Siyasət 14:56 16.05.2013

“Liderlər bizdən xahiş edirlər ki...” AÇIQLAMA

Vidadi Mirkamal: “Gözləyirik, ayın sonu Milli Şura yaransın, görək nə olur”

“Kütləvi aksiyalarla bağlı məsələ diqqətimizdədir. Hazırda Milli Şura ətrafında danışıqlar aparılır. Ona görə də bu tədbirlər səngiyib”.

Bunu Qaynar.info-ya açıqlamasında İctimai Palatanın Koodinasiya Şurasının (KŞ) üzvü Vidadi Mirkamal deyib. O bildirib ki, İctimai Palatada hər şey qaydasındadır: “Bəziləri hesab edirlər ki, aksiya keçirmək və yaxud hansısa atılan addım Milli Şuranın yaradılmasında qıcıqlar oyada bilər. Belə olduğuna görə hələ dayanmışıq. Sadəcə, gözləyirik, ayın sonu Milli Şura yaransın, görək nə olur”.

V.Mirkamal cəmiyyətdə Milli Şura və İctimai Palata ilə bağlı səhv fikirlərin olduğunu qeyd edib: “Cəmiyyətdə səhv düşüncə var ki, Milli Şura yaranacaqsa, İctimai Palata buraxılacaq. Milli Şura 50-51 nəfərdən ibarət bir orqandır. Amma İctimai Palata 3 ilə yaxındır ki, strukturlaşıb. İP-in 65 rayonda yerli bölməsi mövcuddur. Həçminin bu qurumun xeyli vicdan məhbusu var. Bunu buraxmaq asan məsələ deyil. Düşünürəm ki, Milli Şura İctimai Palatanı gücləndirəcək”.

İPKŞ üzvünün sözlərinə görə, İP-dən Milli Şura ilə bağlı danışıqları iki nəfər aparır: “Danışıqları Əli bəy və İsa bəy aparır. Onlar da bizdən xahiş edirlər ki, hələ qəti addım atmayaq. Ona görə də gözləyək. Amma biz kütləvi tədbirlərin keçirilməsində qətiyyətliyik”.

İlkin
Qaynar.info