Günel Natiq

Blogger
Yazılar
1
Kiçik insanlar arasında

Kiçik insanlar arasında

Günel Natiq

O binaya köçdüyüm hələ cəmi iki həftə olardı. Hər nə qədər yerləşdiyi əraziyə özümü aid hiss eləməsəm də burdakı evimi bəyənirdim. Yeddinci mərtəbədə yerləşməsi, pəncərələrinin bol olması, əsas da mətbəxdən açılan mənzərənin nə şəhərin daş binaları, nə də dəniz yox, uzaqdakı yaddan çıxıb qalmış ağaclıq olması xoşuma gəlirdi. Amma, axı deyəsən nəyisə düz demədim. Bu evi sevməyimin əsas səbəbi başqa idi: bu binada məni maraqlandıra biləcək bir nəfər belə adam yaşamırdı. Burda beynimi məşğul edə biləcək tək şey ancaq yenə özüm ola bilərdim.

Gündəlik məişət həyatlarına başları qarışmış, bir dəfə də olsun öz kiçik dünyalarından başlarını qaldırıb kənara baxmayan, bir anlıq baxsa belə tez gözünü çəkib, gördüyünü unutmağa çalışan insanlar arasında məni maraqlandıra biləcək nə ola bilərdi axı.

Ta ki, hər şeyin başladığı həmin günə qədər. Günortadan sonra 4-5 arası adətim üzrə divanda uzanıb nə isə haqqında düşünürdüm. Bu da sadəcə bir gündəlik vərdiş idi mənim üçün, hətta daha çox həyat tərzi deyərdim. Yoxsa nə düşünməyə dəyər bir şeyim olduğundan, nə də düşüncələrimin çıxacağı bir nöqtə olduğundan...

Anidən qapı döyüldü, belə qapı döyülmələrinə hələ öyrəşməmişdim. Aşağı qonşulardan biri idi, birinci mərtəbədə bir qadının huşunu itirdiyini, məndə epilepsiya dərmanının olub-olmadığını soruşdu. Ardından da sanki belə bir sual verəcəyimi düşünüb məni qabaqlayarmışcasına, təcili yardım çağırdıqlarını, lakin hələ gəlib çatmadığını, ona kimi gec olacağından qorxduqlarını tez əlavə etdi.

Mən də "yox, yoxdur” dedim. Qapını bağlayıb içəri keçəndə hətta bir qədər acıqlı idim. Axı binanın canına tək-tək düşüb dərman axtarmaq, onlardan birində, hələ-hələ məndə epilepsiya dərmanının olacağını ehtimal etmək nə qədər ağıllı fikir idi. Hətta mənə elə gəldi ki, nəhayət qapımı döymək üçün belə bir bəhanə tapdıqlarına sevinirlər də.

Yenidən divandakı əvvəlki vəziyyətimi alırdım ki, uzanar-uzanmaz evdə əvvəlki polyak ev yoldaşımdan qalma epileptik dərmanların olduğu düşdü yadıma. Evdən axırıncı mən çıxdığım üçün süyürmədə unudub getdiyi dərmanları hansı səbəbdən olduğunu bilmədən əşyalarımı yığdığım qutulardan birinin boş küncünə atdığımı xatırladım. Bura köçəndən sonra o qutuları heç yerindən tərpətməmişdim də.

Yerimdə bir neçə dəqiqə onları aparıb verməklə yerimdən qalxmamaq arasında çək-çevir etdim. Bəlkə də, TC maşınının artıq çoxdan gəldiyi, ya da mütləq hardansa dərman tapdıqlarını düşündüm. Bu uşaqlıqdan xasiyyətim idi, nəsə pis bir şey baş verənə qədər onun ola biləcəyinə ehtimal verə bilmirdim.

Bir dəqiqədən yerimdən qalxdım, həmin qutunu tapıb dərmanları qoyduğum kimi yerindən götürdüm. Qapıya tərəf yeriyərkən ayaqlarımın bir-birinə sürtündüyünün fərqinə vardım. Bu birazdan heç tanımadığım insanın həyatını qurtarmış olacağıma görə olan tələsiklik deyildi, bu nəsə başqa bir şey idi, uşaqlıqda böyüklərdən biri bir şey istəyəndə onu tez tapıb əllərinə verərkən keçirilən rəğbət hissinə bənzər bir şey. Bunu başa düşüb özümə acığım tutdu. Bu insanların gözündə qəhrəmana çevrilmək mənə lazım deyildi, hələ belə bir təsadüfdən doğan bir şey üçün isə heç lazım deyildi. Buna görə həyəcanlanmış ola bilməzdim. Ayaqqabılarımı keçirib, tez aşağı düşüb dərmanları verib, nə olduğu ilə maraqlanmadan yuxarı qalxmağı qərara aldım.

Hansı evin olduğunu qapının qarşısında toplanmış adamlardan müəyyən elədim. İçəridən də adamların hay-küyü gəlirdi.  Qapı da açıq idi. Əlimdə dərmanlarla içəri keçəndə qapının ağzında dayanmış balaca qızcığaza gözüm sataşdı.Saçı iki yerə xorla ayrılmış, bir tərəfin hörüyü axıra qədər hörülmüşdü, o biri tərəf isə yarımçıq qalmış idi. Deyəsən anasını epilepsiya qızının saçlarını hörərkən anidən tutmuşdu. Əlləri ilə yarımçıq hörüyünün uclarını oynadırdı. Gözləri dolmuşdu, amma onlardan qorxudan daha, çox içində olduğu vəziyyətin artıq tez tamamlanmasını istəyən bir ifadə varıydı. Bəlli idi ki, bu hal əvvəllər də çox təkrarlanmışdı.

İçəri keçib dərmanları verdim, hələ təcili yardım maşını gəlməmişdi, başqa dərman da tapmamışdılar. Qadın birazdan özünə gəldi, mən də çox qalmaq istəməyib, gözdən yayınıb evə çıxdım.

Hər halda dərmanları mənim gətirdiyimi qadına demişdilər, buna görə iki gün qadının minnət dolu sözlərini eşitməkdən yayınmaq üçün onunla qarşılaşmamağa çalışdım. Hətta bir dəfəsində qapılarının açıldığını eşidib aşağı düşmək üçün pilləkənin başında 3 dəqiqə gözləmişdim. Tək istədiyim bir kimsə ilə əlaqədar olmamaq idi.

Axşam evə gələndə qapıları açıq idi, deyəsən yenicə qonaqları gəlmişdi. Pilləkənin kənarı ilə sıvışıb yuxarı qalxdım. Yarım saat keçmədiki birdən qapı döyüldü. Gələn qadının ortancıl oğlu ilə qapının qabağında gördüyüm balaca qızcığaz idi.Yenə əli ilə saçını oynada-oynada, iri gözləri ilə gülümsəyərək mənə baxırdı. Oğlan əlində yemək olan qazança tutmuşdu. Mənə uzadıb, "anam bunu sizə göndərib, o gün dərmanları siz vermisiz deyə çox sağol demək istəyirdi, evdə adamlar var deyə özü qalxa bilmədi, imkan olsa sabahda birigündə bizə qonaq gələrsiz” dedi.

Qazanı oğlanın əlindən götürüb "anana çox sağol de, əziyyət çəkib, qazancanı sabah mütləq qaytararam” dedim. 

İçəri keçib qazançanı stolun üstünə qoyub, qorxduğum elə bu idi deyə düşündüm. Bugün qonaq çağıranda, sabah başqa şeylərlə maraqlanmağa başlayarlar, nə işlə məşğul olduğumu hara gedib, hardan gəldiyimi, kimimin olub-olmadığını soruşarlar. Axı həmişə belə olur: insanlar arasında münasibətlər sıxlaşdıqca, hər şey asanlaşmaq əvəzinə daha da çətinləşir. Daha çox qayğına qaldıqca, həyatın üzərində daha çox haqq sahibi olduqlarını düşünürlər, insanı hərəkət edə bilməz vəziyyətə gətirənə qədər həyatının içinə girirlər. Şərqdən qərbə doğru getdikcə insanların bir-birindən uzaqlaşmasının, azadlığınsa çoxalmasının səbəbi də budur.

Nəisə, ən azından axşam üçün ac qalmamaq problemim həll olmuşdu. Məndən olsa ümumiyyətlə yemək yeməzdim, amma materialist varlığımın fiziki ehtiyacları təmin olunmadıqca digər şeylər gözünə görünmür axı. Yemək hələ qaynar idi. Bir kasa süzüb stola oturdum. Bircə qaşıq almışdım ki, elə bildim, uşaqlığıma qayıdıb anamın yeməklərindən yeyirəm. Hətta birazdan elə gəldi ki, bu yemək olardan da dadlı idi.

Axşam evə qayıdanda binanın həyətində yenə hər kəs həmişəki halındaydı. Əsas da  beynimi deşən nərd daşlarının taqqıltısı heç kəsilmirdi. Bu səslərə o qədər nifrət edirdim ki, ilk vaxtlar onlara görə evin pəncərələrini aça bilmirdim. Sonradan öyrəşdim, hətta artıq günorta mürgüləmələrimdə bu daşların səsi layla kimi gəlirdi.

Amma ürəyimi ən çox sıxan o daşların səsi yox, o səslərin mənə daşları atan əllərin sahiblərinin mənasız həyatını, boş keçirilən vaxtını xatırlatması idi. Ondan da çox ürəyimi sıxan bunun da mənə öz boş keçən həyatımı, zamanı, dayanmadan axan zamanı xatırlatması idi.

Epilepsiyalı qadının həmin balaca qızı da blokun qarşısında dayanıb həmişəki kimi saçları ilə oynaya-oynaya üzündə heç utancaq olmayan gülümsəməylə mənə baxırdı. Elə bilirdim ki, bu gülümsəmədə mənim onlardan nə qədər fərqli olduğumu bilən, amma bunu heç önəmsəməyən nəsə bir şey var. Sonralar vaxt keçdikcə qızın gülümsəməsinə üzümdən zorla qopan, amma içimdən gələn gülümsəməylə mən də cavab verirdim. Sonra da arxamca blokdan görünməz olana qədər necə baxdığını hiss edirdim. Bu yeganə baxışlar idi ki, məni narahat eləmirdi. Hətta balaca pərəstişkarımın bu baxışları azca da xoşuma gəlirdi. Özümün də uşaq vaxtı böyük qızlara qarşıdakı uzun-uzun illəri düşünüb necə həsrət baxdığımı xatırlayırdım. Özümü kənarında hiss etdiyim bu anlamadığım sirli bağlarla bir-birinə bağlanmış bina sakinlərinin dünyasına ilk addımım da bu qızla olmuşdu, hər nə qədər pərəstiş dolu olsa da, mənə özümü qətiyyən qeyri-adi hiss etdirməyən baxışlarıyla...

Qızı hər gün eyni yerdə görməyə o qədər öyrəşmişdim ki, o biri gün hər nə qədər sevməsəm də dondurmaçının nəfsim keçərək aldığım dondurmasından birini də onun üçün götürdüm. Dondurmanı əlinə verəndə üzündə nə təəccübdən, nə də təşəkkürdən əsəs-əlamət yox idi. Yalnızca daha böyük gülümsəmə və xoşbəxtlik. Qızın bu laqeyd reaksiyası o qədər xoşuma gəldi ki, hər dəfə evə gələndə ona nəsə almağa başladım, bir dəfə şarla, bir dəfə şokaladla, hər dəfə əlimdə bir şey ilə qayıdırdım həyətə.

Bina sakinləri də bu mənzərənin fərqində idilər. Onlarla özüm arasında mövcud hesab etdiyim divarlardan xəbərləri olmadan məni gah onlardan birinin həyatını xilas eləyən, gah da balaca qıza qayğı göstərən xoşməramlı yeni sakini hesab edirdilər binalarının. Sanki aralarına məhz mənim kimi birini aldıqları üçün sevinirdilər.

Daha yay qurtarırdı, asta addımlarla yavaş-yavaş həyətə doğru yeriyirdim. Başımı qaldıranda payızın ilk sərin nəfəsi üzümə dəydi. Uzaqda, binaların arasında günəş divarlara dəyə-dəyə yerə düşürdü. Bu mənzərə qəlbimi qəribə kədərlə doldurdu, yenə nələrsə bitmiş, mən hər şeyi qaçırmış kimi hiss edirdim. Həm də əlimin içində, gözümün qabağında olan nəyisə.

Həyətə girəndə, öyrəşmədiyim mənzərə ilə qarşılaşdım. Hər kəs həyətdə idi, deyəsən nəsə uzun stol da qoymuşdular ortaya, qadınlar çiyinlərinə külək üşütməsin  deyə ədyallar salmışdılar. Uzaqdan bütün bu mənzərə, bu ədyalların, stolun üstündəki süfrənin, süfrəyə qoyulmuş şeylərin hamısından qopan rəng çalarları gözümə elə həmahəng göründü ki, məsələn, əvvəl heç vaxt düşünməzdim ki, göy rənglə narıncı rəngin tonları bir-biri ilə belə qəşəng uyuşa bilər. Uzaqdan gələn səsləri qulağımı elə oxşadı ki, elə bildim qadınların gülüşlərində, nərd daşlarının səslərində, bütün qab-qacaq şaqqıltılarında nəsə ortaq ritm var. Heç nə bir birinə uyğun gəlmirdi, amma hər şeyin də bir ortaq nöqtəsi varıydı, orda birləşirdi. Məni də aralarına çağırdılar, ədyallardan birini də mən götürüb yaşlı kişilərin yanında oturub, onların nərd daşlarını taxtaya necə vurmasına tamaşa edirdim,  vücuduma yayılan rahatlıqdan elə məst olmuşdum ki, elə bildim ki, az qala ordaca yuxuya gedəcəm. Onların arasında bu indiyə qədər anlamadığım sirli bağ - harmoniya, nə mənim indiyə qədər uzunsürən düşüncə saatlarında özümdə tapdığım, nə də dünyanın ən dərin mövzularından baş çıxarmağa çalışarkən "böyük" hesab etdiyim, "hər şeyin fərqində olan” insanlar arasında yaxalaya bildiyim bir şey idi. Onlar mənim heç vaxt edə bilmədiyimi edirdilər, vaxtı unuda bilirdilər, qayğısız görünmələrinin səbəbi də aralarındakı harmoniyanın onlara zamanı unutdurması idi.

Bilirdim ki, burda çox qalmayacam, birazdan bəlkə də, çox-çox uzaqlara çıxıb gedəcəm, amma bu kiçik insanlar arasında keçən nağıl kimi günlərimi heç vaxt unutmayacaqdım.

OXŞAR XƏBƏRLƏR