Sənət 15:17 07.12.2017

"Kitab oxumayan adam müasir ola bilməz..." (SORĞU)

Hər gün yediyimiz yeməklərin sayəsində bədənimiz bizim yaşam fəaliyyətimizdə yanımızda olur. Lakin biz mədəni heyvanlarıq. Bədənimizlə birlikdə ruhumuz və şüurumuz da var. Fiziki olaraq bədənimizin qidaya ehtiyacı olduğu kimi, ruhumuzun da buna ehtiyacı var. Əks halda biz sadəcə heyvandan bir az fərqli olacağıq. Məsələn, yalnız danışmaq və qaydalara uymaq yox, həm də düşünmək lazımdır. Bəs bizi düşünməyə nə vadar edə bilər? Təbii ki, yaşadığımız hadisələr. Lakin bu hadisələri təhlil etmək üçün bizim mütaliəyə ehtiyacımız var. Günümüzdə ruhumuzu qidalandıracaq incəsənətlə yanaşı kitab da çox önəmlidir.
 
Qaynarinfo müasir yazıçılarımızdan "Kitab oxumaq nə üçün gənclər üçün vacibdir" sualı ilə müraciət etdi. Cavabları təqdim edirik:

Gənc yazıçı Ömər Xəyyam deyir ki, kitab insanları individuallaşdırır:

"Pişik siçanı qovur – tutsa, yeyəcək. Siçanlar pişiklərin qidasıdır. 
 
İt isə pişiyi qovur – tutsa, yeyəcəkmi? Yeməyəcək. Bəs it pişiyi niyə qovur?
 
Pişik siçanı həmişə qovacaq. Siçanları pişiklərin qidasıdı.
 
Amma it pişiyi həmişə qovmayacaq. 

Get-gedə pişik itə bənzəməyə başlayacaq və nəhayət, itlə pişik arasında radikal fərqlər aradan qalaxanda onlar dostlaşacaqlar. Artıq 70 ildir ki, Avropada müharibə yoxdur, 70 ildir ki, Avropada itlə pişik dostluq edir.
 
Görəsən, insanların bir-birinə bənzəməsində ədəbiyyatın, geniş mənada sənətin, lap geniş mənada, mədəniyyətin rolu nədən ibarətdi… - Ədəbiyyat həm də insanları birbirinə bənzəməkdən, daha doğrusu, yüzminlərlə nüsxədən birinə çevrilməkdən xilas edir.
 
Mütaliə mütləqdir, amma peşəkar rəyi əsasında. Məsələn, 17 yaşlı birinin Kafka oxuması, birbaşa ziyanlıdır. Necə ki, Marsel Prustu oxuyub başını itirənlər, Ceym Coysu oxuyub havalananlar var, eləcə də daha doğru seçim etməklə, böyümək olar. Məsələn, Hitlerin "Mənim mübarizəm”i oxuyub "faşist”, milliyyətçi olanlar, Oşonu oxuyub humanist olanlarla düz mütənasib. Pul ayırsalar, bu barədə geniş araşdrma yazaram. Üstünə bir-iki xahiş də qoysalar, gənclərlə tədbir təşkil edib, bilgilərimi sunaram".

Yazıçı Əsəd Qaraqaplanın fikrincə, mütaliə cinayət təfəkkürünü yox edir:

"Oxumaq hər şeydən öncə insanda pis vərdişləri azaldır. Cinayət təfəkkürünü yox edir. Cahil olub yalançı inanclardan və mövhumatçı olmaqdan qoruyur. Oxumaq neynəmir ki?! Sağlam və gerçək bir insan olmağı sağlayır. Haqqını bilməyi, hisslərini doğru-düzgün yönləndirmıyini və ruhunu tənizləyir. Oxuyan adam pis işlərlə məşğul olmur, dediyim kimi. Oxumaq adama daha nələr verir, bunları da oxuduqca bilmək olur. Gənclər də oxusunlar və görsünlər".

Yazar Rasim Qaraca deyir ki, gənclər dünya xalqlarının mədəniyyətindən geri qalmamaq üçün mütaliə etməlidir:

"Kitablar həyat mübarizəsində silah kimidir. Biz başqa insanların bir həyat boyunca əldə etdiyi təcrübəni bir kitab oxuyaraq qısa zamanda əldə edə bilirik. Kitablara ilk növbədə toplanmış təcrübə kimi baxmalıyıq. Bu mənada seçərək oxuduğumuz kitabları böyük şans kimi görməliyik. Gənclər üçün dünya xalqlarının böyük mədəniyyət yarışmasından geridə qalmamanın tək yolu oxumaq, öyrənmək, bilgili, informasiyalı, zövqlü olmaqdır. Nələri oxumaq? - bu çox önəmlidir. Artıq bizim cəmiyyətdə spontan oxumaq mərhələsi öz yerini sistemli oxumağa verməkdədir, yol göstərən yetkin insanlarımız var və istənilən ədəbiyyatı tapmaqda da ciddi çətinliklər yoxdur. Oxumuş insanların görününməz bir şəbəkəsi formalaşmaqda və cəmiyyətimizdə onların təsir dairəsi şəkillənməkdə, oxumuş olmaq bir dəyər halına gəlməkdədir. Bunlar çox yaxşıdır".

Gənc yazar Ayxan Ayvaz isə deyir ki, mütaliə etməyən adam müasir ola bilməz:

"Mütaliə özünü kəşf etməkdir. Sən hardasan, hara gedəcəksən, nə edəcəksən? Bütün bu sualları mütaliə ilə tapa bilərsən. Mütailə etməyən adam müasir də ola bilməz. Heç vaxt. Çünki kitab insanı gəncləşdirir. Bir gənc düşünürsə ki, təsbehlə, qəlyanla cavanlaşacaq, mənim o gəncə yazığım gəlir. Bizim gənclik kitab oxumağı idman kimi, rəqs kimi, seks kimi gündəlik təlabata çevirməlidir. Dünyanın ən gözəl zövqlərinin başında ktiabdır. Onsuz dünya mənasız, maraqsız, məzmunsuzdur. Kitabsız adamla nə danışasan? Mənim kitab oxumayan adamla ünsiyyətim 1 dəqiqə yarım çəkər uzaqbaşı. 2 dəqiqə olsa ürəyim bulanacaq, qaytaracam". 

Şair və qiraətçi Xəzər Süleymanlı isə deyir ki, kitab insana qarşındakının da insan olduğunu xatırladır:

"Mütaliə ona görə vacib bir şeydir ki, bəzən bayağı deyə tənqid etdiyin bir məsələyə belə bayağı yanaşmayasan. Kiminsə zövqünü, düşüncəsini tənbeh edəndə zövqsüz və düşüncəsiz görünməyəsən. Kitab-dəqiq olaraq mütaliə insana bunu öyrədir. Bütün məqamlarda qarşındakının da insan olduğunu unutmayasan".

Yazar Tural Cəfərov isə bu barədə danışmaq yox, mühazirə demək daha uyğundur deyə fikir bildirir:

"Düşünürəm ki, bu sorğu mövzusu deyil. Bu bir mühazirənin mövzusudur".

Tərcüməçi yazar Qismət Rüstəmov isə bu suala cavab tapmaq üçün tərcümə etdiyi Mario Varqas Lyosanın "Ədəbiyyatsız dünya" yazısını oxumağı tövsiyyə edir:

 

 
Lalə Niftaliyeva