Məmməd SÜLEYMANOV
Sənət 10:58 05.11.2019

Kosta-Qavrasın “Dzeta”sı: Qeyri-siyasi heç nə yoxdur...

Məmməd Süleymanov

1963-cü ilin mayında Yunanıstanda leqal fəaliyyət göstərən yeganə Sol partiyanın liderlərindən biri - Qriqoris Lambrakis paytaxtdan Saloniki şəhərinə gəlir. Keçmiş Olimpiya çempionu, həkim, parlamentin deputatı olan 51 yaşlı Lambrakis burada hakimiyyət tərəfindən qətlə yetirilir.

Hakimiyyət faciəni bədbəxt təsadüf kimi təqdim edir. Bu, ümumi məntiqə tamamilə uyğundur - jandarmeriyanın rəisinin söylədiyi kimi, "Bizdə demokratiyadır, siyasətçiləri öldürmürlər, hətta mitinqə icazə də veririk”. 

Əlbəttə, leqal siyasətçilərin qətli mövcud qaydalar çərçivəsindən kənara çıxır. O kommunistlərdir ki, Yunanıstan hakimiyyəti onları qanundankənar elan edib, gizli kompartiyanın üzvləri ya türmədə, ya məzarda, ya da mühacirətdədir. 

Leqal partiya ilə isə leqal üsullarla davranılmalıdır.

Bunun üçün hakimiyyətin nəzdində sinifsiz elementlərdən və cəmiyyətin tör-töküntülərindən təşkil olunmuş muzdlu dəstələr var (Bu da dünyanın hər yerdədir -ya irqçi, ya dini, ya millətçi qruplar, yaxud ölüm eskadronları yaradılır və çirkli işlər onlara etibar edilir).

Bu dəfə də hakimiyyət işi elə təşkil edir ki, guya mitinqə icazə verib. Təxribat yaradır və iki neofaşist yaranan xaosda Lambrakisin başından dəyənəklə vurur.

Lambrakis 5 gün komada qalır və vəfat edir. Bu cür hədəf müxtəlif məkanlarda təkcə siyasətçi yox, hüquq müdafiəçisi, jurnalist, yaxud yazıçı-publisist də ola bilər (və olur da). Zahirən isə hadisə məqsədyönlü siyasi qisas, dövlət terroru yox, məhz təsadüf, hətta məişət kriminalı kimi təqdim olunur.

Ancaq Lambrakisin misalında plan baş tutmur. Etirazlar başlayır və hökumət istefaya yollanır.

***

Həmin hadisə haqqında yazıçı Vasilis Vasilikos "Dzeta” əsərini yazır və mühacirətə yollanmağa məcbur qalır. Əsərin adı Lambrakisin qətlindən sonra Yunanıstanın bütün şəhərlərinin divarlarında peyda olan "Z” işarəsi ilə əlaqədardı, Yox, ölkədə kraldan qisas almaq üçün yeni Zorro peyda olmamışdı. İşarənin deşifrəsi  "Zei” ("O, yaşayır”) idi. Afinada 500 min nəfərlik mitinq isə hakimiyyəti laxladır.

1968-ci ildə rejissor Kosta-Qavras "Dzeta” əsərini ekranlaşdırır. Kommunist Vasilikosun əsəri əsasında ssenarini ispan yazıçısı, kommunist Xorxe Semprun yazır. Məşhur yunan bəstəkarı, kommunist Mikis Teodorakis həmin vaxt növbəti dəfə türmədə idi, filmin musiqisini orada yazıb Fransaya - Kosta-Qavrasa yollayır. 

Beləliklə, aktuallığını bu gün də saxlayan siyasi kino - "Dzeta” filmi ərsəyə gəlir. Film "Oskar” da alır (ən yaxşı əcnəbi film kimi), Kannda da mükafatlandırılır, Kosta-Qavrasın adını etirazçı dairələrdə parola çevirir, özü isə müqavimət kinosunun ən parlaq nümayəndələrindən biri kimi tanınır.

***

Kosta-Qavrasın atası keçmiş partizan idi - kommunistlərin Milli Azadlıq Cəbhəsinin (EAM) tərkibində işğal vaxtı nasistlərə, Vətəndaş müharibəsində isə millətçilərə və royalistlərə qarşı vuruşmuş, həbs olunmuş, azadlığa çıxandan sonra ailəsi ilə Parisə köçmüşdü. Özünün Sol baxışlarını ömrü boyu hifz edən rejissorun ideoloji seçimində atasının rolu danılmazdır.

Kosta-Qavras Parisdə "Yeni dalğa”nın bir çox rejissorunun ( Rene Kler, rene Kleman, Jak Demi və başqaları) filmlərində assistent olur. 

Onun bütün filmlərində siyasi mövqe var, ancaq hamısında da Kosta-Qavras faktik materiala əsaslanır. O, nəinki özündən heç nə uydurmur, əksinə real hadisəni necə varsa o cür, bir tarixçi vicdanı ilə çəkir.

Məsələn, 1972-ci ildə ekranlara onun "Mühasirə vəziyyəti” filmi çıxır (Təsdiqləyim ki, bu, Kosta-Qavrasın ən sevdiyim filmidir), Süjetin mərkəzində 1970-ci ildə Uruqvay marksist şəhər partizanları Tupamaros tərəfindən (yeri gəlmişkən, "Dünyanın ən kasıb prezidenti” Xose Muxika da tupamaros idi) işgəncələr üzrə təlimatçı Den Mitrionenin qaçırılaraq ödürülməsi dayanır. 

Bu barədə yazıçı-jurnalist Con Lanqqutun sənədli "Gizli terror” əsəri var (Noam Xomskinin masaüstü kitablarından biri). Lanqqut əsərdə tədqiqatçı dəqiqliyi ilə ABŞ-ın Latın Amerikasında Sol partizanlara qarşı yaratdığı işgəncə mərkəzlərindən söz açır. Uruqvayda həmin mərkəzə başçılıq edən Mitrione qətlə yetiriləndən sora ölkəsində təntənə ilə dəfn edilir, Frenk Sinatra onun xatirəsinə xeyriyyə konserti verir.

Həmin hadisələrdə Kosta-Qavrasın simpatiyası birmərrə olaraq şəhər partizanlarnın tərəfindədir. Bununla belə, o, Lanqqutun yazdıqlarına heç nə əlavə etmir, reallığı olduğu kimi çatdır. Doğrudan da reallıq təxəyyüldən daha güclü, qara fantaziyadan daha dəhşətli olurmuş.

1982-ci ildə Kosta-Qavras "İtkin” filmini çəkir. Alyende hökumətinə kömək etmək üçün Çiliyə gəlmiş 31 yaşlı amerikalı sosialist Çarlz Holman burada Pinoçetin gizli polisi tərəfindən oğurlanaraq işgəncələrdən sonra qətlə yetirilir. Oğlunu tapmaq üçün Çiliyə gələn ata onun cəsədini öldürülmüş çoxsaylı kommunist və sosalistlərin cəsədləri arasında böyük çətinliklərdən sonra tapa bilir. ABŞ susur - axı öldürülən onun vətəndaşı olsa da, marksistdir.

Əslində, "İtkin” filmi ilə Kosta-Qavras həm də "Siyasi kino”nun ölümünü elan edir. 60-70-lərin entuziazmı bitib, "döyüşən kino”nun yerinə "humanitar kino” gəlib və burada qəhrəmanlar daha döyüşçülər yox, qurbanlıqlar və şahidlərdir. Vur-tut.

***

"Dzeta” da böyük faktik materialın əsasında ərsəyə gəlib. Üstəlik, Kosta-Qavrasın eyhamı da şəffafdır - məkan Yunanıstan yox, istənilən totalitar cəmiyyət, "üçüncü dünya” ölkəsi ola bilər. Sxem eynidir, spesifika yalnız yerli koloritə görə fərqlənir.

Kosta-Qavrasın təsvirində əks-inqilabın banal portreti cızılır: hökumətlə sinifsiz ünsürlərin birgə fəaliyyəti. Yəni, hakimiyyət bu tör-töküntülərdən özünə lazım olanda istifadə etmək üçün bandit qruplaşmaları yaradır və maliyyələşdirir. Onlara hətta ideologiya a verir - millətçilik, dövlətçilik, xalqçılıq, dinçilik.

Bu ultrasağçı qrupların üzvləri adətən savadsız, analiz qabiliyyəti olmayan, kütbeyin, konformist gənclərdir. Qara xidmətləri müqabilində onlar işlə və pulla təmin olunurlar.

Bir sözlə, ultrasağçılar heç də yerdən cücərib çıxmayıb. Onları hakimiyyət özü yaradıb, manipulyasiya edir və lazım olmayanda da ləğv edəcək.

Bu filmdə satqın bulvar mətbuatının nümunələri də var. Əri komada olan qadına yalnız bulvar mətbuatı "Siz ideal cütlüksüz?” sualı ilə müraciət edə bilər.

Kosta-Qavras xüsusən də bu reallığı qavramaqda 30 il gecikmiş bizlərə (bizə bu təfərrüatlar Sovetin demontajından sonra bəlli olmağa başlayıb və hələ də geniş kütləni əhatə etməyib) göstərir: məzlumların ara-sıra baş qaldıran əsassız özünəinamı fonunda əzənlərin saysız-hesabsız taktiki gedişləri var. Sartrın söylədiyi kimi - Sinfi şüur yalnız hakim sinifdə inkişaf edib. 

Və nə heyf ki bu taktika cəbbəxanasındakı çeşidli metodlardan bixəbər olan əzilənlər heç vaxt ümui mənzərəni görə bilməyəcəklər. Onlar yalnız ayrı-ayrı kadrları görəcək və hər kadrı bütöv mənzərə sayacaqlar. Bir sözlə, fraqmentar düşüncə.

Ancaq Kosta-Qavrasın filmində elə bir nüans da var ki, bizim üçün ağlagəlməzdir: Lambrakisin qətlinin siyasi sifariş olduğunu məhz dövlət nümayəndəsi - müstəntiq Xristos Sardzetakis sübut edir. Bunu təsəvvür etmək belə çətindir: müstəntiq hadisənin bədbəxt təsadüf olmadığını təsdiqləmək üçün karyerasını zərbə altına qoyaraq çalışır və qalib gəlir (Yeri gəlmişkən, Sardzetakis 1985-90-cı illərdə Yunanıstanın prezidenti olur).

Ancaq nə faydası? Məhkəməyə qədər şahidlərin 7-si ölür (qəfil ürək tutması, bədbəxt hadisə və s.), cinayətin ifaçısı olmuş 2 neofaşist yüngül cəza alır, polis rəhbərləri isə cəzasız qalır.

Düzdür, hökumət istefaya gedir, yeni seçkilər təyin olunur, bu seçkilərdə Sol qüvvələrin qalib gəlmək şansı yüksəkdir, ancaq hərbi çevriliş baş verir və hakimiyyətə "Qara polkovniklər” gəlir. Vəssalam, dövrə qapandı. Sistemi pasifist yollarla çökdürmək ilğımı növbəti dəfə reallığa dəyərək çilik-çilik olur.

Filmin son titrlərində "Qara polkovniklər”in qoyduğu qadağaların siyahısı yazılır: Uzun saçlar və qısa yubkalar. Aristofan və Sofokl. Tolstoy və Çexov. Fəhlə tətilləri və azad mətbuat. Sartr və Harold Pinter. Trotski və Mark Tven. Sosiologiya və müasir musiqi. Dostoyevski və İonesko. Sirtaki və əlbəttə ki, Z işarəsi...

P.S. 86 yaşlı Kosta-Qavras Parisdə yaşayır. Son filmi "Kapital” adlanır - Marksın kitabını ekranlaşdırıb.

85 yaşlı Vasilis Vasilikos "Qara polkovniklər”in devrilməsindən sonra Afinaya qayıdır. Yunanıstanın YUNESKO-da səfiri olur. 2012-ci ildə Demokratik Sol partiyadan, bu il isə SİRİZA-dan parlamentə seçilir.

95 yaşlı dünya şöhrətli bəstəkar Mikis Teodorakis dəfələrlə parlamentin deputatı olur. Müstəqil Vətəndaşlar Hərəkatı yaradır. 

90 yaşlı Xristos Sardzetakis 1985-ci ildə Yunanıstanın prezidenti seçilir...