İdman 18:50 19.08.2019

“Linfild”in baş məşqçisi: “Qarabağ”la oyunda daha yaxşı olacağıq"

"Biz "Qarabağ”la qarşıdakı oyunda daha yaxşı olmalıyıq və olacağıq da. Həmin matçın miqyası, çəkisi daha yüksəkdi. Bu, bizim üçün əla avrokubok mövsümüdür. Amma biz gözümüzü ölkə çempionatındakı yağ-çörəkdən də çəkə bilmərik”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Şimali İrlandiyanın "Linfild” klubunun baş məşqçisi David Hili deyib.

Böyük Britaniya mətbuatına açıqlama verən mütəxəssis ölkə çempionatında "Kolreyn”lə görüşdə 2:4 hesablı məğlubiyyət, həmçinin Avropa Liqasının "Qarabağ”la pley-off matçları barədə fikirlərini bölüşüb: "Son turda aldığımız məğlubiyyəti həzm edirəm. Amma futbolçularımı sərt tənqid edə bilmərəm. Futbolçular istədiyimiz kimi çıxış etməsə də, onlara irad bildirmərəm. Çünki onlar bu mövsüm məni həddən artıq çox sevindirib. Xüsusilə də Avropa miqyasındakı çıxışları çox yaxşı alınıb”.

Qeyd edək ki, "Qarabağ” 22 avqust səfərdə "Linfild”in qonağı olacaq. Cavab matçı 29 avqust Tofiq Bəhramov adında Respublika stadionunda keçiriləcək.