Azərbaycanda fəaliyət göstərən Türkiyə geyim mağazaları ilə digər ölkələrin geyim mağazaları arasında kəskin qiymət fərqi müşahidə edilir. Türkiyədə milli valyutanın kəskin ucuzlaşması geyim bazarında qiymətlərin aşağı düşməsinə səbəb olsa da, həmin mağazaların Bakıdakı filiallarında qiymətlər artıb.

Xarici geyim mağazalarının məhsullarının Azərbaycanda bahalaşmasını EkoNews-a şərh edən iqtisadçı-ekspert Samir Əliyev buna əsas səbəb kimi gömrük rüsumlarının çox olmasını göstərib:

"Türkiyənin Azərbaycanda fəaliyyət göstərən məşhur mağazalarında qiymət fərqləri əsasən ölkəmizə gətirilmə xərclərinə görədir. Yəni, Türkiyədə istehsal olunan məhsul məntiqlə lirənin dəyər itirməsinə görə Azərbaycanda da ucuzlaşmalıdı, lakin geyimi ölkəyə gətirənlər yüksək məbləğdə gömrük rüsumu və digər xərclərlə qarşılaşırlar ki, bu da qiymətlərin artımına səbəb olur”.

Eskpert həmçinin qiymət artımının səbəbini ölkənin bəzi xidmət sahələrində davam edən inhisarçılıqla əlaqəli olduğunu deyib:

"Ölkəyə Çindən də, Rusiyadan da məhsullar gətirilir. Görürük ki, qiymət fərqi yarananda bütün ölkələrin məhsullarında yaranır. Bu da monopoliyanın qalmasına işarədir”.

Ümumiyyətlə, bu il Azərbaycanda geyim məhsullarının son 3 ilin zirvəsindədir. Qiymət artımı ən çox uşaq və qadın paltarlarında müşahidə edilir. Bazarlardakı artımı iqtisadçı Ruslan Atakişiyev şərh edib. O, bildirib ki, artım fəsil geyimlərində olub, bu da normaldır:

"Qiymət artımı payız geyimlərində müşahidə olunur. Bu da normaldır. Qış fəslinə yaxın da qış geyimləri bahalaşacaq. Həmçinin məhsulu ucuz alan da, baha alan da onun üzərindən qazanc əldə etmək istəyir”.