Amal Abuşov

Belə olacağını hələ ötən ilin mayın 30-da yazmışdıq. Bəli, məhz həmin gün dəyərli oxucularımıza "Kəpəz”in yeni istiqaməti - I divizion” sərlöhvəli yazımı təqdim etmişdim. Buyurun, düz bir il bundan əvvəl verdiyim proqnoz özünü doğrultdu.

Həmin yazıdan kiçik bir hissəni yenidən oxuyaq: "Ötən mövsüm 8-ci pilləni ilk turlardan "özəlləşdirən” AZAL elitanı tərk edib. "Neftçi”nin bu il güclənəcəyi şübhəsizdi. "Səbail”in transferləri isə onu düşünməyə əsas verir ki, debütantlar elitanı gəldikləri mövsümdəcə tərk etmək fikrində deyillər. Deməli, "Kəpəz”in bu mövsüm sonuncu pilləyə lövbər salacağı realdı”. 

"Kəpəz” bütün ehtimalları gerçəkliyə çevirdi. Adı Gəncənin, dadı AFFA-nın olan klub mövsümə necə başlamışdısa, elə də davam etdi. Bütün rəqiblərinə aşağıdan yuxarı baxa-baxa. Əvəzində AFFA-nın bir qrup işbazı qaz vurub, qazan doldurdu, mal-mülk sahibi oldular. Həmin pulları büdcədən Gəncədə futbolu inkişaf etdirmək, "Kəpəz”in itirdiyi şöhrətini geri qaytarmaq adıyla sildilər. Qaytara biliblərmi? Yox! Onların qaytardıqları Mikayıl Nərimanoğlunun baş katibin xeyir-duası ilə oğurladığı pulların bir qismi oldu. Oğurluqdan baş katibin xəbərdar olması mənim xəyal məhsulum deyil, klubun mühasibinin səmimi etirafıdı. Sizin də yadınızda olar, Mənsurə Məmmədova "Futbol+”ə açıqlamasında açıq dillə demişdi ki, Nərimanoğlunun əməllərindən AFFA-nın baş katibi də xəbərdar idi. Sonradan zavallı qadını susdurdular. Və bu susmağının mükafatı olaraq, klubdakı işinə davam etdirir.

25-ci turda "Neftçi” "Keşlə”yə uduzdu. Bu isə o demək idi ki, "Neftçi” 3-cü pilləni tutmaq, avrokuboklara yollanmaq şanslarını xeyli pisləşdirdi. "Qəbələ”nin finala buraxmadığı "xalq komandası”nın avrokuboklara getməməsi Elxan Məmmədovun nüfuzuna ciddi zərbədi. Deməli, "B” planı işə düşməliydi. Artıq heç kimə lazım olmayan, bu mövsümlük missiyasını başa vuran "Sumqayıt” "Səbail”ə uduzdurulmalı idi ki, "Neftçi”dən çox da aralanmasın. Belə də oldu. Bu isə "Kəpəz”in finişə 3 tur qalmış aşağı diviziona düşməsini rəsmiləşdirdi.

Geci-tezi var idi. "Kəpəz” belə oyunla, Gəncəyə ögey münasibəti ilə nə şəhəri təmsil etməyə, nə də elitada qalmağa layiq deyil. Belə "Kəpəz”in varlığı ancaq pul silmək üçün lazımdı, Gəncəyə futbol ab-havası gətirmək üçün yox. Amma görünən odu ki, AFFA ötən il yazdığını bu il pozmağa həvəslənib. Onlar üçün yazdıqlarını pozmaq çox asandı. Təki maraqlarına xələl gəlməsin, Premyer Liqa adı verdikləri gülünc çempionata "çujoy” klubu buraxmasınlar. 
İllər öncə "Abşeron”un, "Neftçala”nın, "Turan Tovuz”un, "Qaradağ Lökbatan”ın başına gətirilən oyunların bu dəfəki qurbanı kimi "Xəzər”i seçiblər. Bu dəfə onları elitaya buraxmamaq üçün lisenziya oyununu ortaya atıblar. Belə yalanlarınızla bizi də, futbola cibindən pul xərcləyən iş adamlarını da iyrəndirmisiz. Fantaziyanızı işə salın, yeni nəsə uydurun.

Bu meydan, bu da şeytan. O sizin illərlə pul xərclədiyiniz, yayda-qışda heyətini yenilədiyiniz "Kəpəz”, bu da son bir ildə yaranan, peşəkar yanaşma və düzgün transfer siyasəti sayəsində formalaşan "Xəzər”. Hansı elitada oynamağa daha layiqdi? AFFA-nın nəzarətində olan stadionların birində "Kəpəz”lə "Xəzər”i qarşılaşdırın. Kim qələbə qazansa, Premyer Liqada da o oynasın. Nə deyirsiz? Hünəriniz varsa, "məhsulunuzu” ortaya çıxarın!