Türkiyənin Antalya şəhərində həyat yoldaşına dəstək olmaq üçün 4 qolbağını satıb heyvandarlıq işinə girişən 38 yaşlı Fatma Öncel hazırda 1 milyonluq sərvətin sahibidir.

"Qaynarinfo"nun milliyet-ə istinadən məlumatına görə, 1 inəklə heyvandarlıq işinə başlayan Öncelin indi 130 inəyi, 250 toyuğu, 107 keçisi və 3 ədəd atı var.

Antalyanın Muratpaşa rayonunda yaşayan 3 uşaq anası Fatma Öncel 10 il öncə ailəsinə dəstək olmaq üçün həyat yoldaşına kənd təsərrüfatı işinə girməyi təklif edir. Ərinin razılığını alan qadın 4 qolbağını 2500 lirəyə satır. Bu pulun 2400 lirəsi ilə bir ədəd inək, qalan 100 lirə ilə isə heyvanı bəsləmək üçün yem alır. İnək sütü sataraq ailəsini dolandıran Öncel zaman keçdikcə heyvanların sayını 20-yə çıxarmağı bacarır. Heyvanları bəsləmək üçün bir ədəd də tarla kirayələyən qadın burada qarğıdalı əkməyə başlayır. Hazırda o, 20 hektarlıq ərazidə 1 milyonluq sərvətin sahibidir.

Bir inəyin gündəlik 30-35 litr süd verdiyini deyən Öncel, inəklərlə bərabər toyuq və keçi də saxlayır:

"İnəklərdən günlük 1 tona yaxın, keçilərdən isə 50-60 litr süd götürürəm. Bundan başqa toyuqlarım da var. Aylıq süd və yumurtadan təxminən 45 min lirə qazanıram. Ancaq kəsimə göndərdiyim heyvanlarla birgə bu rəqəm 65 min lirəyə çatır", - deyə o, bildirib.

Əvvəllər satışı öz maşını ilə həyata keçirən Öncel 10 ildir daimi müştəriləri ilə çalışdığını və məhsullarını isə heç bir firmaya satmadığını qeyd edib.






 
Çingiz Səfərli
Qaynarinfo.Az