Lalə Niftalıyeva

"Azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm,
Bu gənc yaşımda" 

Səxavət Məmmədov gözəl ifa edir, amma anamın səsində olan azadlıq yanğısı bu mahnını daha doğmalaşdırır. Nə gənclik yaşayıb, nə qocalığını yaşaya bilir. Hər dəfə bir "ah" çəkib, daha səsim əvvəlki kimi deyil, deyər. Məni danlayır, sonra da deyır ki, sən özümə oxşamısan. Mən də istəyirdim, oxuyum. Elə o an gözlərində 17 yaşlı qıvırm saçlı, arıq, həyat dolu bir qızın istəkləri əks olunur. Sevgiylə hekayəsini danışmağa başlayır. 6 uşaqlı bir ailədə böyüyüb, ən pisi də evin böyük qızı olmağıdır. Özündən balaca bacı-qardaşının yükü bir yandan, tütün yığmaq dərdi də bir yandan. Deyir bütün "bu yüklərdən məni xilas edən tək sevgim şeir və musiqi idi". Elə rayonlar arası keçirilən səs müsabiqəsində də birinci yerə çıxıb, Bakıya dəvət alıb. Bundan daha yaxşısı isə Bakı Dövlət Universiteinin Filologiya fakültəsinə qəbul olmağı olub. Deyir müsabiqənin təşkilatçısı cavan oğlan idi. Dedi "sən avtobusa min gəl, Bakıya. Bu səsi heyif etmə". Təsadüfə bax ki, atam da o boyda tütün plantasiyasında bir anama aşiq olub. Sonralar zarafat qarşışıq ciddiyətlə "Səni 100 qızın içindən seçmişəm", deyərdi. Seçməz olaydın, ay ata. 

Onu deyirəm axı, atam elçi göndərib, anamın cavabını dinləmədən barmağına üzyü taxıblar. Axı evin böyük qızıdır, əsas olan ərdir. Ailənin namusudur. Yazıq anam, 17 yaşlı səsini, həvəsini yığıb boxçasına qaçmaq planları qurub. Avtovağzala qədər qaçmağı bacarıb. İndi də həyat məqsədinin nə olduğu bəlli olmayan, cavanlğını Rusiyada keçirib, qocaldıqdan sonra burdakı ailəsinin yanına qayıdan həmin o dayım, namus bayrağını alıb əlinə, nənəmi də salıb yanına qaça-qaça gəliblər anamın arxasınca. Yazıq anam... Deyir 5 dəqiqə gec gəsəydilər, avtobus yola düşəcəkdi. Sonra yenə bir "ah" çəkib, hər şeyi atır qismətin üstünə. Yazıq qismət.. Nənəm anamın gur, qıvrım saçlarını, həlim səsini də əlinə dolayıb evə qədər eləcə sürüyüb. Sonra hirsi soyumayıb, evdə də döyüb. Bəs anamın gələcəyi yaxşı olsa, namusları ləkələnərdi axı. Amma sizə bir sirr verim, anam qaçmağı bacarıb, məşhur müğənni olsa və daha da dəqiq deyim yaxşı pulu olsa, onun namusu heç kimin vecinə olası deyildi. Bilirəm axı, xalam qoşulub qaçanda, nənəm ona məktub yazmışdı, özüm oxumuşam həmin məktubu. Kor olası gözlərimlə. Yazırdı ki, sən artıq bizim övladımız deyilsən. Qarğışın biri də bir köpükdən. Sonra xalam sandıqdan o biri məktubu da oxutdurdu mənə. Bu ikinci məktub xalanın maddi durumu düzələndən sonra yazılmışdı. Nənəm deyirdi ki, ay qızım, mənə "norka papaq" yolla. Bir də pul istəyirdilər. Xalam indi də onlara pul göndərir. Elə ki, pulun ayağı kəsilir, xalamın da namusu yerlə bir olur. Hə biz tərəflərdə belə olur. Bu bir başqa dərd idi, gəlib qarışdı bu söhbətin içinə. 

Anam deyir ki, "məni verdilər ərə, məcbur getdim. Deyir əminin bir gitarası var idi. Yaxşı ki, əmin var idi. Yoxsa, qubardan ölərdim. Elə ki, qaynanası ilə həyat yoldaşı iş dalınca gedirdi, əmin başlayırdı gitarda ifa etməyə, mən də oxuyurdum. Neyniyim, uşaq idim o vaxtlar", deyir.

Bu hekayə anamın 17 yaşının hekayəsidir. İndi isə onun 63 yaşı var. O hələ də məndən az böyüyüb. O hələ də zümzümə edir...

"Mən azad bir quşdum,
Yuvamdan uçdum.
Bir bağa düşdüm,
Bu gənc yaşımda"...