Çingiz Səfərli
Sənət 12:53 31.10.2017

Kənd uşaqları kənddə qaldı, şəhərə gələ bilmədilər...

Çingiz Səfərli

Neçə-neçə istedadlı gənc bu gün Azərbaycanın hansısa rayonunda, hansısa ucqar kəndində kimlərsə tərəfindən kəşf edilməyi gözləyir. Əvvəllər rayonlara xüsusi komissiya göndərilirdi. Həmin komissiyanın tərkibində Azərbaycanın tanınmış simaları, görkəmli musiqiçiləri, aktyor və aktrisaları olurdu. Onlar bacarıqlı, istedadlı uşaqları seçib Bakıya - mədəniyyətin paytaxtına gətirirdilər. Həmin uşaqlar balaca yaşlarından burada qalır, oxuyur, istər musiqi sahəsində, istərsə də incəsənətin digər sahələrində bilik və bacarıqlarını artırırdılar. Həmin məktəblərdən biri də hazırkı Respublika İncəsənət Gimnaziyasıdır. Daha doğrusu idi...

Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən bu məktəb hələ 8 nömrəli internat məktəbi olan vaxtdan neçə-neçə istedad yetişdirib. Bu gün Azərbaycanın məşhur simaları arasında oranı bitirənlərin sayı az deyil. Lakin İncəsənət Gimnaziyası deyəsən yavaş-yavaş tarixə qovuşur. Çünki məktəb artıq bir neçə vacib mövqeyini itirib. Yataqxanası sökülüb, yeməkxanası müəllimlər otağı kimi müəllimlərin sərəncamına verilib, şöbələrinin isə sayı azaldılıb. Bilmirəm, bəlkə də həmin məktəbdə oxuduğum, oranın yataqxanasında qaldığım üçün mənə bu qədər doğma gəlir və həmin yataqxananın sökülməsi ürəyimi ağrıdır. Amma oranı təkcə mən bitirməmişəm axı. Mənimlə birgə gimnaziyada oxuyan yüzlərlə şagird bu gün sənət-peşə sahibidir. 
Yadımdadı, biz bitirən ili məktəbimiz "İlin ən yaxşı məktəbi” adını qazanmışdı. Niyə? Ona görə ki, bu məktəb təkcə musiqiçi, rəqqas, rəssam, heykəltəraş, zərgər, aktyor və aktrisa hazırlamırdı, eyni zamanda gələcəyin hüquqşünasları, dizaynerləri, filoloqları, bioloqları da burada yetişirdi. O illərdə məktəbimizdə respublikanın hər yerindən istedadlı uşaqlar təhsil alırdı. Amma indi məktəb şagirdlərinin hamısı Bakıdan olan uşaqlardır desək, yəqin yanılmarıq. Yəni, kənd uşaqlarının dövrü bitdi artıq, şəhərə gələ bilmədilər, qaldılar kənddə... 

Bəs buna səbəb nədir? Səbəb onun lap qarşısında ucaldılan Milli Konservatoriyadır. Belə ki, 2004-cü ildən tikilməyə başlayan Milli Konservatoriya məktəbin də ərazisini, səlahiyyətlərini yavaş-yavaş əlindən aldı və "məqsədinə” çatdı. Bu gün rayonlarımızda, ucqar kəndlərimizdə yaşayan istedadları üzə çıxartmaq üçün təkcə bir müsabiqə yetərlidir. Amma onlara gözəl şəaitdə təhsil vermək, sənət-peşə öyrətmək üçün daha artığına ehtiyac var. Məsələn, həmin məktəbdə qalmaq üçün yaxşı şəraitə, yeni yataqxana binasına...

Konservatoriya demişkən, dünya ölkələrinə nəzər salsaq görərik ki, əksəriyyətində cəmi bir Konservatoriya var. Amma Azərbaycanda ondan 2 dənədir. Çox olmasının zərəri yoxdur, əksinə... Lakin Azərbaycan kimi balaca bir ölkədə buna həqiqətən gərək var idimi?

Üzeyir Hacıbəyov Azərbaycan Musiqi Akademiyasını (28 May metrosu tərəfdə yerləşir) yaradanda milli musiqimizi dünya musiqisindən ayrı düşünməmişdi. Bəlkə elə bu vəhdətin nəticəsi idi ki, oranın ilk tələbələrindən olan görkəmli bəstəkarımız Asəf Zeynallının "Ölkəm”i, Niyazinin "Bayatı-Şiraz” simfonik muğamı hələ də yaşayır və sevilə-sevilə dinlənilir. Belə ki, son zamanlara kimi, yəni Milli Konservatoriya yaradılana qədər Musiqi Akademiyasında Milli Musiqi şöbəsi fəaliyyət göstərirdi. Bu təsadüfi deyildi. Çünki milli musiqini dünya müsiqisindən ayrı təsəvvür etmək olmaz. Akademiyada milli musiqi şöbəsi olanda dünya musiqisini öyrənənlər - pianoçular, skripkaçılar, vokalistlər, orqan ifaçıları və s. milli musiqidən kənarda qalmırdı, ən azından hansısa bir otaqdan muğam və xalq mahnısı səsi eşidilirdi, eləcə də milli musiqi ilə məşğul olanlar dünya musiqisindən bixəbər olmurdular. Qarşılıqlı olduğundan hər iki tərəf qazanırdı və ortaya yeni üslublar, yeni ifalar, fərqli improvizasiyalar çıxırdı. Artıq belə deyil. Dünya musiqimiz çox dünyalaşıb, millimizdə isə təkrarçılıqlar, yamsılamalar baş alıb gedir...

Deyəsən mövzudan bir qədər uzaqlaşdım. Hə... məsələmiz İncəsənət Gimnaziyası idi. Son!

Qaynarinifo.Az