Siyasət 17:13 28.08.2013

Litva Azərbaycandakı səfirini geri çağırdı

Bu gün Litva hökuməti telefon danışıqlarının İnternetdə yayılması ilə bağlı yaranan qalmaqalın iştirakçıları olan Litvanın Macarıstandakı səfiri Renatas Yuşka və Litvanın Azərbaycanda və eyni zamanda Türkmənistandakı səfiri Arturas Jurauskas ilə bağlı qərar qəbul edib.

APA-nın “Delfi” agentliyinə istinadən verdiyi məlumata görə, Litva xarici işlər naziri Linas Linkyaviçüsun səfirlərin geri çağırılması ilə bağlı təklifinə hökumət müsbət cavab verib.
 
Litva Konstitusiyasına görə, səfirləri təyin etmək və geri çağırmaq prezidentin səlahiyyətindədir. Yuxarıda qeyd olunan səfirlərin geri çağırılması ilə bağlı prezidentə imzalamaq üçün sərəncam təqdim olunub. Səfirləri sentyabrın 30-da geri çağırmaq təklif olunur.
 
Qeyd edək ki, birinci gün Litva parlamentin Xarici əlaqələr üzrə komitədə keçirilən iclasda səfirlərin geri çağırılması təklifi rədd olunub. Litva XİN başçısı Linas Linkyaviçüs isə təklifini hökumətə təqdim edəcəyi bildirib.
 
Xatırladaq ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Qaynar.info