Ekonomiks 17:55 07.05.2015

Konstitusiya Məhkəməsinin kreditlə bağlı qərarı kimin xeyrinə olacaq?

Bu gün Konstitusiya Məhkəməsinin Plenum iclasında manatın devalvasiyadan sonra vətəndaşların banklara olan kredit borclarının hansı məzənnə ilə qaytarılması barədə məsələ müzakirə olunub. Məsələ ilə bağlı qərarın yaxın zamanlarda qəbul ediləcəyi və onun ictimaiyyətə açıqlanacağı gözlənilir. 

Məsələni şərh edən iqtisadçı ekspert Rəşad Həsənov aznews.az-a deyib ki, bank və müştəri arasındakı münasibətlərlə bağlı Konstitusiya Məhkəməsi hansısa formada güzəştlərin tətbiq edilməsi kimi bir fikir açıqlaya bilməz, çünki onun belə bir səlahiyyəti yoxdur: “Bu məsələdə bütün səlahiyyətlər hökumətin üzərinə düşür”. 

Ekspert hesab edir ki, Mərkəzi Bank kredit borcları ilə bağlı yalnız hansısa formada tövsiyələr verə və sosial məsuliyyətdən irəli gələn güzəştlər edə bilər: “Konstitusiya Məhkəməsi bu gün qanunvericilik və mülki məcəllənin müvafiq maddələrinin izahını verməlidir. Bunun nə üçün yubadılması isə çox maraqlıdır. Konstitusiya Məhkəməsi mülki məcəllənin 439-cu maddəsini dərindən təhlil etdikdən sonra cəmiyyətə son fikrini bildirilməliydi. Düşünmürəm ki, açıqlanacaq bu qərar hansısa formada vətəndaşların marağına uyğun olacaq. Çünki mülki məcəllənin təhlili və iqtisadi qanunauyğunluqları da onu göstərir ki, xarici valyuta ilə kredit görürən vətəndaş bu borcları xarici valyuta ilə də geri ödəməlidir. Deməli, qərar vətəndaşın xeyrinə olmayacaq”. 

Qaynar.info