Sənət 13:25 07.04.2018

Kinoteatrlarda nümayiş olunan filmlərin altyazı problemi... (AÇIQLAMA)

Yəqin ki, hər biriniz kinoteatrlarda xarici filmlərə baxarkən Azərbaycan dilində verilən altyazılardakı saysız-hesabsız qrammatik səhvlərin və yanlış tərcümələrin şahidi olmusunuz. 

Qaynarinfo problemin səbəblərini öyrənmək üçün şəhərin ən böyük kinoteatr şəbəkələrindən biri olan "ParkCinema” ilə əlaqə saxlayıb. Kinoteatrlar şəbəkəsindən verilən yazılı açıqlaman təqdim edirik:

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Azərbaycan ərazisində geniş tamaşaçı kütləsinə təqdim olunan bütün filmlər ən azından altyazı ilə təmin edilməlidir. Bu altyazılar filmləri təqdim edən əcnəbi kinostudiyalar tərəfindən müxtəlif şirkətlərə sifariş olunur və kinoteatr bu prosesə müdaxilə edə bilmədiyindən tərcümələrin qeyri-səlistliyinə görə məsuliyyət daşımır. Buna baxmayaraq, altyazılarda səhv aşkar etdiyimiz halda, xarici yayım şirkətlərinə dərhal məlumat verib, səhvlərin aradan qaldırılmasında təkid edirik.

"CinemaPlus” kinoteatrlar şəbəkəsinin əməkdaşlıq etdiyi "Cinema Distribution Azerbaijan” yayım şirkəti filmlərin Azərbaycan dilinə peşəkar dublyaj olunmasının tərəfdarıdır və o üzdən "Cinemazadeh” kino şirkəti ilə birgə qısa müddətdə 10-dan artıq filmi doğma dilimizdə tamaşaçıların diqqətinə çatdırıb. Bu siyahıya "Paddinqton 2” uşaq filmi, "Sualtı era”, "Spark. Bəşəri qəhrəman” cizgi filmləri, "Hamıya qarşı”, "Amerika pastoralı”, "Super alibi”, "Bəd Santa 2”, "Qan bahasına”, "Qonşu”, "Doktor Nokun fırıldağı” və digər filmlər daxildir. "Cinemazadeh” studiyasının dublyaj fəaliyyəti kommersiya marağı deyil, Azərbaycan kino dilinin zənginləşdirilməsi, Azərbaycan dilli tamaşaçıların kinoteatr ekranlarına cəlb olunması, xüsusilə yetişən gənc nəslin doğma dildə gözoxşayan filmləri izləməklə vizual zövqünün formalaşdırılması məqsədini daşıyır. 

Təəssüf ki, Walt Disney. FOX, Universal, Warner Bros. və digər nəhəng kinostudiyaların yayım şirkətləri təqdim etdiyi filmlərin Azərbaycan dilinə dublyaj olunması təklifinə müsbət cavab vermədiyindən, o filmləri yalnız xarici dillərdə onların təqdim etdiyi altyazılar ilə nümayiş etdirmək məcburiyyətindəyik. Bir daha vurğulamaq istəyirik ki, altyazıların Azərbaycan dilinə tərcümə olunması kinostudiyalar tərəfindən "CinemaPlus" kinoteatrlar şəbəkəsinə deyil, müxtəlif şirkətlərə sifariş olunur və kinoteatr bu prosesə müdaxilə edə bilmir. Həmçinin, Azərbaycan dilinə o filmləri dublyaj etmək təklifimiz dəfələrlə rədd olunub. 

Bir daha qeyd edirik ki, "CinemaPlus" kinoteatrlar şəbəkəsi xarici filmləri "Cinemazadeh" studiyasının təqdim etdiyi peşəkar Azərbaycan dublyajında nümayiş etdirməkdən məmnunluq duyur və tamaşaçıların xarici kinostudiyaların təqdim etdiyi qeyri-səlist altyazılarla bağlı narahatlığına şərik olur. Biz xarici kinostudiyaların bizimlə dublyaj üzrə əməkdaşlıq edəcəyinə və bu problemin kökündən həll olunacağına inanırıq”.

Nərmin Həsənli