Ölkə 12:22 17.05.2013

Keçmiş məzunlar BDU-ya toplandı - FOTOLAR

BDU-da məzun-tələbə şəbəkəsi yaradılır.

Dünən Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin bir ay öncə yaradılmış Məzunlar Komitəsinin (Alumni Committee) ilk tədbiri keçirib. Komitənin sədri, universitetin magistrantı Anar Albəndəyev bildirib ki, Məzunlar Komitəsinin məqsədi vaxtilə BDU-da təhsil almış, təhsilini ölkədən xaricdə tamamlayaraq uğurlu karyera qurmuş gənc mütəxəssislərlə universitet arasında əlaqələrin qurulması, həmin insanlarla tələbələr arasında müntəzəm görüşlərin təşkil olunması, ümumiyyətlə məzun-universitet şəbəkəsinin yaradılmasından ibarətdir. Tədbirin təşkil olunmasında komitə üzvləri ilə yanaşı fakültə rəhbərliyi, xüsusən dekan müavini Əlimusa İbrahimov yaxından iştirak edib.

Komitənin ilk qonaqları ABŞ səfirliyinin Məzunlara Dəstək proqramının koordinatoru Ramina Mürşüdova və Birləşmiş Millətlər Təşkilatının Bakı ofisinin əməkdaşı, beynəlxalq təhlükəsizlik üzrə mütəxəssis Ruslan İsmayılzadə olub. BMT əməkdaşı tələbələr qarşısında “Beynəlxalq münasibətlər sahəsində uğur qazanmağın yolları” adlı təqdimatla çıxış edib. Sonra hər iki qonaq öz təhsil və iş təcrübələrini tələbələrlə bölüşüb. Tələbələrin böyük marağına səbəb olan müzakirələr zamanı spikerlər onların bir sıra suallarını cavablandırıb, təhsillərinin növbəti mərhələsinin seçilməsi, uğurlu karyera qurmaq və digər məsələlərlə bağlı  məsləhətlərini veriblər. Universitetin keçmiş məzunları olaraq tələbələrə lazım olan mövzularda hər zaman kömək etməyə, onların təşəbbüslərinə dəstək verməyə hazır olduqlarını qeyd edən qonaqlar tədbirin sonunda fərdi olaraq onlara yanaşan tələbələrin suallarını bir daha cavablandırıblar. 

Təşkilatçılar və qonaqlarla görüşən Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev bu görüşü yüksək qiymətləndirdiyini, bu cür tədbirlərin çox böyük əhəmiyyətə malik olduğunu qeyd edib. Professor bu cür təşəbbüslərin universitetin rektoru, akademik Abel Məhərrəmov tərəfindən də hər zaman dəstəkləndiyini, təhsilimizin inkişafında bu görüşlərin vacibliyini vurğulayıb. /adalet.az/

Qaynar.info