Dünya 21:36 12.08.2018

Keçmiş komediya aktyoru baş nazir ola bilər

İyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərindən sonra hökumətin hansı siyasi qüvvə tərəfindən təşkil olunacağı müəyyənləşmək üzrədir.

Qaynarinfo AZƏRTAC-a istinadla xəbər verir ki, keçmiş komediya aktyoru 40 yaşlı Maryan Şaretsin rəhbərlik etdiyi və beş partiyadan ibarət koalisiya minoritar hökumət quracağını bildirib. Parlamentdəki 90 mandatdan 43-nə sahib olan koalisiyanın rəhbəri M.Şarets digər siyasi düşərgələrdən olan solçularla anlaşma əldə edə bilib. Mətbuata verdiyi açıqlamada "Bizim parlamentdə 52 səsimiz var” deyən M.Şarets doqquz mandata sahib solçu partiya ilə razılaşma əldə etdiyinə eyham vurub. Solçular isə onların tələblərinin həyata keçiriləcəyi təqdirdə beş partiyadan ibarət hökumətə loyal münasibət göstərəcəklərini bildiriblər. Bu məqsədlə solçular mərkəz-solçu koalisiya ilə əməkdaşlığa dair xüsusi razılaşma imzalayıblar.

Qeyd edək ki, iyun ayında Sloveniyada keçirilmiş parlament seçkilərində sabiq Baş nazir Yaneş Yanşanın rəhbərlik etdiyi mühafizəkar Sloveniya Demokratik Partiyası (SDS) qələbə qazanaraq 25 mandat əldə etməsinə baxmayaraq, partiya hökumət qurmaq üçün özünə müttəfiqlər tapa bilməyib. Korrupsiya hallarında ittiham olunan Y.Yanşa parlamentin böyük əksəriyyəti tərəfindən boykot edildiyinə görə, digər siyasi qüvvələr koalisiya danışıqları üçün hərəkətə keçiblər. Hazırda parlament seçkilərində 13 mandat əldə edən M.Şaretsin yaratdığı koalisiya solçuların dəstəyi ilə hakimiyyətə gəlməyə ən real namizəddir.