Ekonomiks 14:58 22.02.2014

“Kupça” almaq bugündən etibarən ASANlaşdı

Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının 22-dən etibarən Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2014-cü il tarixli müvafiq Fərmanına uyğun olaraq ərazi qeydiyyat idarələri və şöbələri ilə yanaşı, “ASAN xidmət” mərkəzlərində komitənin təşkil etdiyi xidmət bölmələri vasitəsi ilə həyata keçirir. 

“Qafqazinfo” xəbər verir ki, vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinin regional qeydiyyat idarə və şöbələri ilə paralel olaraq mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına dair, habelə, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına dair çıxarışların və texniki pasportların verilməsi ilə bağlı sənədlərini eyni zamanda, “ASAN xidmət” mərkəzlərində yaradılmış xidmət bölmələrinə də təqdim edə bilərlər. Qəbul edilmiş sənədlər komitənin müvafiq ərazi idarələrində öyrənilərək, qanunvericiliklə müəyyən edilmiş müddətlərdə baxılaraq həll ediləcəkdir. Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların və əmlak sahiblərinin nəzərinə çatdırır ki, qeyd edilən xidmətlərlə bağlı müraciətlər zamanı qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun sənədlər təqdim etsinlər.

Əmlak Məsələləri Dövlət Komitəsi və Asan Xidmət mərkəzlərində göstərilən xidmətlər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa və Tarif Şurasının müvafiq Qərarına əsasən rüsum və xidmət haqları ödənilməklə həyata keçiriləcək.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və operativliyin daha da artırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Qaynar.info