Məşhur avtoriteti “Ded Xasan”ın bacısı oğlu öldürtdürüb
Türkiyədə qətlə yetirilən oğru dünyasının azərbaycanlı üzvü, “Lotu Qoca” kimi məşhurlaşan Əlibala Həmidovun qətlinin yeni təfərrüatları bəlli olub. Qaynar.info Aznews.az-aistinaən bildirir ki, “Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb.
“Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib.
Qaynaqların sözlərinə görə, “Lotu Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb. Lakin “Qoca”nın adamları onları təqib edərək sui-qəsdçilərdən birini yaxalamağı bacarıb. Məlumata görə, azərbaycanlı avtoritetin adamları killerlərin başının üstündən atəş açmaqla onlardan birini dayanmağa məcbur ediblər. Ələ keçən killer “Qoca”nın adamlarına deyib ki, sifarişçi onlara öldürəcəkləri şəxsin biznesmen olduğunu, 3 milyon pul atdığını bildirib və onu öldürməyin müqabilində 100 min ABŞ dolları nağd pul ödəyib.
Əldə etdiyimiz məlumatda o da bildirilir ki, “Qoca”nın ölümündən sonra hüzr mərasiminə yığışan Rusiya və digər ölkələrdən olan bir neçə avtoritet onun Məcnun adlı əmisinin evində “sxodka” keçiriblər.
Məlum olub ki, Rusiya kriminallarının “atası” Ded Xasan öldürüləndən sonra “Lotu Qoca” onun 15 obyektini ələ keçirib. Bu isə “Ded Xasan”ın “varisi” sayılan bacısı oğlunun narazılığına səbəb olub. Sayt yazır ki, “sxodka”da avtoritetlər “Lotu Qoca”nın ölümünün sifarişçisinin kimliyi ilə bağlı bir neçə versiya üzərində dayanıblar. Əsas versiyaya görə, “Lotu Qoca”nı “Ded Xasan”ın bacısı oğlu öldürtdürüb.
“Sxodka” zamanı, həmçinin, qərar qəbul olunub ki, mərhum “Lotu Qoca”nın “sağ əli” və qaynı avtoritet Binnət təcili Moskvaya “Ded Xasan”ın varisi olan bacısı oğlu ilə məsələni araşdırmağa getsin.
Onu da qeyd edək ki, “Qoca”nın qardaşı avtoritet Tərlan Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Hazırda Rusiyada olan Tərlan qardaşının qanını sifarişçilərdən amansızcasına alacağına and içib.
“Yeni Müsavat”ın məlumatına görə, Ə.Həmidovun əmisi Məcnun Həmidov Bakıda iri ticarət mərkəzlərinə, bazara sahibdir.
Qaynar.info
Şərhlər