Texnologiya 12:01 06.09.2017

Kosmonavtika və Azərbaycan

Bir sıra elmi-fantastika və elmi-kütləvi kitabların müəllifi olan Rusiyalı yazıçı və jurnalist Anton Pervuşinin əsas mövzusu kosmonavtikadır. Yazıçının bildirdiyinə görə, kosmonavtika ilə bağlı bir sıra önəmli hadisələr Azərbaycanda- Bakıda baş verib.

Sovet kosmonavtikası raket istehsalı ilə başlayıb. Sovet alimləri o zamankı hakimiyyəti bu gənc sahənin inkişafının vacibliyinə inandırmaq üçün xeyli zəhmət çəkməli olublar. 1932-ci ildə məşhur konstruktor Sergey Korolyovun hazırladığı raket üçün yanacaq problemi meydana çıxmışdır - maksimum qatı, möhkəm və yüksək enerjili yanacaq tələb olunurdu.

S. Korolyov mühəndis Nikolay Yefremovu Bakıya göndərir. Burada o, raket texnikası üzrə mühazirə oxumalı idi. N. Yefremov Bakıda Azərbaycan Neft  İnstitutunun əməkdaşı Qurviç ilə tanış olur, ona "qatılaşdırılmış" benzin haqqında danışır.  Bu məhsulun istehsal texnologiyası çox sadədir: benzin kanifol lə qarışdırılır və solidol tipli kütlə əmələ gəlir. “Bakının "qatı" benzini Tixonravovu "09" işarəli yeni raketin istehsalına sövq edir”, - deyə Pervuşin danışır.

 "GİRD-09" adlı ilk sovet raketinin qurulmasına 17 avqust 1933-cü ildə Moskva yaxınlığındakı Naxabino poliqonunda start verilib.  Raket "Bakı yanacağı" ilə 18 saniyədə, təxminən, 400 metr hündürlüyə qalxıb. Korolyov bu göstəricini son dərəcə uğurlu nəticə sayaraq, ölkə rəhbərliyinə bu haqda məlumat verib. Nəticədə, rəhbərlik raket istehsalını perspektivli sahə kimi təsdiqləyib.

 

Kərim Kərimov

Kosmonavtikanın inkişafının ilkin mərhələsi İkinci Dünya müharibəsi dövrünə düşüb. Müharibəsinin başlandığı vaxt artıq Bakıda raket mütəxəssislərindən ibarət böyük bir qrup var idi. Onların arasında məşhurluq qazanmış gənc mühəndis azərbaycanlı Kərim Abbasəli oğlu Kərimov da var idi. Digər bakılı həmkarları kimi, K.Kərimov da raket üçün  "qatı" yanacaqla məşğul olurdu. O vaxtı faşist Almaniyası raket istehsalı sahəsində digər ölkələri xeyli qabaqlayırdı. Məhz bu üzdən müharibədən sonra onların bu sahədəki fəaliyyətini öyrənmək üçün Almaniyanın şimal-şərqində yerləşən Penemyunde şəhəri yaxınlığındakı poliqona -Üçüncü Reyxin raket mərkəzinə və digər "elmi şəhərlər"ə SSRİ və ABŞ-dan mütəxəssislər yollanmışdılar.

1946-cı ildə K. Kərimov Almaniyanın Nordhauzen şəhərinə ezamiyyətə göndərildi.  Orada dağlarda yaradılmış sexlərdə məşhur “FAU” raketləri hazırlanırdı. Amma amerikalılar sovet həmkarlarından əvvəl özlərini Reyxin "intellektual mülkiyyəti"nə yetirmiş, ən qiymətli işləri oradan götürmüşdülər.  Belə qurğuların ən məşhur istehsalçısı olan Verner fon Braun da amerikalılar tərəfindən "götürülmüşdür". O, 15 il sonra Amerika astronavtikasının banisinə çevrilmişdi.

Beləliklə, sovet raketçiləri amerikalılardan qalanları zərrə-zərrə toplamalı olmuşdular. Bu mənada Penemyunde İnstitutunun texniki şöbəsinin rəhbəri fon Qryotrubun işə cəlb olunmasını böyük nailiyyət saymaq mümkündür. Kərimov sonralar bu özündən razı almanın və onun xanımının öz davranışları ilə sovet mütəxəssislərinin, çalışqan insanları necə mat qoymalarından gülərək danışırdı.Sən demə onlara ayrıca bağ evi ayrılıbmış. üstəlik, fon Qryotrub öz inəyinin də SSRİ-yə gətirilməsini tələb edirmiş, çünki, o, öz inəyinin südündən başqa heç bir südü içmirmiş.

K. Kərimovun özünə gəlincə, o, sadəliyi, valehedici əmək qabiliyyəti, enerjisi, ən qısa zamanda optimal yolları tapa bilmək bacarığı ilə seçilirdi. Beləliklə, Kərim Kərimov böyük mühəndislikdən aparıcı idarələrin rəhbəri postunadək olan müddəti çox asanlıqla keçmişdi.

Müharibədən 20 il sonra Kərimov  qitələrarası hərbi raketlərin hazırlanması ilə məşğul idi. Tezliklə SSRİ ilə ABŞ arasında yarış Yerdən kosmosa keçdi və K. Kərimova kosmosun tədqiqi sahəsinə keçməsi təklif olundu. Kərimovun özünün dediyinə görə, o, əvvəlcə bu təklifi şəxsi demobilizasiya kimi qəbul edib və bir qədər də inciyib. 1965-ci ildə K.Kərimov Ümumi Maşınqayırma Nazirliyinə təyinat alıb. Burada Kərimov Baş Kosmik İdarəyə rəhbərlik etməyə başlayıb. 1966-cı ildə Uçuşlar ızrə Dövlət Komissiyasının rəhbəri postunu tutub və 20 il bu vəzifədə çalışıb. Kərimovun bu vəzifəni icra etdiyi yalnız 1987-ci ildə üzə çıxıb.

K.Kərimov həmişə deyirdi ki, iş prosesində yol verilən ən cüzi nöqsan, kiçik yanlışlıq belə bütünlükdə layihəni məhv edə, yüzlərlə, minlərlə mütəxəssisin zəhmətini puça döndərə, ən başlıcası isə insan həyatı bahasına başa gələ bilər. O, kosmonavtları şəxsən yola salır, onların təhlükəsizliyi ilə bağlı da hər zaman böyük məsuliyyət hiss edirdi. O, özünün xatirələr kitabında yazır ki, 1967-ci ildə "Soyuz-1" gəmisi ilə kosmosa 2-ci dəfə uçmuş Vladimir Komarovun Yerə qayıdan zaman həlak olmasına səbəb paraşütün yerləşdiyi konteynerin daxili səthinin texnologiyaların pozulduğu zavodda hazırlanması olub.

"Soyuz-11"in Georgi Dobrovolski, Viktor Patsayev və Vladislav Volkovdan ibarət heyətinin faciəvi ölümünə də buna bənzər yanlışlıq yol açıb.

"Soyuq müharibə" dövründə Moskva rəhbərliyi azərbaycanlı konstruktoru tələsdirirdi. 1967-ci ilin iyulunda SSRİ Dövlət Müdafiə Şurasının toplantısında Sov.İKP MK-nın Baş katibi L.İ.Brejnev "Vosxod" proqramının pozulmasından narazılığını bildirmiş, bunun böyük kosmik fövqəldövlət olan SSRİ-nin nüfuzuna zərbə vurduğunu bəyan etmişdi. O zaman Brejnevin azsaylı opponentləri arasında həmyerlimiz K.Kərimov da var idi. K. Kərimov etirazını kosmonavtların həyatının təhlükəyə atılmasının yolverilməz olduğu ilə əsaslandırmışdı.

Kərim  Kərimov Sovet dövlətinin kosmonavtika ilə bağlı bütün layihələrində iştirak etmişdi. O, 74 yaşında istefaya getsə də, Uçuşların İdarə olunması Mərkəzində həftədə 3-4 dəfə məsləhətçi kimi fəaliyyətini davam etdirirdi. K. Kərimov işə hər dəfə eyni vaxtda - saat 07:10-da adi elektrik qatarı ilə gedirdi.

 

Tofiq İsmayılov     

Sovet kosmonavtikasının təşəkkülündə digər bir həmyerlimiz - texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki Tofiq İsmayılovun verdiyi töhfələri də unutmaq olmaz. O, 1956-cı ildə Moskva Elektrotexnika və Rabitə İnstitutunu bitirib. 1964-cü ildə Bakıya dönən İsmayılov əvvəlcə mühəndis kimi çalışıb, sonra Azərbaycan Politexnik İnstitutunda dərs deyib. 80-ci illərin əvvəllərində fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda davam etdirən T.İsmayılov, burada yarımkeçiricilər sahəsində elmi işə başlayıb. 1985-ci ildə SSRİ-də ilk və yeganə olan Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunu yaradan İsmayılov Azərbaycan Elmlər Akademiyası yanında fəaliyyət göstərən bu instituta rəhbərlik edib. 

Tofiq İsmayılovun insanları bir araya gətirmək, eyni düşüncəli insanlardan kollektiv formalaşdırmaq, ən yaxşı, ən istedadlı mütəxəssisləri bir araya toplamaqda böyük bacarığı var idi. İsmayılovun növbəti və təəssüf ki, sonuncu ünvanı Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Tədqiqatlar və elmi-istehsalat işləri üzrə Baş direktoru və baş konstruktoru vəzifələri olub. 1991-ci ilin məşum 20 noyabr gecəsində Dağlıq Qarabağla bağlı artıq qızışmaqda olan münaqişənin qarşısını almaq üçün Azərbaycan xalqının qaymaqları, siyasətçiləri, alimləri vertolyotla Qarabağa yollanmışdılar. Separatçılar tərəfindən vurulan "Mi-8" vertolyotunda 

görkəmli alim, Azərbaycanda kosmonavtika elminin yaradıcısı və əsas simalarından biri Tofiq Mir Kazım oğlı İsmyılov (1933-1991) da var idi. 

Tofiq İsmayılov əslən məşhur Basqal kəndindən idi. Bu yazının həmmüəlliflərindən olan Bəhram Basqallı fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, həm də Azərbaycan Yazıcılar Birliyinin üzvüdür. Bəhram bəy 30 ildən artıq AMAKA-da çalışmış, adi mühəndislikdən şöbə rəisliyinə qədər yüksəlmişdir. Bəhram Basqallı aşağıdakı şeri Tofiq İsmayılovun işıqlı xatirəsinə həsr edib:

Qızılgül nəfəsli, polad biləkli,

Dəmir iradəli, yuxa ürəkli,

Ağsaqqal ağıllı, körpə diləkli,

Ay ellər, Basqaldan bir insan çıxıb!

Elm dəryasında üzən bir gəmi, 

Zəkası bol məhsul verən bir zəmi,

Fəhmi həll edirdi hər problemi,

Ay ellər, Basqaldan bir Loğman çıxıb!

Basmışdı Vətəni geniş köksünə,

Şir kimi gedirdi düşmən üstünə,

Bu gün təzim edək onun büstünə,

Ay ellər, Basqaldan qəhrəman çıxıb!

Ruhu qarşısında biz  baş endirək,

Məzarı önündə çiçəklər sərək,

“Bismillah”  söyləyib fatihə verək,

Ay ellər, Basqaldan müsəlman çıxıb! 

Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi 2007-ci ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində Milli Aerokosmik Agentliyi kimi fəaliyyət göstərir və ölkənin hərbi qüdrətinin möhkəmlənməsində, o cümlədən ballistik raketlərin məsafədən aşkarlanması, peyk kəşfiyyatı, bundan əlavə naviqasiya rabitasi, ekoloji problemlərin və mülki təyinatlı məsələlərin həllində öz töhfələrini verməkdədir.


Musa Manarov                                             

2013-cü il dekabrın 3-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center) təşkil etdiyi "Kosmosa səyahət" sərgisində- Həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov və Milli Aerokosmik Agentliyin  məsul işçisi Ərşad Əhmədli


Ərşad Əhmədli

Kosmonavtikanın inkişafına öz töhfəsini vermiş daha bir həmvətənimiz Musa Manarovdur. 1987-ci il dekabrın 21-dən 1988-ci il dekabrın 21-dək o, "Soyuz TM-4" kosmik gəmisində bort mühəndisi kimi uçuş keçirib, bundan sonra isə "Mir" orbital kompleksinin göyərtəsinə keçib. Manarov o zaman hələ də təkrarlanmamış dünya rekordu müəyyənləşdirib - o, 365 sutka 23 saat orbitdə olub. Elə həmin il Manarova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1990-cı il dekabrın 2-dən 1991-ci il mayın 26-dək Manarov "Soyuz TM-11" kosmik gəmisində və "Mir" orbital kompleksində bort mühəndisi kimi 2-ci uçuşunu keçirib. Bu uçuş 175 sutka 2 saat davam edib. O, 7 dəfə açıq kosmosa çıxıb və ümumilikdə orada 34 saat 23 dəqiqə qalıb.

Kosmos - insan məskəni

Həmin uzaq 60-70-ci illərdə adi insanlar belə bu gün olmasa da, sabah kosmos erasının gələcəyinə əmin idilər. SSRİ və ABŞ-ın xəyalpərəst yazıçıları hələ uzaq 80-ci illərdə Marsı, Yupiterin peyklərini öyrənən qəhrəmanlarından yazırdılar. O günlərdə raket texnikası ilə bağlı çox sayda simpoziumlar keçirilirdi. Kosmonavtikanın əsas nəzəriyyəçisi olan Akademik Keldış Bakıya tez-tez gəlirdi. O, 1972-ci ildə məhz Bakıda Beynəlxalq Astronavtika Konqresində səsləndirdiyi məruzəsində "kosmosun insan məskəni olacağına" əminliyini ifadə etmişdi: "Əminliklə söyləmək olar ki, insanlar planetlər arasında uçacaqlar. İllər əvvəl insanların yeni qitələrdə konkret nə tapacağını söyləmək çətin olduğu kimi, onların planetlərdə də nələrə rast gələcəklərini indidən söyləmək mümkünsüzdür. Necə ki, vaxtilə ilk cəsur dənizçilərin okeanda üzdükləri qayıqlar indi bizə primitiv, qeyri-təkmil təsir bağışlayır, gələcəkdə yeni planetlərə uçacaq şəxslərə də müasir raketlər eyni təsiri bağışlaya bilər. Çünki biz hələ Yer kürəsindən kənara gedən yolun lap başlanğıcındayıq.  Hələ bir çox çətin texniki məsələlər çözülməlidir. Amma proses başlayıb, o, tempini sürətlə artırır. Və şübhə yoxdur ki, "Günəş sisteminin fəthi qarşıdakı yüzillikdə bəşər övladının taleyinə çevriləcəyinə" dair K. E. Siolkovskinin peyğəmbərcəsinə söylədiyi fikirlər həqiqət olacaq. 

2013-cü il fevral ayının 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılmışdır. Bu, hər bir azərbaycanlı üçün böyük, əlamətdar hadisədir. Həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov 2013-cü il dekabrın 3-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin (United States Space and Rocket Center) təşkil etdiyi "Kosmosa səyahət" sərgisində qeyd edib ki, "Son vaxtlaradək Azərbaycan gənclərinin baxışları aşağı, yerin təkinə dikilmişdi. Azərbaycan neftçiləri neft hasil edərək bir çox onilliklər ərzində məşhurlaşdılar. Amma indi vəziyyət bir qədər dəyişib, Azərbaycan ilk peykini kosmosa buraxıb və çoxlu gənc daha çox yuxarı, səmaya baxacaq. Düşünürəm ki, sərgiyə çoxlu gənclər gələcək və çox güman ki, artıq az bir müddətdən sonra çoxlu sayda azərbaycanlı astronavt və kosmonavt bizimlə yanaşı dayanacaq".


Bəhram Basqallı