Siyasət 13:19 04.12.2019

Lavrovun Bakı səfəri, “ikinci plan diplomatiyası” və “itirilmiş şans”lar ili (TƏHLİL)

Ötüşməkdə olan ilin mühüm siyasi-diplomatik hadisələrindən biri də Rusiyanın Xarici İşlər naziri S.Lavrovun Bakıya səfəri oldu.

Xatırladaq ki, S.Lavrov bir neçə həftə bundan əvvəl Yerevanda da olmuş və orada bir sıra görüşlər keçirmişdi. 

Bu səbəbdən, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Bratislava görüşü ərəfəsinə təsadüf etdiyindən səfərlə bağlı müəyyən gözəntilər vardı. Bəs səfər bu gözləntiləri nə dərəcədə doğrultdu?

Bizim üçün istinad edilə bilinəcək məqamlar əlbəttə ki, ilk növbədə Rusiya Xarici İşlər nazirinin özünün mətbuat konfrasında səsləndirdiyi fikirlərdir. 
S.Lavrov diqqəti daha çox son vaxtlarda yenidən aktuallaşmış bir məsələyə - münaqişənin nizamlanmasının humanitar aspektlərinə yönəltdi və bu müstəvidə əldə olunmuş razılaşmaların müəlliflərindən birinin elə onun özünün olduğunu bildirdi.

Əlbəttə ki, burada daha çox jurnalistlərin səfərləri və icmalararası dialoqlar problemləri gündəmə gəldi. Sözsüz ki, yerli ədəbiyyatda "xalq diplomatiyası”, əcnəbi ədəbiyyatda isə "ikinci plan diplomatiyası” adlandırılan bu məsələ önəmli məqamdır: qarşılıqlı səfərlər, jurnalist və ictimaiyyət fəallarının təmasları əlbəttə ki, münasibətlərdəki gərginliyi müəyyən qədər aradan qaldırır və prosesin gedişi ilə bağlı ictimaiyyətdə də müəyyən qədər təsəvvür yaradır. 

Bunlar olmayanda isə proseslə bağlı daha çox konspiroloji təəssürat yaranır və insanlar düşünürlər ki, siyasət və diplomatiya adamları onlardan tamamilə xəbərsiz hansısa danışıqlar aparır və bu danışıqların gedişində onların ölkələri üçün məqbul olmayan kompromislərə imza atırlar. 

Heç sözsüz, bu baxımdan "xalq diplomatiyaası” mühüm amildir, ən azı ona görə ki, o, tərəflər arasında qismən də olsa, etimad yaradır, şübhə və tərəddüdləri aradan qaldırır. 

Amma münaqişənin daha bir humanitar aspekti, özü də vacib aspekti əsir və girovların dəyişidirilməsi ola bilərdi. Azərbaycan prezidenti hələ bir il bundan əvvəl belə bir təkliflə çıxış etsə də, Ermənistanın baş naziri buna zəruri dəstək vermədi. Nə qədər təəccüblü olsa da, Rusiya tərəfi də bu məsələyə lazımi diqqət yetirmir, halbuki yaxın vaxtlarda Ukrayna ilə Rusiya arasındakı mülayimləşmə məhz əsir və girovların mübadiləsindən başladı. Üstəlik, burada belə bir məqam da var ki, hazırda Ermənistanda əsirlikdə olan azərbaycanlılardan biri - D.Əsgərov ümumiyyətlə, Rusiya vətəndaşıdır və təəssüf ki, yetərincə müddət keçsə də, hələ Kremlin bu məsələyə adekvat diqqəti sezilmir...

Bir az əvvəldə deyildi ki, Lavrovun səfəri nazirlərin Bratislava görüşünün ərəfəsinə təsadüf etdi və həm də bu aspektdən maraqlı idi. Məsələ bundadır ki, artıq iki il keçməsinə baxmayaraq, Ermənistanın yeni hakimiyyəti hələ də konkret müzakirə predmetlərindən qaçır və bu səbəbdən də Azərbaycan prezidenti sovuşmaqda olan ili bu yaxınlardakı çıxışında "itirilmiş şans”lar ili adlandırdı və ümid etdiyini bildirdi ki, növbəti ildə münaqişə tərəflərinin diplomatları və siyasətçiləri konkret nizamlanma ssenarilərini müzakirə edəcəklər.

Çox təəssüf, Rusiyanın xarici işlər naziri bu konteksdə konkret olaraq heç nə demədi, halbuki aydındır ki, "xalq diplomatiyası” nə qədər vacib məsələ olsa da o, bütün hallarda rəsmi diplomatiyanı əvəz edə bilməz. Odur ki, nəinki siyasi təhlilçilərin və politoloqların, o cümlədən də sıravi insanların da diqqəti daha çox nazirlərin növbəti, bu dəfə Bratislavadakı görüşünə yönəlib. Ümidlər böyük olmasa da, düşünürük ki, Rusiya öz satellitinin baş diplomatının diqqətinə çatdıra bilər ki, danışıqlar xətrinə danışıq praktikası araxada qalıb, hamı konkret məsələlərin müzakirə olunmasını və konkret nizamlanma ssenarilərinin çözülməsini umur. 

Bu konteksdə daha bir detalı qeyd edək ki, məsələn, Rusiyanın özünün Ukrayna ilə başladığı nizamlanma prosesinin mühüm bir məqamı da bu idi ki, hər iki tərəf münaqişənin nizamlanmasının mərhələli həll variantını qəbul edir. Di gəl, Azərbaycana gələndə Ermənistan tərəfi yalnız paket variantını qəbul edəcəyini israr edir. Maraqlıdır ki, həmsədr ölkələr də bu məsələdə tamam seyrçi mövqe tuturlar. 

Halbuki elə sağlam məntiq də deyir ki, problem yalnız mərhələli yolla çözülə bilər. Fəqət çox təəssüf, Rusiya xarici işlər naziri tərəfindən bu səpkidə hər hansı açıqlama olmadı...
 
"Qaynar" Analitik Mərkəzi