Məmməd SÜLEYMANOV
Sənət 10:44 10.12.2019

Kommunist Volontenin siyasi kinosu...

Məmməd Süleymanov

Müqavimətin kinosu kimi formalaşmış italyan neorealizminin populyarlığı artıq 1950-ci illərdə azalmağa başlayır. Müharibədən sonrakı səfalət və ümidsizlik geridə qalır, italyanların rifah halı tədricən yaxşılaşır, digər yandan da Hollivud Avropa məkanını zəbt edir.

Sinifli cəmiyyətlərdə incəsənətin bütün növləri kimi, kino da sinfi mahiyyət daşıyır. Hakim siniflərin arsenalında Hollivud məhsulları fərdləri zombiləşdirmək, real problemlər barədə düşünməyi əyləncə ilə əvəzləmək vasitəsi idi.

Ancaq İtaliya kinosu təslim olmamağın yolunu tapır. Bir tərəfdən modernist rejissorlar (Fellini, Antonioni), digər tərəfdən də Siyasi kino Hollivudla rəqabətə başlayır.

Serjio Leone vesternləri italyanlaşdırır - bu, Hollivudla müqayisədə nə qədər keyfiyyətli kino olsa da, çoxsaylı insanları siyasətdən uzaqlaşdırmaq funksiyasını da yerinə yetirirdi.

Və planları kommunist Damiano Damani pozur - o, vesterni də Siyasi kinoya çevirməyi bacarır. Bax bu zərbəni Hollivud italyanlardan gözləmirdi.

Söhbət ilk növbədə Damianinin "Qızıl güllə” filmindən gedir. Vestern janrında ilk dəfə idi ki yanki mənfi personajdı, anarxist, qarətçi meksikalı Çunço isə simpatiya doğururdu. Üstəlik, filmin sonunda Çunçonun yanki "Körpə”ni qətlə yetirməsi də simvolik məna daşıyırdı. Damiani isə təkrarlamaqdan yorulmurdu: "Mən vestern yox, siyasi kino çəkmişəm”.

Çunço rolunu Can Mariya Volonte oynayırdı. İtalyan siyasi kinosunun ən parlaq simvollarından olan Volonte 1933-cü ildə Mussolini İtaliyasında iri sahibkar və fəal faşistin aləsində doğulmuşdu. Ata Volontenin kommunist partizanlara qarşı vuruşan dəstəsi vardı. O, müharibədən sonra həbs olunur və türmədə vəfat edir. Oğul Volonte isə böyüyür və kommunist olur.

İtalyan siyasi kinosunun yaranması və inkişafında zəhməti keçən rejissorlar istisnasız olaraq kommunist partiyasına bağlı idilər. Taviani qardaşları, Pontekorvo, Pazolini, Elio Petri, Damiani, Dzurlini, Orsini, Nanni Loy - ayrı-ayrılıqda hər biri nəhəng rejissordu. Volonte onların hər birinin filmində rol oynamışdı.

***
 


"Mən siyasətçi deyiləm və kommunist partiyasının üzvüyəm. Mənim əməyim siyasətin ifadəsidir və dəqiq siyasi anlam daşıyır” - Volonte müsahibələrindən birində deyir.

1968-ci ildə onun Elio Petri ilə tanışlığı reallaşır. Volonte bu barədə xatırlayır: "Elio Petri məni birdəfəlik olaraq aktyor yolunu seçməyimdə düz etdiyimə inandırdı. Film - sosial ədalətsizliyə qarşı mübarizə formasıdır. Petrinin "Hər kəsə özününkü”, "Hər cür şübhədən kənar vətəndaşın işi üzrə istintaq”, "Fəhlə sinfi cənnətə gedir” filmləri mənim yaradıcılığımda bütöv bir dövrdür...”

Volontenin siyasi kinoda oynadığı ilk rol üç gənc rejissorun - Taviani qardaşları və Orsininin çəkdiyi "Məhv edilməli adam” filmidir. Ordudan kəndinə dönən Salvatore üsyana başçılıq edir: "Biz bu torpaqları ələ keçirməliyik. İnsanların necə əzab çəkdiyini görürsüz. Bu barədə çox düşünmüşəm. (Əli ilə alnını göstərərək). Burada əsl kino var”.

Qiyam film kimi. Brext, Toller, Piskator inqilabi teatrının kino lentinə köçürülməsi.

Ancaq siyasi kino hələ yeni formalaşmaqdadır. Onun qarşısında həm maliyyə, həm bürokratik əngəllər var. Hollivud auditoriyanı zəbt edib. Və Volonte də Leonenin vesternlərində çəkilir.

"Həmişə hesab etmişəm ki, aktyor özü və cəmiyyət qarşısında daima məsuliyyət hiss etməlidir. Ancaq bu, çox çətindir. Əgər sən Mayakovskinin əsərlərindən ibarət proqram tərtib etsən, nazirlik mütləq qadağa qoyacaq”, - Volonte xatırlayır.

O vaxt ki, siyasi kino nüfuz qazanır, yayılır və güclənir, Volonte əqidəsinə uyğun olmayan bütün rollardan imtina edir. Onun üçün yalnız vətəndaş mövqeyini ifadə edə biləcək rollar qalır.

Məsələn, Volonte Çili sosialisti Migel Littinin "Marusia şaxtasındakı hadisələr” filmində çəkilməyi seçərək Koppolanın "Xaç atası”nda, Bertoluççinin "İyirminci əsr”ində, Fellininin "Kazanova”sında oynamaqdan imtina edir.

***

1968-ci il. İtaliya qəzetləri sensasion başlıqlar dərc edir: "Can Mariya Volonte kinodan getdi!”, "Volontenin marksist ideologiyasının böhranı”...

Nə baş verir? Aktyor-Volonte praktik inqilabçı Volonteyə çevrilir. Rejissor Qriffi ilə müqaviləsini pozaraq fəhlə teatrları və kinoklubları yaratmağa yollanır. 

"Kapitalist cəmiyyətində kino sənayesinin nəhəng maşını ilə insan arasında demarkasiya xətti mövcuddur. Çəkiliş kamerası səni bütünlüklə istismar edir və limon kimi sıxır. Mən isə eksperiment etmək istəyirəm - bütün insanlar üçün ümumi bir dil tapmaq mümkünmü...”, - Volonte müsahibəsində deyir.

Volonte mütərəqqi rejissorların və kommunist partiyasının tətillərində iştirak edir, İtaliyanın ənənəvi olaraq "qırmızı” sayılan ərazilərində fəhlə kinoklubları, Romada iki "küçə teatrı” yaradır. 1972-ci ildə sinfi döyüşlərdən və fəhlə hərəkatından bəhs edən "Nümayiş” tamaşasına quruluş verir.  "Birbaşa kino” nümunəsi sayılan "Meydanda çadır” sənədli filmini çəkir - film Romanın 5 fabrikində fəhlə tətillərindən bəhs edir.

Və yenidən kinoya qayıdan Volonte ömrünün sonunadək siyasi filmlərdə çəkilir. Taviani qardaşlarının "Todo Modo”su ("Qırmızı briqadalar” haqqında). Françesko Rozinin "Xristos Ebolada dayanıb” (yazıçı Karlo Levinin bioqrafiyası) və "Matteinin işi” (ENİ qaz nəhənginin prezidenti Enriko Matteinin siyasi qətli) filmləri. Pontekorvonun "Əcinnə əməliyyatı” (İspaniyada Franko əleyhinə mübarizə), Montaldonun "Sakko və Vansetti”si...

 "Mənim hər filmim, hər rolum reallıqla, bu günkü mübarizə ilə əlaqəlidir. Qəhrəmanı mübarizə vəziyyətində anlamağa, onun  təcrübəsini öz analizimlə yenidən dəyərləndirməyə çalışıram” - Volonte deyir.

 Volonte iş başında vəfat edir. 1994-cü ilin son ayında o, Yunanıstanın Florina şəhərində, Teo Angelopulosun "Ulissin baxışı” filmində çəkilərkən. 

Qəfil ölüm. Mopassan sayağı, "Meteor kimi gəlib, şimşək kimi tərk etmək”...