Dünya 22:46 29.04.2013

Koreyalılar Qarabağdan yazdı

“Koreya Post” jurnalında Kəlbəcərin işğalı ilə bağlı məqalə dərc edilib.

Koreya Respublikasında nəşr olunan “Koreya Post” məcmuəsinin aprel buraxılışında Kəlbəcər rayonunun işğalı ilə bağlı məqalə dərc edilib. Anspress-in məlumatına görə, “Kəlbəcərin işğalından 20 il keçdi” başlıqlı məqalədə Kəlbəcərin tarixi, faydalı qazıntıları, Ermənistan tərəfindən zəbt edilməsi və işğalın bu diyarın köklü əhalisi olan azərbaycanlılar üçün faciəli nəticələrinə dair məlumatlara yer verilir. 

Məqalədə Kəlbəcər Azərbaycanın ən gözəl şəhərlərindən biri kimi xarakterizə olunur və “Kəlbəcər” sözünün qədim türk dilindən götürülərək mənasının “çay üzərində körpü” olduğu bildirilir. Həmçini yazıda Kəlbəcərin tarixinə toxunularaq onun dünyanın ən qədim insan məskənlərindən biri olduğu göstərilir və bu ərazidə yaşamış ən qədim insanın yaşının 4 milyon ildən artıq olduğu vurğulanır.

Məqalənin sonunda beynəlxalq ictimaiyyətin Kəlbəcərin işğalına münasibətindən söz açılaraq, əsas diqqət onun işğalı ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən erməni hərbi birləşmələrinin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan 822 saylı və digər 3 qətnamənin qəbul edildiyinə cəlb edilir, həmin qətnamələrin tələblərinin bu günədək yerinə yetirilmədiyi bildirilir.

Qaynar.info