L.Ter-Petrosyan daha nəyi nəzərdə tuturdu?..

L.Ter-Petrosyan daha nəyi nəzərdə tuturdu?..

Hüseynbala Səlimov 

Üç il bundan əvvəl baş vermiş aprel döyüşlərindəki uğursuzluqların səbəblərini araşdırmaq –düşünürük ki, bu konteksdə bizim bədnam qonşularınız üçün düşünməli məqamlar həqiqətən də çoxdur. Amma daha düzgün olardı ki, məsələ bir qədər fərqli qoyulsun və Ermənistan ordusunun münaqişənin ilk illərindəki "uğur”larının səbəbləri araşdırılsın. Onların "uğur”ları erməni hərbçilərinin hərbi "ustalığ”ının və ya döyüş sənətinin, erməni ordusunun döyüş qabiliyyətinin göstəricisi idi, yoxsa burada da tamam fərqli məqamlar rol oynamışdı?

Həmin hadisələri bizdən haradasa otuz illik zaman ayırır və otuz il baxanda elə də böyük müddət deyil, odur ki, bəzən adama elə gəlir ki, sanki bunlar elə dünən olubdur. Azərbaycanda əsas siyasət və dövlət institutlarının fəaliyyətini iflic edən ağır və permanent siyasi böhran, Bakıda mütəmadi olaraq yaşanan siyasi qarşıdurmalar və qarışıqlıqlar, idarə olunan və nizamlı ordunun olmaması, regiondakı dərin geosiyasi ziddiyyətlər – bəli, məhz bunlar o dövrdə erməni ordusunun ilk "uğur”larının göstəricisi oldu və demək olar ki, Azərbaycanda siyasi və dövlətçilik böhranının bitməsilə Qarabağın işğalı prosesi də başa çatdı.

Bizə elə gəlir ki, Ermənistanın keçmiş prezidenti L.Ter-Petrosyan deyəndə ki, biz müharibəni deyil, yalnız müəyyən döyüşləri udmuşuq, heç də təkcə onu nəzərdə tutmurdu ki, zaman keçdikcə Bakı iqtisadi – hərbi planda güclənəcək, həm də onu nəzərdə tuturdu ki, ilk illərdəki "uğur”lar Ermənistan üçün yaranmış əlverişli situasiyanın nəticəsində baş vermişdi – bir daha qeyd edək ki, o vaxt Bakı çox dərin bir siyasi və geosiyasi böhrana yuvarlanmışdı və Ter-Petrosyan da gözəl anlayırdı ki, Azərbaycan üçün bu ağır böhran bitən kimi ölkə özünün siyasi və iqtisadi, demoqrafik resurslarını konsolidasiya edə biləcək, döyüş qabiliyyətli bir ordu quracaq, ərazisinin təhlükəsizliyini təmin edəcəkdir.  

Elə aprel döyüşləri də belə gözləntilərin ilk təsdiqi oldu. Odur, düşünürük ki, aprel döyüşləri zamanı baş vermiş uğursuzluqların səbəblərini araşdırmağa qərar verərkən əslində tamam başqa məqsəd güdürlər – bu daha çox adi siyasi kampaniyadır, nəinki ciddi bir hüquqi proses. Köhnə hakim Respublika partiyası hələ bəzi yerlərdə mövqelərini saxlayır, xüsusən də Dağlıq Qarabağın siyasi və hərbi elitası arasında dayaqları var. Əgər təhqiqat aparmaq lazımdırsa, onda erməni ordusunun Naxçıvan istiqamətindəki uğursuzluqlarını da araşdırmaq lazımdır, hansılar ki, məhz "məxməri inqilab” dövründə baş vermişdi. O vaxt Azərbaycan ordusu cəbhənin Naxçıvan istiqamətində də çox mühüm mövqeləri qaytarmışdı. Amma N.Paşinyan əlbəttə ki, bu haqda susmağa üstünlük verir, çünki bu, onun siyasi məramına cavab vermir. 

Olsun, bizi də əslində bu qətiyyən ilgiləndirmir. Qoy, o, özünün "təhqiqat” kampaniyasını aparsın, özünün siyasi rəqiblərini təqib etsin, necə deyər, bu, bizim üçün tamam indifferent bir məsələdir. Bizə yalnız toxunan budur ki, nə qədər ki, Paşinyan ölkəsiinin ağır iqtisadi durumu haqqında həqiqi nəticələr çıxarmayacaq, eləcə də Qarbağ cəbhəsindəki son uğursuzluqların əsl səbəblərini görmək istəməyəcək, onda problem də "ölü nöqtə”dən tərpənməyəcək, Ermənistanın regiondakl siyasəti də dəyişməyəcək, çünk yeni baş nazir qarannlıq otaqda qara pişik axtarmaqda davam edir və özü də çox yaxşı bilir ki, burada heç bir pişik-filan da yoxdur. Bu isə zənnimizcə nəinki Azərbaycan xalqının, heç axtarsan, erməni xalqının da maraqlarına cavab vermir.

Hazırda nəinki yerli, hətta xarici müşahidəçilər də nazirlərin yeni görüşünü gözləyirlər. Ötən il bu baxımdan "kəşfiyyat” xarakterli bir il idi, belə ki, Ermənistandakı yeni hakimiyyət problemə baxışını müəyyənləşdirməyə çalışırdı və həmin bir il daha çox Paşinyanın ziddiyyətli, hətta bir azca da sərsəm bəyanatları ilə yadda qaldı. Amma düşünürük ki, artıq Paşinyan da başa düşübdür ki, onun danışıqların formatının dəyişdirilməsi haqdakı sərsəm çağırışlarına heç kim dəstək verməyəcək və ona ya yeni "diplomatik yanıltmac” düşünmək, ya da ki, ağlını başına yığıb, macərasız - filansız danışıqlar masası arxasında əyləşmək lazım gələcəkdir.

Ötən il Azərbaycan tərəfi üçün də yeni idi. Bütün hallarda qonşu və yaxud da daha dəqiq desək, düşmən ölkədə hakimiyyət dəyişikliyi baş vermişid və bu, Qarabağ klanının növbəti "siyasi karuseli” deyildi, əksinə ölkənin siyasi arxitekturası, hətta hakimiyyətin təməl institusional əsasları dəyişmişdi. 
Belə bir halda müəyyən ümidlərin yaranması tamam təbii idi. Bir daha qeyd edək ki, Ermənistanda hakimiyyətə fərqli siyasi qüvvə gəlmişdi və həmin qüvvənin öz siyasətini müəyyən etməsi üçün bir vaxt lazım idi. Amma artıq ciddi danışıqlar üçün məqam yetişibdir və sual yaranır: yeni Ermənistan hakimiyyəti buna hazırdırmı? Təəssüf ki,  suala birmənalı, təsdiqləyici cavab vermək olmur. Odur, Bakı da səbrlə gözləməkdən tədricən daha effektli siyasi üsullara keçməyə çalışır. Bu da o deməkdir ki, getdikcə daha çox dərk olunur ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq sülhə məcburetmə tədbirləri olmadan rəsmi İrəvan heç bir kompromissə və yaxud da güzəştə qol qoymayacaq. 

Elə bu səbəbdən təqvimdə Azərbaycan ordusunun növbəti həmlələri üçün potensial olaraq günlər qalır. Hələ heç kim bilmir ki, bu, konkret nə vaxt olacaq, amma hamıya aydındır ki, həmin gün mütləq baş verəcək...

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR