Texnologiya 21:16 02.05.2017

“Facebook”la həyatı dəyişənlər...

Sosial şəbəkələr bəzən məşhurluq üçün ekranlardan, mətbuatdan da daha güclü təsirə malik olur. Bəzən ekranlarda çox da diqqət etmədiyimiz istedadlar sosial şəbəkə, xüsusən də ölkəmizdə populyar olan “Facebook” vasitəsi ilə bir anda məşhurluq qazana bilirlər. Bunun ən bariz nümunəsini qoyun otararkən məlahətli səsi ilə mahnı oxuyub sosial şəbəkədə yerləşdirən və bir günün içində məşhurlaşan çoban Pərvin Səfərovun timsalında qeyd etmək olar.

Qeyd edək ki, Neftçalanın Qaçakənd kənd sakini olan P. Səfərovun ifası yayıldıqdan sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onunla maraqlanıblar və yaşadığı kəndin mədəniyyət evində işə götürülüb. Daha sonra qərara alınıb ki, Pərvin Səfərov Milli Konservatoriyanın tərkibində olan Musiqi Kollecində təhsil alsın.

“XezerXeber”in yaytdığı məlumata görə, Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, ən tez zamanda Dövlət İmtahan Mərkəzinə məktub ünvanlanacaq. Məqsəd xüsusi gənc qismində Pərvini qəbul imtahanına girmədən kollecə qəbul etməkdir. Kolleci bitirdikdən sonra isə ona Konservatoriyada da təhsil alması üçün imkan yaradılacaq. Beləliklə bir günün içində sosial şəbəkədə məşhurlaşan gəncin həyatı da bir anın içində dəyişmiş oldu.

Halbuki, mmilli.az saytının araşdırmaları zamanı məlum olub ki, 32 yaşlı Pərvin Səfərov bir il öncə ATV telekanalındakı “Bizimləsən” proqramında iştirak edib. Məşhur müğənni və pedaqoq Teymur Əmrah ona dərslərini təklif etsə də, Pərvin təklifi qəbul edə bilməyib. Ən maraqlı fakt isə, onun zamanında “Səs Azərbaycan” müsabiqəsində iştirakçı olmasıdır. Ekranlarda məşhurluq qazana bilməyən gənc, kiçik bir video ilə sosial şəbəkədə məşhurlaşdı, həyatını dəyişə bildi.

Sosial şəbəkə vasitəsi ilə həyatı dəyişən digər gənc ifaçı Çinarə Məlikzadədir. Məlum olduğu kimi 27 yaşlı gənc ötən il “Facebook”da “Gedək üzü küləyə” mahnısı ilə məşhurlaşıb. İfaçının özünəməxsus jestləri ilə olan ifası bir neçə gün ərzində minlərlə baxış qazandı, paylaşıldı. Doğrudur, onun jestlərini tənqid edənlər tapılsa da, ifaçı bütün bunlara rəğmən bir anın içində məşhur oldu. O, bu günə qədər bir çox, o cümlədən “Pöhrə”, “Yeni ulduz” müsabiqələrində iştirak edib.

Ən son olaraq isə “O səs Türkiyə” müsabiqəsinə qatılıb. İfaçının yarışmadakı performansı maraqla qarşılansa da ona məşhurluq qazandıra bilmədi. Həvəsdən düşməyən Ç.Məlikzadə öz üzərində işləyir və məşhur ifasını sosial şəbəkədə yerləşdirir. Beləliklə, özünün də qeyd etdiyi kimi “efirlərə çıxmadan, külli-miqdarda vəsait ayırmadan, ən nəhayət sponsorsuz ulduza çevrilir”.

Ötən ilin dekabrında ifaçı məşhur türk müğənnisi Rafet El Romanla bir səhnəni bölüşmüşdü. Hazırda ifaçı müxtəlif televiziya proqramlarına qatılır, yeni ifalarını pərəstişkarlarına təqdim edir.

Təkcə ölkəmizdə deyil, qardaş Türkiyə dövlətində, dünyanın bir çox ölkələrində ayrı-ayrı təbəqədən olan çoxlu sayda insanlar bir foto və ya bir görüntü ilə sosial mediada məşhurlaşır, bir anın içindəcə həyatını dəyişə bilirlər.

Məsələn, İspaniyanın Benidorm şəhərində yaşayan 17 yaşlı Sindi Kimberli bir foto ilə dünyanın diqqətinə düşüb və nağıllar aləminə düşüb. Sadə ailənin qızı olan qız saatı 5 dollar olmaq hesabı ilə dayə işləyirmiş. Tatar supermodel İrina Şeykə bənzəyən qız bir şəkilini paylaşdığı an dünya şöhrətli Castin Biberin diqqətini çəkir. Qızın fotosuna heyran olan ifaçı öz profilində “Tanrım, bu gözəl kimdir?” yazdıqdan sonra Sindi bir andaca məşhurlaşıb. Bundan sonra qıza ən məşhur agentliklərdən, brendlərdən təkliflər gəlir. Ardınca isə ən məşhur modellərlə birgə podiuma çıxmağa başlayır.

Qaynar.Az