Foto 19:51 06.10.2018

Kərkükdə ərəblər türkləri sıxışdırır

İraqın türkmənlər yaşayan Kərkük bölgəsində yerli əhali əraziyə sonradan köçürülən ərəblər tərəfindən sıxışdırılır. Tarixən məskunlaşdıqları boş ərazilər türkmənlərin əlindən alınıb, ərəbləşdirmə siyasəti başlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə virtualaz.org-a türkmən millətçisi, İraq Nazirlər Komitəsinin Kərkükdəki siyasi məhbusların (Səddam Hüseyn rejimi dövrünün məhbusları) işi üzrə bürosunun hüquqşünası Əli Zeynal bildirib.

Onun sözlərinə görə, əvvəllər kürdlərin hökmranlıq etdikləri türkmən məhəllələrində artıq iki həftədir ki, ərəblər tərəfindən 100-dən artıq heç bir sənədi olmayan ev tikilir. Bələdiyyələrlə məxsus torpaqdalarda gecəqonduların inşasına Kərkük valisinin vəkili Rakan Əl-Cuburi dəstək verir.


"Türkmənlər sıxışdırılır, beləliklə İraqda, xüsusilə də Kərkükdə varlığımız, milli kimliyimiz təhlükə altına düşür. Vali həmin qəsəbələrə sahib çıxmır. Ədəm bölgəsi, Kərkük Luna parkının arxası ərəblərə verilib. Biz türkmənlər əlsiz-qolsuz, sahibsiz qalmışıq. Türkmən partiyaları buna etinasız yanaşmamalıdır. Kimsə bunlara dur deməlidir!”, - deyə Ə. Zeynal bildirir.

Ə. Zeynal həmçinin ölkə rəhbərliyinin də türkmənləri dəstəkləmədiyini deyir. Onun sözlərinə görə, Bağdad rejimi də valinin tərəfini tutduğundan onları dinləyən yoxdur


"Əvvəllər Kərkükün təhsil sahəsi türkmənlərə verilmişdi. İlk türkmən təhsil müdiri öldürüldü, sonrakı isə 2011-ci ildə təqaüdə çıxana qədər bu sahədə çalışdı. Amma ondan sonra bu sahəni də türkmənlərin əlindən aldılar. İndi də bu sistem kürdlərin əlindən çıxıb ərəblərin idarəçiliyinə keçdi. Bağdad rejimi də Kərkük valisini dəstəklədiyiniə görə, heç nə edə bilmirik. Mən isə bu işdə bir fədaiyəm. Xahiş edirəm, bizə kömək edin”, - deyə Ə. Zeynal bildirir.

Qeyd edək ki, Ə. Zeynal Səddam Hüseyn rejimi tərəfindən Turançılıq ideyasının daşıyıcısı olduğuna görə bir müddət həbsə atılıb, orada dəhşətli işgəncələrə məruz qalıb. Bir müddət Türkiyədə yaşadıqdan sonra Səddam Hüseyn hakimiyyətinin süqutundan sonra Kərkükə qayıdıb və türkmənlərin hüquqlarının bərpa olunması üçün çalışır.