Ekonomiks 22:00 02.05.2014

Lombardlar: Kim çox qazanır - girov qoyan, yoxsa borc verən? - VİDEO

"Mən bir neçə ay əvvəl əvəzində üzüyümü və uşağın qızıl qolbağını lombarda qoyaraq pul götürdüm.

3 ay ödədim, dördüncü dəfə ödəməyə gedəndə dedilər ki, bura işləmir. Həmin lombardın sahibi yerini dəyişib yox olmuşdu. Axtardım tapa bilmədim. Qızılım da getdi. Mən 160 manatlıq qızıl qoydum amma mənə 120 manat pul vermişdilər. O vaxtdan axtarıram".


Natiq Əliyev kimi lombardlar tərəfindən aldadılanlar az deyil. Kimisi elə həmsöhbətim kimi yüksək dəyərli qızıl müqabilində az miqdarda pulu aldıqdan sonra lombard sahibini "əli çıraqlı" axtarmağa başlayır, kimisi də lombarddan yüksək faizlə götürdüyü pulu vaxtında qaytara bilmədikdə lombard sahibi tərəfindən xəbərdarlıqsız-filansız qoyduğu girov əlindən alınır. Bu zaman əksər hallarda girov satışa çıxarılır və yaxud sənədsiz-sübutsuz özəlləşdirilir. Hər iki halda ziyan çəkən tərəf sadə vətəndaşlardır. Son aylar banklar tərəfindən kredit şərtlərinin ağırlaşdırılmasından sonra əhali arasında lombardlara tələbat artıb. Artıq vətəndaşlar banklardan deyil, lombardlardan kiçik həcmli pullar götürməyə üstünlük verirlər. Bu da verilən kreditlərin faiz dərəcəsinin artmasına gətirib çıxarıb. Lombard sahibləri ilə apardığımız söhbət əsnasında da məlum oldu ki, ilin əvvəlindən başlayaraq lombardlara müraciət edənlərin sayında nəzərə çarpacaq dərəcədə artım müşahidə edilir. Paytaxtdakı lombard sahiblərindən biri etiraf etdi ki, bir neçə aydır müştərilərin sayı artıb. Orta hesabla hər gün 3 nəfər  müraciət edir. Vətəndaşa pulu 5 faizlə verilir, müqavilə bağlanır. Ödənişin vaxtı çatanda isə telefon zəngi ilə edib xəbərdar edilir". Ekspertlər isə hesab edir ki, lombardlarda illik borc 40 faiz, aylıq olaraq isə 3 faizdən aşağı verilmir. Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində 1 faiz artım var. Bu da illik olaraq 12 faiz artım deməkdir. İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, lombardların fəaliyyətinin tənzimlənməsinə hər hansı bir qurum nəzarət etmədiyindən bu, sözü gedən sahədə bir sıra problemlərə gətirib çıxarır.

"Bəzi hallarda kredit və borc verilir, sonradan həmin lombardı tapmaq mümkün olmur. Çünki lombard fəaliyyəti ilə məşğul olanlar tez-tez öz ofislərinin yerini dəyişirlər. Bu da təbii ki, borc alan qarşısında ciddi riskin yaranmasına gətirib çıxarır".

Eyni zamanda lombardlar borc verən zaman girov kimi cəlb etdikləri əşyaları aşağı məbləğdə  qiymətləndirirlər. Baxmayaraq ki, borcun faizi kifayət qədər yüksəkdir. Hətta bu zaman girovun 50-60 faizi müqabilində borc təklif edirlər. Buna misal olaraq deyə bilərik ki, 5 min manat pul götürmək istəyən şəxs 10 min manat girov qoymalıdır. Vüqar Bayramov deyib ki, lombardlarda borc verilən zaman qiymətləndirmə mexanizmləri aydın göstərilməlidir. Belə ki, verilən borc məbləği ilə qiymətləndirilən girovun məbləği arasında mütənasiblik qorunub saxlanılmalıdır. Təəssüf ki, bu mexanizm də lombardlar tərəfindən gözlənilmir. "Bir sıra hallarda lombardlar girov qoyulan əmlakı istifadə edirlər. Lakin qanunvericiliyə əsasən heç bir halda girovdan istifadə etmək hüququ yoxdur. Lombardlar o zaman girovdan istifadə edə bilər ki, borclu olan şəxs borcunu vaxtında qaytara bilmir və bu zaman lombard sahibi məhkəməyə müraciət etməlidir. Əgər məhkəmə müraciəti müsbət təmin edərsə, o zaman həmin girov borc verənin ixtiyarına keçir".

APA TV-nin xəbərinə görə, lombardlarla bağlı qanunvericilikdə müəyyən dəyişiklik edilib. Əgər əvvəllər lombardlar xüsusi lisenziya əsasında fəaliyyət göstərirdisə, hazırda qanunvericiliyə görə, lombard fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə bilər. Qoyulan girova gəlincə, girov əsasən qızıl-zinət əşyalarından ola bilər. Lombard sahibinin isə həmin girovu sata və ya bir başqa şəxsə verməyə ixtiyarı yoxdur.

Qaynar.info