar, dayanıb baxırsan və düşünürsən ki, mənim ingilis dilim hanı...

Mən Xarici Dillər Universitetinin İngilis-fransız dili fakültəsini çox yaxşı qiymətlərlə bir manat da rüşvət vermədən qurtarmışam. Amma etiraf edim ki, Kanadaya gələndə ilk vaxtlar əziyyət çəkdim. Çünki Britaniya ingiliscəsini öyrənmişdim. Üstəlik, universiteti bitirəndən sonra ingilis dilimi istifadə etməmişdim. Buraya gələndə aldığım təhsil mənim üçün yetərli olmadı. Gələn kimi TOEFL dərsləri götürdüm. 8-9 aya dili daha da təkmilləşdirdim və George Brown Kollecinə qəbul oldum.

Dildən başqa, işə başlamaq istəyənlərdən Kanada təcrübəsi tələb olunur. Yaxşı işdə çalışmaq istəyirsinizsə, könüllü əsaslarla da olsa, işləyib təcrübə qazanmağınız tövsiyə edilir. Kanadada iş təcrübəsi olmayanların iş tapması bir az çətindir. Amma fiziki güc tələb edilən işlərdə yerli təcrübə istənilmir, işi bacarırsınızsa, ingiliscəniz varsa, iş tapacaqsınız.

- Dediniz, ilk növbədə ingilis dilini bilmək lazımdır. İkincisi, Kanada təcrübəsi olmalıdır. O zaman Azərbaycanda hansı vəzifədə çalışmasından asılı olmayaraq, buraya gələnlər ya könüllü kimi işləməli, ya da "aşağı" vəzifələrdən başlayıb təcrübə qazanmalıdır?
- Bəli, bir müddət aşağı vəzifədə çalışırlar, təcrübə qazana-qazana  paralel özlərinə uyğun iş axtarırlar. Bu təcrübə 1 ay da, 1 il də ola bilər.

- Kompyuter, texnologiya, mühasibat, maliyyə, sənaye sferasında işləyənlərə və tibb işçilərinə çox böyük tələbat olduğunu vurğuladınız. Sözügedən sahələrdə çalışmaq üçün Azərbaycan diplomu yetərlidirmi?
- Tibb sahəsi tamam fərqlidir. İstər tibb bacısı, istər həkim olsun, burada oxuyub lisenziya və ya sertifikat almasa, tibb sahəsində işləməsi mümkün deyil. Amma sadaladığım digər sahələrdə dil səviyyəsi və təcrübə yetərlidirsə, Azərbaycan diplomunu Kanadanın müvafiq dövlət qurumunda tanıtdırıb çalışa bilərsən. Yaxud  buraya gəlib  hansısa kollecdə 3-6 aylıq sertifikat proqramı götürüb rezyumenə (CV) daxil edib iş axtarmaq daha uğurlu alınar.

- Könül xanım, hansı halda Kanada şirkətləri xaricdən işçi ala bilər? Azərbaycandakı həmyerlilərimiz sosial şəbəkələrdə tez-tez Kanadadan iş dəvəti aldıqlarını yazır və bunun reallığa nə qədər uyğun olub olmadığını soruşurlar. Onlar necə bilsinlər ki, onları işə dəvət edən hansısa işbaz deyil, həqiqətən şirkət yetkilisidir?
- Xaricdən işçi dəvət edən şirkətlərin tarixçəsi olmalıdır; neçə ildir fəaliyyət göstərir, dövlətə hər il nə qədər vergi ödəyir, neçə işçisi var və s. Yalnız bundan sonra həmin şirkətin direktoru, yaxud İnsan resursları üzrə menecerinin imzasıyla Azərbaycandan kimsə 1 illikmi, 10 illikmi müqaviləylə işçi kimi Kanadaya dəvət edilə bilər. Kanadadan iş dəvəti alan adam həmin şirkətin adını İnternetdə axtarışa verməldir, şirkətin saytı, saytında fəaliyyəti barədə hərtərəfli məlumat olmalıdır. Əks halda təklif saxtadır və inanmağına, pul tökməyinə dəyməz.

- Kanadanın miqrantlar üçün hansı işəgötrümə proqramları var?
- Kanadada immiqrantların müxtəlif işəgötürmə proqramları var və bu, hər bir vilayət üçün fərqlidir. Məsələn, "Live in Caregivers" (Dayə kimi yaşamaq) proqramı filippinlilər, ispandillilər, müxtəlif postsovet ölkələri, məsələn, ukraynalılar, ruslar üçün keçərlidir. Onlar bu proqramla Kanadaya iş dəvəti alıb yaşlıların, uşaqların qayğısına qalırlar. İşə dəvət edən insanın evində müqavilə ilə həm yaşayır, həm maaş alırlar. 1-1.5 il işlədikdən sonra daimi vətəndaşlığa (PR) müraciət edirlər. PR alan kimi ailələrini də Kanadaya gətirmək haqqı qazanırlar.

- Bildiyimə görə, azərbaycanlı miqrantlar üçün sözügedən proqramlar keçərli deyil. Ekspress Giriş (Express Entry) proqramından başqa həmyerlilərimizin qanuni şəkildə Kanadaya gəlib işləməsinə şərait yaradan proqramlar varmı?
- Hələ ki elə bir proqramla rastlaşmamışam. Dost-tanış mənə "necə gələk?" sualını verəndə Ekspress Giriş proqramını məsləhət görürəm. Deyirəm, 2-3 il Azərbaycanda oturub gözləyin, taki buraya gələndə elə hava limanındaca yaşama haqqını verən qanuni sənədlərinizi alın. Amma bir daha vurğulamaq istəyirəm ki, ingilis dilini öyrənmədən gəlməyin. İstəmirəm, millətimin nümayəndələri buraya gəlib əziyyət çəksinlər. Nə qədər adamın əziyyət çəkdiyinin, dili bilmədiyinə görə stres keçirdiyinin şahidiyəm.

- Bir az da Milli Peşə Klassifikasiyasından (NOC -Nationa Occupitional classification) danışardıq. Kanadada yaşayan həmyerlilərimiz NOC-dan necə yararlana bilərlər?
- NOC Kanada peşə sisteminin təsviri, izahıdır. Google axtarış sistemində NOC yazın və səhifəyə daxil olandan sonra orada maraqlandığınız peşənin adını qeyd edin. Həmin peşənin müxtəlif sahələri, kodları çıxır. Məsələn, sosial yazanda sosial işçi, sosial icma işçisi və s. kimi peşələr çıxır. Peşənin kodunu götürüb google axtarış sisteminə qoyanda, həmin peşə üçün hansı məktəbə getmək, hansı sertifikatı, diplomu almaq, o peşənin başlanğıc, orta, ən yüksək maaşı, peşə sahiblərinin hansı qurumlarda çalışdığı və s. barədə hər şey göstərilir. Bununla da maraqlandığınız peşə haqqında hərtərəfli məlumat əldə edib həmin  fikirlərinizə aydınlıq gətirə bilərsiniz. 

 - Könül xanım, ikinci karyera nədir və bu, kimlər üçün keçərlidir?
- Bu, Kanadada yaşayanlar üçün keçərlidir. Bilirsiniz ki, işçilər hər ay maaşlarından işçi sığortası ödəyirlər. Əgər kimsə işdə ixtisara düşürsə, yaxud şirkətin bağlanması səbəbindən işsiz qalırsa, 9-11 ay ərzində sığorta şirkəti ona pul ödəyir. Bu sığortanı aldıqdan sonrakı 3 il ərzində həmin adam Kanada Xidmətinə (Service Canada) müraciət edib 1 il, 2 il əvvəl sözügedın iş sığortasını aldığını və iş axtardığını, amma tapa bilmədiyini, iş tapmaq üçün başqa bir peşəyə yiyələnmək istədiyini deyir. Həmin peşə təhsili haqqında bütün məlumatları, təhsil haqqı, kitablara nə qədər pul xərcləyəcəyi, yol pulu, subay, yaxud ailəli olduğu, illik gəlir vergisi, axtardığı işlərin e-maillərini və s. bir sıra məlumatları toplayıb Kanada Xidmətinə göndərir. Kanada Xidməti 2-4 həftə ərzində vətəndaşın yazdıqlarını araşdırır və onların kriteriyalarına uyğun gəlirsə, müraciətçinin oxuması üçün gələcəkdə qaytarmamaq şərtilə pul ayırır. Təhsil haqqından tutmuş, gündəlik xərclərinə qədər hər şey dövlətin ayırdığı pula daxildir. Bu, ikinci karyera adlanır.

- Vakansiyaya müraciət edəndə işəgötürən tərəfindən əsasən hansı tələblər irəli sürülür?
- Birincisi, qabiliyyət tələb olunur. İkincisi, həmin ixtisas üzrə heç olmasa sertifikatının olması üstünlükdür. Üçüncüsü və ən vacibi isə təcrübənin olmasıdır. Təcrübədən, xüsusilə Kanada təcrübəsindən çox şey asılıdır. Bəlkə də o biri vilayətlərdə istədiyin işi tapmaq və iş müsahibəsindən keçmək daha rahatdır. Amma Ontarioda rəqabət böyük olduğundan çox ciddi müsahibələrdən keçməlisən. Əgər yüksək vəzifələrə müraciət edirsənsə, bakalavr, magistratura təhsili də tələb edilir.
                         
- Maraqlıdır ki, burada magistratura təhsilinə xüsusi önəm verirlər...
- Bəli, əgər vəzifəndə yüksəlmək iddian varsa, magistratura diplomunun olması şərtdir.

- İşə qəbul olmaq üçün yaxşı CV (rezyume) hazırlamaq vacibdir. Azərbaycandan gələn dostlarımızın bir çoxu hazırladıqları CV-ni dəfələrlə müxtəlif şirkətlərə göndəriblər və heç bir cavab almayıblar. Sonradan bəlli olub ki, rezyumeləri tələblərə cavab vermir. Rezyumedə hansı məlumatlar öz əksini tapmalıdır, nələri qeyd etməyə ehtiyac yoxdur?  
-  Azərbaycan və Kanadada rezyumelər arasında çox fərq var. Kanadada rezyumenin üzərində mütləq Müşayiət Məktubu (Cover Letter) olmalıdır. Rezyumedə şəkil qoyulmamalıdır. Doğum tarixin, anadan olduğun yer, irqin, cinsin  qeyd edilməməlidir. Müraciət etdiyin vəzifə üzrə qabiliyyətin, bacarıqların göstərilməli, işlədiyin yerlər, vəzifələr, gördüyün işlər yazılmalıdır. Axırda təhsilin gəlir. Nə qədər sertifikatın, diplomun varsa, əlavə etməlisən.
Müşayiət Məktubunda isə bu vəzifədə nə üçün çalışmaq istədiyini və çalışacağın halda işə nə dərəcədə yararlı olacağını yazmalısan.

- Bir az da iş müsahibəsinə hazırlıqdan danışardınız. İş müsahibəsində əsasən hansı suallar verilir?
- İlk növbədə özünü necə xarakterizə etməyinə önəm verilir. Təcrübən, təhsilin, nə üçün bu şirkətdə çalışmaq istədiyin, bu şirkətə nələr verə biləcəyin, əvvəlki işindən niyə ayrılmağın, həmkarlarınla necə işləməyin, onlara hansı köməyinin dəydiyi, çətin vəziyyətlərdən necə çıxdığın  barədə suallar olur.

- İş müsahibəsi zamanı geyim necə olmalıdır?
- Çox formal, sadə olmalıdır. Xanımlar kostmetikadan minimum istifadə etməli, saçlar arxaya yığılmalı, ağ köynək, şalvar, yaxud ətək, fəsildən asılı olaraq pencək geyinməlidirlər. Kişilər də şalvar, ağ köynək və pencəklə müsahibəyə getməlidirlər.

- Deyəsən, müsahibəyə ətirlənib getmək olmaz...
- Bəli, burada nəinki müsahibəyə, hətta dövlət orqanlarına, özəl müəssisələrin çoxuna ətirlənib getmək olmaz. Çünki ətirə qarşı allergiyalı insanlar ola bilər.

- Siz həm də Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin Direktorlar Şurasının İdarə Heyətinin üzvüsünüz. Sonda istərdim buradakı fəaliyyətinizdən danışardınız. Azərbaycanlı xanımlar üçün hansı işləri görürsünüz?
- Hər ay müxtəlif mövzularda seminarlar keçirir, görüşlər təşkil edirik, müxtəlif məsələlərdə bir-birimizə dəstək oluruq. Xanımlarımız çox fəaldırlar, gəlib iştirak edir, suallar verirlər. Mən öz tərəfimdən xanımlarımıza Kanadada yerləşmə və işlə bağlı yardım edirəm.
Onu da qeyd edim ki, Azərbaycan xanımları Kanadada fəaldırlar, amma onları daha da fəal görmək istəyirik. Maliyyə sahəsində, dövlət işlərində, texnologiya, biznes sahəsində çalışan xaımlarımız kifayət qədərdir. Azərbaycan Qadınlarına Dəstək Mərkəzinin də məqsədi xanımlarımızı  bir yerə toplayıb bir-birimizə əlimizdən gələn köməyi etməkdir.

Lalə Musaqızı

XƏBƏRLƏR
BLOGLAR