Ekonomiks 11:43 11.01.2019

Ölkəyə gətirilən bəzi məhsulların aksiz dərəcələrinə dəyişiklik edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, Azərbaycana idxal olunan alkoqollu və alkoqolsuz energetik içkilər, elektron siqaretlər üçün maye aksiz vergisinə cəlb edilir. Belə ki, dəyişikliyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3 manat, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat aksiz vergisi tutulacaq.

Həmçinin, dəyişikliyə görə Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədi üçün 1 manat aksiz vergisi tətbiq olunacaq. Qeyd edək ki, hazırda Azərbaycana idxal edilən tərkibində tütün olan siqarların, o cümlədən ucları kəsilən siqarların 1 000 ədədi üçün 20 manat aksiz vergisi alınır.

Ölkəmizə gətirilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqarillaların 1 000 ədədi üçün aksiz vergisi dəyişdirilmədən, yəni 20 manat saxlanılıb.

Sənədə əsasən, idxal edilən tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin 1 000 ədədindən tutulan 12 manat aksiz vergisi 28 manata qaldırılacaq.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.