Ukraynanın "Xarkov” şəhərində azərbaycanlılara məxsus "Ağdam” restoranının qarşısında "Kalaşnikov” avtomatlarından yaylım atəşi açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.

Qaynarinfo criminal.az-a istinadən xəbər verir ki, killerlər -26 və 32 yaşlarında olan iki Azərbaycan vətəndaşı Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Onları yaxalamaq üçün xüsusi təyinatlıların iştirakı ilə əməliyyat keçirilib.

Xəbərə görə, qanqsterlər kirayə mənzildə yaxalanıblar. Onların Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.

Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər. Bu səs-küylü cinayət martın 29-da baş verib. "Kalaşnikov” avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında "Ağdam” restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan "bir qrup qafqazlıya” atəş açıblar. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.

Avtomobildə killerlərdən başqa daha iki nəfər olub.

Bir müddət əvvəl Rusiya KİV-i xəbər vermişdi ki, Z.Əzizova hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir. Briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar. Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən "Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.