Dünya 15:27 11.11.2017

Mağazada ayağı ilişib yıxılan şəxs milyonçu oldu

ABŞ-ın Alabama məhkəməsinin jüri heyəti marketdə ayağı ilişib yıxılan müştərinin 7,5 milyon dollarlıq təzminat tələbinin qəbul edilməsi ilə bağlı qərar çıxarıb.

"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 2015-ci ildə dünyanın ən zəngin pərakəndə satış marketlər şəbəkəsi olan "Wal-Mart" mağazasında baş verib.

61 yaşlı Henri Uolker marketdə qarpız götürmək istəyərkən palletə ilişərək yıxılıb və nəticədə ombası qırılıb. Hadisədən sonra müştəri marketin mallarını düzgün şəkildə yığmadığını, bu səbəbdən də müştərilərin təhlükəsizliyinə xətər yetirdiyini iddia edərək məhkəməyə müraciət edib və market şəbəkəsindən 7,5 milyon dollar təzminat tələb edib.

Jürinin qərarı ilə müştərinin iddiası təmin edilib, lakin mağazalar şəbəkəsi təzminatın çox olduğunu və müştərinin öz diqqətsizliyindən yıxıldığını bildirib.

Sözügedən palletlərin dünyanın hər yerində istifadə edildiyini qeyd edən mağaza rəhbərliyi apelyasiya şikayəti verəcəklərini və qərardan sonra da həmin palletlərdən istifadə edəcəklərini vurğulayıb.

Qeyd edək ki, mağazalar şəbəkəsinin dəyəri 270 milyard dollardır.
 
Qaynarinfo.Az