Ölkə 10:09 06.02.2013

Leyla Əliyeva növbədənkənar iclasda


Fevralın 5-də Moskvanın "Prezident" hotelində Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Mərkəzi Şurasının növbədənkənar iclası keçirilib. İclasda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva iştirak edib.

Tədbirdən əvvəl ÜAK Rəyasət Heyətinin üzvləri - Azərbaycanının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, İTAR-TASS Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə bir sıra əhəmiyyətli məsələlər müzakirə olunub.

Sonra geniş tərkibdə keçirilən iclası ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev açaraq Azərbaycan diasporunun nümayəndələrini salamlamışdır.

Azərbaycan və Rusiyanın dövlət himnləri səslənmiş, ÜAK-ın 2012-ci ildə fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmməd Əliyev konqresin Rəyasət Heyətinin iclasında ÜAK-ın növbədənkənar qurultayının keçirilməsi məsələsinin müzakirə edildiyini söyləmişdir. O, konqresin 2011-ci ildə keçirilən III qurultayında qəbul olunan nizamnaməsinin Rusiya Federasiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməməsi, konqresin qeyri-qanuni fəaliyyət göstərməsi barədə fikirlərə aydınlıq gətirmişdir. Tədbirdə Rusiya Federasiyası Ədliyyə Nazirliyinin nümayəndəsi nazirliyin Ümumrusiya Azərbaycan Konqresinin sorğusuna əsasən təqdim etdiyi konqresin ictimai təşkilat olaraq yeni qurultay çağırılanadək 2006-cı ildə keçirilən qurultayın nizamnaməsinə əsasən fəaliyyət göstərdiyini təsdiq edən sənədin mətnini oxumuşdur.

ÜAK-ın prezidenti Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanova konqresin aparatının icraçı direktor vəzifəsinin təklif olunduğunu diqqətə çatdırmışdır. Qüdsi Osmanov bu təklifə münasibətini bildirərək demişdir ki, Rusiyanın Azərbaycan diasporu ilə işləmək böyük şərəfdir. O vurğulamışdır ki, fəxri və baş konsul işlədiyi müddətdə Rusiyanın 60-dan çox regionuna səfərləri zamanı Azərbaycan diasporunun fəal üzvləri ilə mütəmadi görüşlər keçirmişdir və diaspor təşkilatlarının rəhbərləri ilə dostluq münasibətləri vardır. Q.Osmanov hazırda baş konsul vəzifəsində çalışdığını və təkliflə bağlı müvafiq qərarın məsləhətləşmələrdən sonra veriləcəyini bildirmişdir.

Daha sonra konqresin İcra Aparatının rəhbəri Nemət Nağdəliyev hesabat məruzəsi ilə çıxış etmişdir. O, 2011-ci ilin iyununda keçirilmiş sonuncu qurultaydan sonra konqresin gördüyü işlərdən danışmış və qarşıya qoyulan bir sıra layihələrin həyata keçirildiyini qeyd etmişdir.

Bildirilmişdir ki, ötən dövr ərzində ÜAK real qüvvəyə malik böyük və nüfuzlu ictimai təşkilata çevrilmişdir. Konqres Rusiyanın ictimai həyatında fəal iştirak edir, dövlət qurumları və ictimai təşkilatlarla yaxşı əlaqələr qurmuş, həmvətənlərimizin milli özgürlüyünü, dilini, mədəniyyətini və ənənələrini qoruyub saxlamasına kömək etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ÜAK-ın yaradılmasında və Rusiyada yaşayan soydaşlarımız üçün ümumi evə çevrilməsində rolunu xüsusi vurğulamışdır.

Ümumrusiya Azərbaycan Konqresinin regional bölmələrinin rəhbərləri ötən dövr ərzində görülən işlərdən, qarşıda duran vacib vəzifələrdən danışmışlar. Qeyd olunmuşdur ki, regionlarda konqresin işinin təkmilləşdirilməsi üçün bundan sonra da müvafiq addımlar atılacaqdır.
Sonda ÜAK-ın 2013-cü il üçün nəzərdə tutulmuş tədbirlər planı müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar kompleks tədbirlərin təşkili prioritet məsələlər sırasındadır. Ötən il ÜAK Heydər Əliyev adına mükafat təsis etmişdir. Bu yüksək mükafat Rusiyanın ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafında xidmətləri olan nüfuzlu şəxslərinə təqdim ediləcəkdir.
Çıxışlardan sonra Məmməd Əliyev iclasa yekun vurmuş, təşkilatın fəaliyyətini bütövlükdə müsbət qiymətləndirmişdir./trend/