Siyasət 12:37 05.12.2019

Lavrovun Paşinyana "yox" deməsinin səbəbi: "Putinə pul lazımdır..." - Politoloq

"Lavrovun bu işlərin mərkəzində olması məni o qədər də "açmır". Çünki Lavrov olan yerdə həmişə Azərbaycan üçün problem olub". 

Bu sözləri Qaynarinfo-ya politoloq Qabil Hüseynli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycana silah satılmaması çağırışına "yox" deməsinə münasibətində bildirib. 
 


Siyasi ekspert Azərbaycana silah satışının Rusiya üçün indiki vəziyyətdə əhəmiyyətindən bəsh edib: "Amma onun son Bakı səfərindən sonra görürəm ki, Lavrova Putin tərəfindən müəyyən əmrlər verilib və o, əvvəl dediklərində də müəyyən düzəlişlər aparıb. Silah satılması məsələsi Rusiya üçün çox əhəmiyyətli razılaşmadır. Çünki Rusiya Azərbaycana silah satmaqla bizdən böyük məbləğdə pul əldə edəcək. Bu məsələyə Paşinyan qarışa bilməz. Çünki hazırda büdcəsi ağır vəziyyətdə olan Putinə pul lazımdır, silahların satılması lazımdır. Ölkənin neftdən sonra ikinci gəlir qaynağı silah satışıdır. Bu satışı həyata keçirməkdə Putin və onun komandası çox maralıdır". 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Azərbaycana silah satmamasına dair çağırış edib. Rusiya XİN-i isə ona cavabında "Hərbi texniki sahədə əməkdaşlıq Azərbaycanla strateji tərəfdaşlığımızın vacib sahələrindən biridir. Biz bu əməkdaşlığı şəffaf, beynəlxalq norma və Rusiya və Azərbaycanın qanunlarına uyğun şəkildə inkişaf etdiririk. Biz bu əməkdaşlığı regionda balansa uyğun şəkildə, sabitliyin qorunması çərçivəsində həyata keçiririk", - deyə bildirib. 

Röya Kərimli