Video 22:05 29.09.2018

Kredit İttifaqı vətəndaşları necə aldadıb? (VİDEO)

İmişli şəhər sakini Ramiz İsmayılov illər əvvəl əmlakını girov qoyaraq "İlham" Kredit İttifaqından kredit götürüb.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, o, borcunu qaytardığını, amma buna baxmayaraq 10 ilə yaxındır ki, evinin girovluqdan çıxarılmadığını iddia edir: "2010-cu ildə "İlham" Kredit İttifaqından 4 min manat məbləğində kredit götürmüşəm. Elə həmin il borcumu faizlərlə birlikdə bağlamlışam. Çeklər də məndədir".

Bundan sonra "İlham" Kredit İttifaqından borcun bağlanması və əmlakın girovdan azad edilməsi üçün sənəd təqdim edilib. Amma Ramiz İsmayılovun əmlakı girov qoyularaq kredit xəttinin açıldığı kredit agentliyinə yönləndirilib. Ordan isə bildirilib ki, vətəndaşa məxsus İmişli şəhərində yerləşən evi girovluqdan azad edə bilməzlər.

"İlham" Kredit İttifaqının kredit götürdüyü agentliklə əlaqə saxlanılıb. Agentliyin İdarə Heyətinin sədri Arif Əliyev deyib ki, sözügedən kredit ittifaqı şikayətçi vətəndaş ilə yanaşı, daha bir neçə vətəndaşın mənzilini ipotekaya qoyub və bu əmlakların dəyərinə uyğun kredit alıb. Daha sonra isə vətəndaşa kiçik həcmdə kredit verib. Vətəndaş da sanki öz halal pulunu kredit ittifaqından borc şəklində alıb və zamanla geri qaytarıb.

İpoteka müqaviləsinin şərtlərindən aydın olur ki, "İlham" Kredit İttifaqı bir neçə əmlakı girov qoyaraq 92 min manat məbləğində kredit götürüb. Daha sonra həmin vəsaiti geri qaytarmadığına görə vətəndaşların mənzillərini girovluqdan azad etmək mümkün olmur.

Haqqında ittihamlar səslənən ləğv edilmiş "İlham" Kredit İttifaqından rəsmisi Yusif Vəlizadə isə bildirib ki, götürülən kreditin bir hissəsi evləri girov qoyulan vətəndaşlara, bir hissəsi isə başqa şəxslərə kredit şəklində verilib. Daha sonra həmin şəxslərdən yığımlar zamanı problem yarandığından kredit agentliyinə də əsas kreditin qaytarılmasında problem yaranıb.

Məsələ ilə bağlı hüquqşünas Xəyal Bəşirov qeyd edib ki, burada dələduzluq elementləri var. Qanunvericiliyə əsasən, yalnız kredit agentliyindən götürülən 92 min manat ödənilməlidir ki, girovlar azad edilsin. Zərərçəkən vətəndaşlar məsələnin həlli olunması üçün "İlham" Kredit İttifaqının rəhbərliyinin dələduzluğu haqqında hüquq mühafizə orqanlarına müraciət etməlidirlər.