Dünya 18:36 29.04.2013

Korrupsiya qalmaqalında adı hallanan məmuru kim zəhərlədi? - ANALİZ

Rusiya prezidenti Vladimir Putin Şimali Qafqaz bölgəsinə etdiyi son səfəri zamanı elə televiziya kameraları qarşısındaca verdiyi şok qərarla "Şimali Qafqaz kurortları" dövlət konsernin rəhbəri Əhməd Bilalovu tuduğu vəzifədən azad etmişdi.

Birbaşa efirə verilən proqramda Putin ətrafı ilə birlikdə Soçi Olimpiadasının keçiriləcəyi nəhəng idman komplekslərində aparılan işlərlə tanış ola-ola Əhməd Bilalovun "yarıtmaz" fəaliyyəti barədə və tikinti zamanı yol verilən səhlənkarlıqlar haqqında köməkçilərinin verdiyi raportları böyük qəzəblə dinlədikdən sonra Bilalovun fəaliyyətinin araşdırılması ilə bağlı tapşırıq verdi.

Məbləği yüz milyonlarla ölçülən yeyintinin izini axtaran prokurorlar yeyintidən yararlanmış rus məmurların siyahısını tərtib etdikdən sonra bir müddət bu məsələ barədə mətbuata məlumat verməmək qərarına gəldilər. Putinin qarşısına qoyulan siyahıda yüzlərlə yüksək vəzifəli məmurun, nazirlərin, Putin Administrasiyasının əməkdaşlarının, Şimali Qafqaz regionlarının qubernatorlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin və digər yüksək çinli məmurların adının olması Kreml rəhbərini çıxılmaz vəziyyətdə qoydu.

Aradan bir neçə gün keçdikdən sonra Əhməd Bilalovun və onun qardaşının Rusiyanı tərk etdikləri barədə məlumatlar yayıldı. Ziddiyyətli məlumatlar həftə ərzində ölkəni çaş-baş saldı. Ortaya atılan versiyalara heç cür həqiqət donu geyindirə bilməyən Rusiya hakimiyyəti sonda Bilalovun müalicə üçün Almaniyaya getdiyini bildirdi. Müstəntiqlərə telefonla ifadə verən Bilalov ilkin ifadələrində konkret bir söz deməsə də, bəzi media orqanlarında onun Kreml təzyiqlərini artırarsa "korrupsiya piramidsının" üstünü açacağını söylədiyi haqda xəbərlər yayıldı.

İki aylıq sakitlikdən sonra ötən gün yayılan şok xəbərlərdə orqanizmindəki civənin kəskin artması diaqnozu ilə Əhməd Bilalovun Almaniyadakı klinikalardan birinə gətirildiyi bildirildi. Qoyulan diaqnoz civə zəhərlənməsi idi. Axşam saatlarına yaxın Bilalovun özü Rusiya KİV-lərinə verdiyi açıqlanmasında, həqiqətən də, civə ilə zəhərləndiyini, amma bu işdə heç kəsi günahlandırmadığnı bəyan edib.

O, hələ Moskvada olarkən zəhərləndiyini bildirib. Son məlumatlara görə rus polisi onun ofisində işləyənləri analiz vermək məqsədi ilə xəstəxanaya aparıb. Analizlərin nəticəsi haqda isə heç bir məlumat verilməyib. Çox maraqlıdır, civə yeyiləsi bir şey deyil ki, onu soyuducuya qoyub nar şirəsi ilə səhv salıb içəsən və təsadüfən də zəhərlənəsən. Məsələnin qaranlıq olduğu artıq bəllidir, yəni Bilalov verdiyi bu bəyanatla özünü axmaq yerinə qoysa da, sanki ölümqabağı Kremldən ailəsinin var-dövlətinə sahib ola bilməsinə və rahat yaşamasına zəmanət istəyir: "Susacam, ailəmlə işiniz olmasın".

Bəli, reallıq budur və oliqarx artıq mesajını verib. Bir sözlə, "Bəli, zəhərləndim, amma heç kəsdən şübhələnmirəm" sözləri ilə o, "məni zəhərlədiniz, günah keçisi oldum, susacam və bunun qarşılığında ailə biznesimə toxunmayın heç olmasa" demək istəyib Kremlin ucuz ölümlə zəhərlədiyi zavallı Bilalov.

Hadisələrin gedişi irəliləyən həftələrdə məlum olacaq. Bu, Bilalovun nə vaxta ölməsindən və Kremlin onun fəryadına nə zaman cavab verəcəyindən asılıdır. Amma bunlar bir yana qalsın, gəlin son zamanlar rus mediasının ulduzuna çevrilmiş Əhməd Bilalovun həyat hekayəsinə bir nəzər salaq.

Baş gicəlləndirən kareyasına rəğmən qazandığı milyonların köməyinə çata bilmədiyi, məhz bu milyonlar uğuruna qurban verilmiş, milyonlarla "günah keçisindən" biri Əhməd Bilalov 1970-ci ildə Dağıstanda anadan olub. Milliyyətcə avardır. Məşhur Rusiya biznesmeni və sözükeçən məmurdur.

1993-cü ildə Rusiya dövlət iradəçiliyi akademiyasını, daha sonra isə Rusiya XİN-in Diplomatiya akademiyasını bitirib. Müdafiə etdiyi dissertasiyanın adı "Rusiyanın Xəzər regionundakı maraqlarının qorunması strategiyasıdır".

"Edinaya Rossiya" partiyasının mərkəzi aparınta təftiş komissiyasının üzvüdür. 1999-cu ildə Rusiya Dövlət dumasına deputat seçilib. 2011-2012-ci illərdə Krasnodar diyarından Rusiya Federasiya şurasının üzvü olub. Daha sonra Bilalov Rusiya Olimpiya Komitəsinin təşkilat komitəsinə üzv təyin olunub. "Şimali Qafqaz kurortları" dövlət konserninə rəhbər təyin edildikdən sonra Əhməd Bilalova Putinin sərəncamı ilə 2014-cü ildə Soçidə keçiriləcək qış olimpiadasının şəhərciyinin tikintisinə rəhbərlik etmək tapşırılıb. Kiçik qardaşı Məhəmməd Bilalov Rusiyanın nəhəng banklarından olan "Naçbiznesbank" sahibidir.

Qafqaz Ömərov
Qaynar.info