Ölkə 19:15 24.10.2017

"Lotu Quli" ətrafında müəmma: Niyə qəfildən azad edildi? (ŞƏRH)

Bakıdakı 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində (CM) saxlanılan və "Lotu Quli” kimi tanınan Nadir Səlifov haqqında bu gün ziddiyyətli məlumatlar yayılıb.

"Qaynarinfo"-nun verdiyi xəbərə görə, öncə musavat.com saytı öz mənbələrinə istinadla onun azadlığa buraxılması barədə məlumat yaysa da, "Report" agentliyi onun azadlığa buraxılmadığını, öz istəyi ilə məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirildiyini yazdı: "Belə ki, N.Səlifov 8 saylı CM-in rəisinin adına ərizə ilə müraciət edərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş edib. Rəis onun istəyini təmin edib".

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov isə modern.az-a açıqlamasında yayılan xəbərlərə münasibət bildirmək istəməyib. 

Polkovnik bildirib ki, məhkumun yerini dəyişməsi, yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər: "Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.

Bununla belə, virtualaz.org saytı Ədliyyə Nazirliyinin rəsmi məlumatı kimi təqdim etdiyi xəbərdə, N.Səlifovun azadlığa buraxıldığını və hazırda Gürcüstanda olduğunu yaydı. 
 
Yalnız bundan az sonra APA-nın yaydığı rəsmi məlumatda təfərrüatlara aydınlıq gətirildi :

"Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsinin sədri Sədrəddin Hacıyevin sədrliyi ilə keçirilən iclasda "Lotu Quli" ləqəbi ilə tanınan N. Səlifovun cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə vəsatətə baxılıb. N.Səlifov iclasda iştirak etməyib. Qapalı keçirilən prosesdə vəsatət təmin edilib. Onun qalan cəzası şərti cəza ilə əvəzlənib. N. Səlifov bu gün saxlanıldığı cəzaçəkmə müəssisəsindən buraxılıb".
 
Ötən gün "Lotu Quli"yə yaxınlığı ilə bilinən iki məhbusun (Əli Ağami və Etibar Məmmədov) Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda aparılarkən qaçması və hələ də yaxalanmaması fonunda onun azadlığa buraxılması istər-istəməz əlavə suallara yol açır.

Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun cəza müddəti 2021-ci ildə başa çatır.

Qeyd edək ki, məntəqə tipli cəzaçəkmə müəssisələrində yataqxana, müəssisə əməkdaşlarının xidməti otaqları, yeməkxana, dükan, tibb-sanitariya hissəsi, yardımçı otaqlar, kitabxana, tərbiyəvi və kütləvi tədbirlərin keçirilməsi üçün otaq, cəmaşirxana və dezinfeksiya kamerası olan hamam, məhkumların şəxsi əşyalarının saxlanılması üçün anbar, cərimə təcridxanası, qonaq otağı olur. Məntəqə tipli cəzaçəkmə müəssisələrində kamera tipli otaqlar təşkil olunmur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin cərimə təcridxanasında hər biri 4-6 nəfərlik 1-3 ümumi kamera, iki nəfərlik 1-3 kamera və cərimə təcridxanası üzrə nəzarətçi üçün otaq təşkil olunur. Cərimə təcridxanası digər tikililərdən bütöv hasarla ayrılır. Əhali yaşayan ərazidə yerləşən məntəqə tipli cəzaçəkmə müəssisələrinin binaları nəzarət-buraxılış məntəqəsi olan hasarla əhatə olunur. Məntəqə tipli cəzaçəkmə müəssisələrinin sərhədləri müəssisənin yerləşdiyi yer və məhkumlar tərəfindən görülən işlərin xüsusiyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri ilə müəyyən edilir. Lakin bütün hallarda bu sərhəd müəssisənin yerləşdiyi yerin mərkəzindən radius üzrə 10 km artıq olmayan məsafədən keçməlidir. Müəyyən edilmiş sərhədlər barədə məhkumlara imza etdirməklə elan edilir və onların şəxsi işinə tikilir.
 
Qaynarinfo.Az