Maqazin 15:10 23.01.2015

“Kişilərin hamısı arzu edir ki, həyatlarında mənim kimi xanım olsun” -Afaq Aslan

- 2015-ci ilə bir neçə gün qalmış Afaq Aslan yenidən bütün diqqətləri öz üzərinə çəkə bildi. Bu dəfə o, cazibədar, seksual Qar Qız oldu...

- Bəli, ilin sonuna 3 gün qalmış yenə də sakit dayanmadım (Gülür). Yeni ilin bitməsinə bir həftə qalmış, fikirləşdik ki, 2014-cü il bitir, köhnə ilə hansı fərqli addımla nöqtə qoyum? Düşündüm ki, yeni mahnım 2015-ci ilin ilk ayının ortalarında hazır olacaq. Sonra da qərara aldım ki, ilin sonuna yaxın maraqlı Qar Qız obrazı yaradım, ili belə bitirim. Ağlıma gəldi ki, cazibədar Qar Qız obrazı yaradım. Fotosessiyanı həyata keçirdik. Maşallah, şəkillər iki günə mətbuatda “bomba” effekti yaratdı. Hamı mənə “ilin Qar Qızı” deməyə başladı.

- Hər zaman kifayət qədər açıq-saçıq fotosessiyalar etdirirsiniz. 2014-cü ilin yayında “bikini”də olan şəkilləriniz mətbuata yol açmışdı. Bəs yaxşı, bu şəkillər ailənizdə, həmçinin sevdiyiniz insanla aranızda hər hansı bir konfliktin yaranmasına səbəb olmur?

- İlk öncə onu deyim ki, bədən ölçülərim imkan verməsə, heç vaxt açıq-saçıq geyimlərdə fotosessiya etdirmərəm. Bunu dəfələrlə də söyləmişəm. Əgər hər hansı bir paltar mənə yaraşmasa, onu geyinmək nədir, hətta şəkil də çəkdirmərəm. Qaldı ki, ailəmin və sevdiyim insanın açıq-saçıq geyimlərdəki fotosessiyalarıma... ailəm məni çox ərköyün böyüdüb. Evdə elə ərköyünəm ki, hələ də sanki balaca uşağam. Uşaqlıqdan qısa və dar paltarlar geyinmişəm. Geyimlərimdəki açıq-saçıqlığı yaxınlarım ərköyünlük, şıltaqlıq kimi qəbul edirlər. Həyatımdakı insan məni çox qısqanır. Amma o görür ki, mən bu işi sevirəm. İstər oxumağı, istərsə də açıq-saçıqlığı kliplərimdə və fotosessiyalarımda görür. Mən artıq bu sənətdəyəm və özümdə heç bir kompleks görmürəm.

- Bu geyim və fotolardan dolayı insanların, xüsusilə də kişilərin baxışları sizi qətiyyən narahat etmir?

- Əslində bu çox xoş hissdir ki, bütün kişilər tərəfindən arzu olunasan. Eyni zamanda, həm də əlçatmaz olasan. Elə qadınlar var ki, onları heç kim arzulamır, istəmir. Özü kişilərin arxasınca qaçır. Onlar fikirləşirlər ki, nə addım atım, necə edim ki, kişilərin diqqətini özümə cəlb edə bilim, onu ələ keçirim. Mən özümü tanıyandan heç vaxt kişi dalınca qaçmamışam. Fikirləşməmişəm ki, ay Allah, bu kişinin diqqətini necə cəlb edim? Amma hər zaman kişilər tərəfindən arzuolunan və əlçatmaz xanım olmuşam. Kişilərin hamısı arzu edir ki, həyatlarında mənim kimi xanım olsun. Mənə dəfələrlə sosial şəbəkələrdə şərhlər yazırlar: sevgilin bəxtəvərdir ki, sənin kimi sevgilisi var. Kaş ki, biz onun yerində olardıq. Amma mənim öz sevgilim var. Mən hamının sevgilisi ola bilmərəm ki (Gülür)...

- Bəs özünüz necə hesab edirsiniz, sizcə, sevgiliniz sizin kimi xanıma sahib olduğuna görə çox şanslı və bəxtəvərdir?

- Təbii ki, xoşbəxtdir. Görür ki, onun sevgilisi bütün kişilər tərəfindən arzu olunan xanımdır. Niyə də bəxtəvər olmasın?!

- Bir müddət öncə müsahibələrinizdən birində demişdiniz ki, sevgilimin həyatından çox qadınlar gəlib-keçib. Amma Afaq elə həmin Afaqdır. Mənim yerimi heç kim tuta bilməz. Hətta sevgilinizin münasibətdə olduğu müğənnilərlə bağlı qalmaqallarınız da oldu. Amma artıq deyəsən, bu cəbhədə sakitlikdir?

- Mən qalmaqallar və intriqaları 2014-cü ildə qoymuşam. 2015-ci ildə heç kimlə -  istər sevgili, istər sənət, istərsə də şəxsi həyat üstündə dava etməyəcəyəm. Hazırda yaradıcılıqla məşğulam, yeni mahnılar üzərində işləyirəm. Sevgilimin həyatından müvəqqəti gəlib keçənlər var ki, onlar hər zaman olublar. Düşünürəm ki, bundan sonra da olacaq. Amma bir günlük, bir saatlıq, ya da iki saatlıq... Əsas odur ki, o insan mənə hörmət qoyur, sevir, itirməkdən qorxur. Mənim üçün əsas budur. 

- Belə çıxır ki, “kişi daima xəyanət edir” fikrini qəbul edirsiniz və hətta bununla barışmısınız da...

- Xəyanət edən kişilərə heç vaxt haqq qazandırmıram. Əgər sənin sevgilin, sevdiyin varsa, axı niyə kənarda əylənməlisən? Amma kişilərin də psixologiyasını, yaradılışını da başa düşmək lazımdır. Onlar əyləncəni, həyəcanı sevirlər. Olur ki, qadını sevir, dəyər verir. Amma elə qadın da var ki, ona əyləncə kimi baxırlar. Məsələn, bir saatlıq və ya bir günlük kef üçün... Bu artıq kişilərin yaradılışıdır, xəyanət onların qanında, genində var. Onları nə qədər məcbur etsən də ki, məni sevirsənsə, heç kiminlə görüşmə, nəticəsi olmayacaq. Düzdür, səni inandıracaq ki, həyatımda səndən başqa qadın yoxdur, başqaları ilə görüşmürəm. Amma inanın ki, yalandan deyirlər. Sonra baxırsan ki, öz əyləncələrindən, keflərindən qalmırlar (Gülür).

- Belə çıxır ki, Afaq Aslan bundan sonra sevdiyi kişini qısqanmayacaq?

- Qısqanacağam. Çünki xaraktercə çox qısqanc insanam. Ona demişəm, nə edirsən et, amma mən görməyim. Vay o gündən ki, nəsə dəlil-sübut tapım (Gülür).

- Yəqin xəbəriniz var ki, futbolçu Kriştianu Ronaldo ilə model sevgilisi İrina Şeyk 5 illik münasibətlərinə bu günlərdə son qoyublar. Sözümüzün məğzi odur ki, İrina kifayət qədər gözəl model olsa da, Kriştianu ilə sevgili olduqdan sonra bütün dünyada tanındı. Sizin də bir müddət öncə adınız öncə Türkiyənin “Beşiktaş” futbol klubunun oyunçusu Paskal Numayla, daha sonra isə millimizin oyunçusu və “Qəbələ”nin qapıçısı Kamran Ağayevlə hallandı. Belə bir deyim var ki, “od olmasa, tüstü çıxmaz”... Bu söz-söhbətdə nə dərəcədə həqiqət payı var?

- İnandırım sizi, onların heç biri ilə şəxsi münasibətim yoxdur. Paskal Numayla tədbirlərdən birində iştirak etmişik. Həmin tədbirdə bir çox sənətçilərlə, həmçinin Paskalla da şəkil çəkdirdim. Sadəcə şəklimiz var, sevgili olmamışıq. Kamrana gəlincə, o, xətrini çox istədiyim insandır. Onunla mənim aramda qətiyyən heç bir münasibət olmayıb, bu qətiyyən mümkün deyil. Əslində, mən heç vaxt arzulamaram ki, sevgilim futbolçu olsun.

- Maraqlıdır, niyə?

- Çünki futbolçular çox məşhur olurlar. Mən də sevgilimin populyar olmasını istəmərəm. Sevgilimin müğənni, teleaparıcı, futbolçu, ümumiyyətlə, göz önündə olan insan olmağını istəmirəm. Təsəvvür edin, Kamran da, mən də populyar insanlarıq. Biz sevgiliyik. Daima mətbuatın, jurnalistlərin hədəfinə tuş gələcəyik. Bu mənə lazımdır? Yox!

- Afaq, sizi artıq bir neçə ildir ki, tanıyıram. Hər dəfə eyni sözü deyirsiniz: sevgilim, sevgilim, sevgilim... Bu sevgilim nə vaxt həyat yoldaşım olacaq?

- Yaxşı sualdır (Gülür). Açığını deyim ki, mən hələ ailə qurmaq istəmirəm. Hazırda bütün planlarım karyeram və sənətimlə bağlıdır. Bu sənətdə daha da irəli, zirvəyə getməyi arzulayıram. Sənətlə bağlı başqa yeni planlarımız var. Yeniliklərimiz çox olacaq. Bilirsiniz, qorxuram ki, ailə qursam, sevdiyim insan məni sənətimdən uzaqlaşdıra bilər. Bu səlahiyyəti onun əlinə vermək istəmirəm. Sənətdən uzaqlaşdırılmaq təhlükəsi məni yaman qorxudur.

- Yaxşı, bəs bundan sonra hələ neçə il “Subaylıq sultanlıqdır” prinsipi ilə yaşayacaqsınız?

- Yəqin ki, yaxın 5 ildə ailə qurmaq gözlənilmir. Amma yenə də qismət. Bəlkə də elə bir məqam olar ki, ailə quraram. Bu, Allahın yazısıdır, qismətdən qaçmaq olmaz.

- Ötən ilin noyabrında demişdiniz ki, Teyyub Aslanovdan muğam dərsləri alırsınız. Vəziyyət nə yerdədir?

- Hazırda həm muğam, həm də vokal dərsləri alıram. Artıq sırf yaradıcılıqla məşğul olduğuma görə, sənətdən kənar işlərlə məşğul olan insanlara baş qoşmaq istəmirəm. Hazırda səsim üzərində işləyirəm. Dayanmadan çalışırıq. Mən özümü sırf xanəndə olmaq üçün hazırlamıram. Özümü heç xanəndə kimi də görmürəm. Sadəcə olaraq, düşünürəm ki, hər bir musiqiçinin muğamı bilib, anlamaq borcudur. Muğam Azərbaycan musiqisinin köküdür. Muğamı özümü üçün öyrənirəm. Həm də muğamda elə xırdalıqlar var ki, insanın səsini yerinə oturdur. Onu da deyim ki, muğam dərslərinə başlayandan onu daha da sevməyə başlamışam. Mənə irad tutanlara sözüm isə budur ki, mən efirlərə çıxıb, muğam oxuyası deyiləm. Sadəcə, estrada müğənnisi kimi muğamı öyrənirəm ki, musiqimizin kökünü bilim.

- Qalmaqalları 2014-cü ildə qoydunuz. 2015-ci ildə nələr olacaq?

- Bir çox yeniliklərimiz olacaq. Siz də görəcəksiniz. Yeni mahnılarım işıq üzü görəcək. Yeni klipimi təqdim edəcəyəm. Başqa layihələrimiz də olacaq. Hələ ki, onları açıqlamaq istəmirəm. Ola bilər ki, bu il məni müğənnilikdən başqa digər istiqamətlərdə də görəsiniz. Bu haqda açıqlama vermək istəmirəm.//gun.az

Qaynar.info