Keçmişlə gələcəyin qovuşuğunda...

Keçmişlə gələcəyin qovuşuğunda...

Vüsal Bağırlı

Ölkəmiz şərqlə qərbin, Asiya ilə Avropanın arasında, strateji bir nöqtədə qərar tutmaqdadır. Biz həm də əsrlərin qovuşuğunda yaşayır, keçmişin, indinin və gələcəyin badələrini bir-birinə vurmağı, toqquşdurmağı, onları qeyri-adi şəkildə bir-biriylə birləşdirməyi bacarırıq. 

Bəli, bu bir möcüzədir. 

Fikir verin, bir tərəfdə qədim tikililər, atəşpərəstlilk məbədləri, Qız qalası, Şirvanşahlar sarayı, digər tərəfdə, Alov qüllələri, Bakı Kristal zalı, müasir göydələnlər.

Bir tərəfdə qədim sənət nümunələri, muğam, meyxana, zorxana, toyxana, digər tərəfdə, rok, rep, caz musiqisi və sair.

Bunlar hamısı, texnoloji yeniliklər, müasir informasiya texnologiyaları, keçmiş adətlər və alətlər bir-biri ilə qovuşur, uyğunlaşır, həmahənglik yaradırlar.
Buna sübut olaraq, bir neçə gün bundan əvvəl baş vermiş hadisənin təfərrüatları, yuxarıda qeyd etdiyim təəssüratı birə-beş artırır. 

Xəbər saytının verdiyi məlumata görə, Sabirabadın iki müxtəlif kəndində (Nərimankənd, Beşdəli), özü də eyni anda (təmiz mistikadır), iki qəribə hadisə baş vermişdir.

Bu zaman, keçmişlə gələcək, yəni, avtomobil ilə at arabası yolda qarşı-qarşıya gəlmiş və nəticədə, hər iki təkərli nəqliyyat vasitəsi zərblə bir-birinə toxunmuş və  at arabası ilə avtomobil toqquşmuşdur. 

Qəza zamanı müxtəlif xəsarətlər almış bir neçə vətəndaş təcili surətdə və vaxtında Şirvan şəhər xəstəxanasına çatdırılsa da, xəbərdə heyvanların taleyi barədə məlumat verilmirdi.

Bu arada, havaların sürətlə istiləşdiyi, hərarətin artığı zamanda, tərəvəzin bol, qiymətlərin ucuzlaşacağı bir ərəfədə, "Öküz ürəyi” adlı gilas növünü kiloqramının qiyməti, nə az, nə çox, düz 8-10 manata qalxmışdır.

Bu isə, fədakar insanlarımızı, kənd zəhmətkeşlərini yüksəkliklər, yeni zirvələr fəth etməyə vadar edir. 

Necə? Eləcə.

Məsələ burasındadır ki, artıq qiyməti qızıla dönmüş bu incə, xeyirli məhsulu hündür gövdəli, nazik budaqlı ağaclardan min bir əziyyətlə dərməyə, yığmağa, toplamağa, tədarük etməyə çalışan 3 qadın, eyni gündə, müxtəlif vaxtlarda, müxtəlif hündürlüklərdən yıxılaraq, müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyətinin qənaətbəxş olduğu xəbər verilir.

Beləliklə, bundan sonra və kasıb ayı sayılan bütün aya boyu, səbətin gözündən tökülən gilasın, meyvənin, tərəvəzin həcminin, qiymətlərin ucuzlaşma miqdarı ilə düz mütənasiblik təşkil edəcəyinə və insanlarımızın da bu səbəbdən sağ-salamat qalacağına ümid edirəm.

Sonda, müvafiq qurumlara üz tutaraq bir məsələyə diqqət yetirmələrini xahiş edirəm. Dünən dostum zəng etmişdi. O, dönə-dönə "votsap”a göndərdiyi fotoşəkillərə baxmağımı xahiş edirdi. Şəkillər həqiqətən də həyəcan doğururdu.

Təsvirlərdə "Ayxan” ticarət mərkəzinin yaxınlığında yerləşən və qaz borusunu saxlamaq üçün nəzərdə tutulmuş dəmir karkas qurğu əyilərək, hər an uçmağa hazır vəziyyətə düşdüyü aşkar görünürdü. 

Zabrat şosesinin düz üzərindən keçən qurğu dayanacaqda, piyada keçidində toplaşmış insan kütləsi, yoldan keçən avtomobil axını üçün real təhlükə mənbəyinə çevrilmişdir.

Buna görə də, əlaqədar təşkilatları məsələyə vaxtında müdaxilə etməyə, baş verə biləcək faciənin qarşısını almağa səsləyirəm.
XƏBƏRLƏR
BLOGLAR