Video 23:10 22.01.2018

Ölkə daxilində səyahət edənlər sığortalanmalıdır (VİDEO)

Ölkəmizdə daxili turizm ildən-ilə inkişaf edir. Bölgələrə səfər edən əcnəbi vətəndaşlarla yanaşı yerli sakinlərin də sayı artmaqdadır. Məlumdur ki, xarici ölkələrə səfər zamanı turizm şirkətinin xidmətlərindən istifadə edildiyi təqdirdə şəxsin sığortalanması təqdim edilən paketə daxil olur. Daxili səfərlərdə isə turistlərin sığortalanması demək olar ki, həyata keçirilmir. Mütəxəssislər daxili səfərlər zamanı da turistlərin icbari qaydada sığortalanmasını təklif edirlər.

İl ərzində regionlara üz tutan səfərlərin sayı təxminən 800 mindən çoxdur. Amma daxili səfərlər zamanı turistlərin sığortalanması həyata keçirilmir.Otellər və restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə aktiv istirahət, ovçuluq, ekstrim, alpinizm və bu kimi turizm növlərində vətəndaşların xəsarət alma ehtimalları yüksəkdir. Buna rəğmən bu növ turizm növlərindən sığorta paketləri təqdim edilmir.

Samir Dübəndi regionlara səfər edən şəxslərin bədbəxt hadisələrdən sığortalanmasının vacibliyini vurğulayıb. Ona görə də assosiasiya tərəfindən təkliflər hazırlanıb.

Sığorta haqlarının 1-2 manat olması nəzərdə tutulur. Yəni turizm şirkətlərinin xidmətlərindən istifadə edən vətəndaşlar əsas ödənişlə yanaşı sığorta haqlarını ödəməlidirlər. Bununla da onlar müxtəlif bədbəxt hadisələrdən sığorta edilirlər.

Assosiasiya sədri qeyd edir ki, heç bir sığorta şirkətinin xidmətindən istifadə etmədən könüllü şəkildə səfər edənlər üçün sığortanın icbari deyil könüllü əsaslarla həyata keçirilməsi məqsədəuyğundur.