Ölkə 14:31 19.07.2017

Keçmiş sevgililərimlə gecə iclası

Lalə Niftaliyeva

7 illik kirayə həyatımda ilk dəfədir ki, ruhumu oxşayan bir evə köçmüşəm. Təsəvvür edin evin damına çıxıb, İçəri Şəhərin xatirələrə bürünmüş sakitliyini bir qədəh "Sevgilim" şərabı ilə izləyirsən. Uzun zamandan sonra ilk dəfə yalnız keçirdiyim bu gecədə birdən qaranlıq xirtdəyimdən yapışıb, məni darıxdırdı. Etdiyim bütün fəlsəfi kəşflərin arxasında mənim bu yeniyetməlik dövrümün yarımçıq qalan psixologiyasının yaratdığı darıxmaq hissi var. 

İnsanlar arasındakı bütün münasibətlər maraq üstündə qurulurmuş, sən demə. Bəlkə də, oxuyub deyirsən ki, " Pah, mən də deyirəm, bu qız nə kəşf edib? Fəlsəfə bunun harasındadı?" Amma səbriniz olsa, nə demək istədiyimi anlayacaqsınız. 

Leyli belə Məcnunun marağı idi, bütün gecə bunu düşünmüşəm. Və bütün gecə içimdə yarımçıq qalan adamları yeni köçdüyüm evin damına yığıb iclas keçirtmişəm. Sizə iclas deyirəm e... Bütün maraqların oturub sənin kimliyini gözünün içinə baxıb, sənə diqtə edir. Yaşadıqlarımız qədər böyüyürük. Yaşadıqlarımız isə duyğularımızdır. 25 yaşına qədər bizim yaşadığımız kimi cəmiyyətdə böyüməyimizə təsir edən amillər valideyn itkisi, kasıblıq və sevgi münasibətləridir. Bu sadaladıqlarım əsasdır ki, qalan hadisələr onlara bağlıdır. Mən gecənin təsiri ilə sevgi münasibətlərinə toxunmaq istədim. 

Bütün günü həsrət, hicran deyib gəzirik. Buna səbəb nədir? İçinizdə yarımçıq qalan insanlar. Sona çatdıra bilmədiyiniz maraq hissi.

Qaranlıqda gözüm ilk aşiq olduğum adama sataşdı. "Hə adam, mənə bir az məndən danış". İlk yaşadığın hər şey onsuz da maraqlıdır. İlk dəfə keçirdiyiniz hisslər sevgi filan deyil. Əks cins sizə qadınlığınızı (kişiliyinizi) kəşf etməyə yardım edir. Anlayırsan ki, sənin gözəl gözlərin, ipək saçların, özünəməxsus ətrin və gülüşün var. "İlk sevgi" adlandırdığımız məfhumun sehiri bilirsiniz nədir? Fiziki yaxınlıq. Razıyam, bu elə bir maraqdır ki, bütün münasibətlərdə öz aktuallığını qoruyacaq. Amma ilkdə bu ehtirasdı. Burda yalnız bədənin tələbinə uyğun hərəkət edirsən. Bu maraq o vaxta qədər davam edir ki, artıq cins olaraq özünü kəşf etmisən.

Biz fiziki varlıq deyilik axı. Ruhumuz da var. Özünü bədən olaraq kəşf edib, orda ilişib qalanlar çoxdur. Amma mən burdan da bir addım irəli gedib, ikinci maraq dairəmlə tanış ola bildim. Artıq gözəl gözlərinin olduğunu bilmək yetmir, fərqli nəsə axtarırsan. Ona görə də kim səni mənəvi aləminə səyahətə aparsa, ona marağın yaranır. Bu səyahət zamanı darıxanda artıq ağlamırsan, əksinə ondan zövq alırsan. Ruhuna yeni rənglər əlavə olunur. Anlayırsan ki, sənin bütün hisslərin acdır. Yapışırsan bu sevgili dediyin adamın boğazından onun təcrübələrini zəli kimi sovurursan. Bu qarşılıqlı olur.  Çünki biz öyrənməkdən daha çox öyrətməyə meyilliyik. Öyrətməyə meyilli insan da öyrənib doymuş adamdır. Bu da uzun sürə bilməz. Bu  proses səni özünü ağıllı hiss etdirənə kimi maraqlı olur və günlərin bir günü artıq sən o adamla bərabərləşir və onun sənə olan bütün reaksiyalarını əzbər bilirsən. Ay başına dönüm, sizin "sevgi", mənim "maraq" adlandırdığım bu şey təbii ki, elə ordaca həzin-həzin can verəcək. Ona görə də 19-20 yaşlarımızda bizdən yaş və təcrübə cəhətdən böyük insanlara marağımız daha çox olur ki, öyrənib doya bilək.

Sonra özünü ağıllı hesab etdiyin vaxt, səndən daha ağıllı birini kəşf edirsən. Və yeni bir macəra, yeni bir sənlə qarşılaşırsan. Bu adam da sənə səpələnmiş parçalarını bir yerə yığmağa yardım edir. Anlayırsan ki, sən necə də cahilsən. İndiyə kimi özünü ağıllı hesab etdiyin bütün vəziyyətlərdə axmağın biri olmusan. Onun vasitəsilə kəşf edirsən ki, onun səninlə birgə olub-olmamasının heç biri önəmi yoxdur. Və münasibət evliliklə bitməyə məcbur deyil. Bu mərhələdə sən yeni bir rəngi, onun sevdiyi rəngi qata bilirsən ruhuna. Məsələn, birgə danışmağın yox, susmağın vacibliyi çıxır ortaya. Fədakarlığı xoşa gəlmək üçün etmirsən. Niyə? Çünki, onun barmağı qanayanda, sənin ürəyin çiling-çiling olur. Yox, bu da sevgi deyil. Bu sənin eqon üzərində qazandığın ilk qələbəndir. 

25 yaşıma kimi münasibətlərin mənə qazandırdığı təcrübələri sizinlə bölüşdüm. Əgər düşünürsünüz ki, unuda bilmədiyiniz bir insan var və onu sevirsiniz, boş şeydi. Sadəcə sona çatdıra bilmədiyiniz bir marağınız var ki, onu bitirməyənə qədər növbəti mərhələyə keçid edə bilməyəcəksiniz. 

Qaynarinfo.Az