Lalə Niftaliyeva

Salam. Bizim rayondan danışacam bir az. Mən İsmayıllının Mican kəndində yerləşən bir evdə 18 il ömür sürmüşəm. Burda heç kim Vivaldi, Mozart, Beethoven, Pink Floyd, Elvis Presley,  Mohsen Namjoo, Pallet və siyahını nə qədər istəyirsiniz davam etdirək, amma onları dinləmir və tanımırlar. Onlar Ceyms Coys, Tolstoy, Dostoyevski, Aleksandr Soljenits, Kamyu oxumur. Burda günlərin hamsı eyniləşib və heç kim bunun fərqində deyil, bəzən nəyinsə düz getmədiyinin fərqinə varırlar. O zaman bu gedişatdan şikayətnamə ilə xilas olurlar. 

Bir dəfə mənə yaxın olan insanlardan biri demişdi ki, "rayonda yaşamaq dəhşətlidir. Nə kənd deyil, nə şəhər. Qalıb iksinin arasında, bilmir hansı tərəfə inkişaf etsin". Deyilənə görə, 9 iqlimdən 7-si İsmayıllının payına düşür. Amma bu iqlimlərin heç biri bizim beynimizi qidalandıra bilməyib. Heç vaxt da qidalandırmayacaq. Çünki biz azadlığın adına sırıdığımız hər şeyi gizlin yaşamağa öyrəşmişik.

Bu dəfə rayona axşam saatlarında çatdım. Rayon balaca sayılmaz və mərkəzi küçələrdə istirahət üçün nəzərdə tutulmuş çox gözəl parklar var. Amma bir dənə də çay və ya qəhvə içib bu gözəlliyi izləmək üçün kafe yoxdur. Hələ axşam saatlarında çayxanadan qayıdan və ora üz tutan kişi cinsinin nümayəndələrindən başqa gözə heç kim dəymir. Amma bu o demək deyil ki, bizim insanlar istirahət etmir, kafe və restoranlara getmir. Gedir, həm də səndən, məndən daha çox gedir. Onlar azadlıq saydıqları hər şeyi restoran "kabinet"lərinə sığışdırır. Rayonda böyüyən gənclər üçün bir neçə mühüm "namus" qaydaları var. Mən sizə hamsını yox, daha vacib olanını deyəcəm. Qız uşaqlarının qızlıq pərdəsi toy gecəsinə sağlam şəkildə çatmalıdır. Kişilər üçün isə heç bir qadağa yoxdur.

Rayonlarda gecə həyatı valideynlər yatdıqdan sonra başlayır. İki gəncin bir-birinə gözü düşübsə, onlar görüşmək üçün havanın qaralmağını gözləyir. Sonra bu gənc qızla görüşüb, onun əllərindən tutmaq, ona öz sevgi sözlərini çatdırmaq istəyirsə, o zaman böyük divarlar aşmağa, itlərin yanından gözəgörünməz olub keçməyə məcburdur. Həmçinin də qız öz başı bahasına bu oğlanla görüşə gəlir. Bu gənclər nişanlanana kimi əl-ələ küçədə gəzmək necə olur deyə, bilməyəcəklər. Hətta özləri bu cür mənzərə ilə qarşılaşsalar, içlərində "Ay aman, bu camaat hara gedir"? deyə, düşünəcəklər. Bəlkə, gəzsələr anlayarlar ki, yaşaqdıqları heç də sevgi deyil. Daha sonra nişan, toy statusları altında bir-birini aldadan, nifrət edən iki insana dönüşməzlər. Bu gecə həyatının saf halıdır. Çünki paytaxt və böyük şəhərlərdə artıq gənclər bunu aşa bilib. Bir yerdə zaman keçirməyi öyrəniblər.

Məsələn, şəhərdə gənclər artıq rahat şəkildə içki içir, rəqs edir, öz istədikləri həyatı heç kimə mane olmadan və gizlətmədən rahat yaşayır. Rayonda da bu cür əyləncəli gecə həyatı mövcuddur. Onlar jazz, rok və ya başqa musiqiləri dinləməsələr də, Pərviz Bülbülə və Damlanın musiqiləri altında dincələ bilirlər. Rayondan kənarda yerləşən "kabinet"li restoranlar gənclərə bu şəraiti yaradır. Onlar da orda özləri olmağa can atır. Maraqlı olan bunlar deyil, bunlardan daha maraqlısı bilirsinizmi nədi? Həmin bu gənclərin rahat həyatıma görə mənə vermədikləri ad qalmayıb. 

Əgər bir az diqqətli olsaq, əyləncənin kökü gedib içki, musiqi, qadın (kişi) olan bir süfrədə bitir. Bu intellektual gənclər üçün də, bizim rayonda yaşayan gənclər üçün də belədir. Fərq o insanların dünya görüşündə olduğu üçün... Gizlədənlər gizlətməyənləri qınamaqla məşğuldur. Çünki bu artıq bir ritualdır. Günlük həyatlarının müəyyən saatlarını qonşu, qohum və tanımadıqları insanların həyatlarını müzakirə etməyə həsr edilən ritual...

Anamla bazara getmişdim alış-verişə. Yolumuz mənim keçmişlərdə tanıdığım alverçinin yanına düşdü. Ona gənc deyərdim, amma dilim gəlmir. Çünki adamın yaşı 30-a çatmayıb, amma 40-dan yuxarı yaş vermək olar. Rayonda gənclərin gördükləri iki iş var. Taksi sürücüsü və bazarda alverlə məşğul olmaq. Bəhs etdiyim adam da bazarda alverlə məşğuldur. Onun yanından keçəndə, anam dedi ki, "Sən başını keçəl edəndən sonra, hər burdan keçəndə, oğlanlar başlayır məni məsxərəyə qoyub gülməyə". Məni gülmək tutdu. Başqa vaxt olsa, elə anamın yanında ora qayıdıb, onu üzr istəməyə məcbur edərdim. Amma bu dəfə içimdə üzüntülü bir gülüş baş qaldırdı. Ümumiyyətlə, hər dəfə rayona gedib qayıdandan sonra anlayıram ki, dəlixanada yaşayıram. Burda hər kəs psixopatdır və hər an bu dəlilərin hücumuna məruz qalmaq olar. Əsas olan bilirsiniz nədir? Bu xəstəlikdən və ya bu dəlixanadan qurtulmağın yollarını tapmaq.