Sənət 19:39 19.09.2014

Kino ulduzu sevgi macəralarından memuar yazdı

İtaliyanın milli kino ikonası Sofi Loren sentyabrın 20-də öz 80 yaşını yazdığı kitabla qeyd edəcək.

"Reuters" agentliyinin yaydığı xəbərə görə, 300 səhifəlik xatirələr kitabı “Mənim həyatım: dünən, bu gün, sabah” adlanır.

Kitabda köhnə fotolar, aktrisanın yaşadığı sevgi macəraları barədəki etirafları, dövrünün ulduzları - Kari Qrant, Frenk Sinatra, Audrey Hepburn, Riçard Barton, Marçello Mastroyanni ilə görüşləri barədə xatirələri toplanıb.

Kitabın adı Sofi Lorenin 1963-cü ildə çəkildiyi filmdən götürülüb. 3 novelladan ibarət filmdə Loren 3 fərqli qadını canlandırmışdı.

Xəbəri yayan qaynaq kitabın adındakı “Sabah” sözünün 80 yaşlı aktrisanın kino karyerasının bitmədiyinə işarə olduğunu açıqlayıb.

Sofi Lorenin ən son çəkildiyi "The Human Voice" filmi bu il ekranlara çıxıb.

Kitab italyan dilində nəşr olunacaq. Memuarların ingilis dilindəki variantı "Yesterday, today and tomorrow - My life" adı ilə bu ilin dekabrında satışa çıxarılacaq.


Qaynar.info