Siyasət 12:55 28.01.2019

Maduro, qardaş, tərslik eləmə...

Hüseynbala Səlimov

Gözəllik heç vaxt xoşbəxtlik gətirmir. Gözəllərin başı həmişə qalmaqalda olur. Deyilənə görə, Venesuela da Cənubi Amerikanın ən gözəl, qeyri-adi dərəcədə cazibəli ölkələrindən biridir.

Əslində gözəllik ən azı nəzəri -iqtisadi baxımdan böyük turizim resursları deməkdir. Amma hamı Venesuelanın gözəlliyindən, xüsusən də əsrarəngiz adalarından danışsa da ölkənin əsas gəliri neftdən – "qara qızıl”dan gəlir. 

Görünür, bəlaların kökü də bununla bağlıdır, çünki təkcə Norveçi çıxmaqla mən neftin bütün məna və məzmunlarda xoşbəxt etdiyi başqa ölkə tanımıram – neftlə zəngin ölkələr, Tolstoysayağı desək, hərəsi özünəməxsus şəkildə bədbəxtdir, çünki neftə təkcə "qara qızıl” yox, həm də "qara narkotik” də deyirlər...

İlk dəfə bunu diqqətimizə bir amerikalı diplomat çatdırmışdı. Bəli, telekanallarımızın birində qonaq olan bu adam üç neft ölkəsini – İranı, Nigeriyanı və Norveçi müqayisə etməyi məsləhət bildi. Biz də xəyalən etdik bunu və ilk dəfə özümüzün də ölkə və millət olaraq hansı bir siyasi məchulluğa üz tutduğumuzu məhz onda anladıq...  
   
Venesuela həm də latın Amerikası, Cənubi Amerika ölkəsidir. Hələ böyük Napoleon deyirdi ki, coğrafiya tale deməkdir. İndi demək olar ki, latın Amerikasında yerləşməsi Venesuealanın daha bir bədbəxtliyi və həm də özəlliyidir –  Cənubi Amerika ölkələri həmişə həm də özlərinin diktatorları ilə diqqəti cəlb ediblər. Görünür, bu da təsadüfi deyil, çünki latın Amerikası deyəndə həm də ispanlar, qeyri-adi bir temperament və  hətta Don Kixot yada düşür.

Ən maraqlısı bilirsinizmi, nədir? Prezident Nikolas Maduro yəhudi kökənli olsa da sefard yəhudisidir, onların isə kökü gedib yenə də ispan xalqına və İspaniyaya çıxır.

Bu ölkədə gedən proseslərin detallarına varmayacam, şükr ki, Azərbaycanda hələ xarici ölkələrdən, o cümlədən də Venesueladan danışmaq mümkündür. 

Bunu ona görə deyirəm ki, məsələn, Türkiyə və Rusiya ilə bağlı belə deyil, redaktorlar bu ölkələrlə bağlı yazıları az qala, üfürə-üfürə verirlər ki, birdən hansısa "əmması” çıxar, çünki Ərdoğan da, Putin də bizim ən yaxın dostlarımız sayılırlar.  

Amma Venesueladan hələki danışmaq olur. Bircə onu deyəcəm ki, məsələ ən azı ümumi halda götürəndə çox sadədir: nə qədər ki, neft baha idi, işlər yaxşı gedirdi, neftin qiytməti kəskin azalandan sonra provlemlər başladı – infliyasiya kəllə-çarxa vurdu, qiymətlər dəhşətli bir dərəcədə qalxdı və işsizlik, sosial problemlər baş alıb getdi...

Amma Venesuelanın özəlliyi təkcə bununla bitmir. Digər latın Amerikası ölkələri kimi Venesuela da sosial eksperimentlər ölkəsidir, "sosial mühəndis” rolunda isə bunların prezidentləri çıxış edirlər. Bircə şeyi yada salmaq yetər ki, Madurodan əvvəl Venesuelanı U.Çaves idarə edirdi. Amansız xərçəng U.Çavesi o biri dünyaya aparandan sonra onun yerini Maduro tutdu. 

Bəli, U.Çaves də, elə N.Maduro da özlərini əksər diktatorlar kimi tamamilə yeni, alternativ bir ideologiyanın yaradıcıları hesab edirlər. Nə ideologiyadır bu? Prinsipləri nədir bunun? Baş açmaq çətindir. 

Bunların nəyə "opponentlik” etdikləri məlumdur – bu, liberalizm və onun müxtəlif təzahürləri, hətta neoliberalizm və anti-amerikanizmdir. Əlbəttə ki, burada anti - amerikanizm deyəndə ABŞ - qarşı olmaq, onun mədəni, siyasi və iqtisadi təsirinə qarşı dayanmaq başa düşülür.
Məsələn, prezident Nikolas Maduronun çox, olduqca "maraqlı” fikirləri var. 

Ona görə ilk sosialist İsa peyğəmbər, ilk kapitalistsə İuda İskariot olubdur. O, özünün gah sosialist olduğunu, gah da ki, olmadığını deyir. Əslində solçuluq təkcə Venesuela üçün xarakterik deyildir, latın Amerkası ölkələrinin hamısı üçün xarakterikdir bu. Bunun səbəbləri bizi çox düşündürüb: məsələn, niyə bu ölkələrdə radikal solçuluq bu qədər geniş yayılıb? Bu, bilavasitə Lev Trotskinin təsirilə bağlıdır, yoxsa digər özəl səbəbləri də var? Doğrusu, bilmirik. 
Lev Trotski öldürülənə qədər Amerikada yaşayıb. Amma bir adamın  bütöv bir kontinentin siyasi spektrini müəyyən etməsinə inanmaq elə də asan məsələ deyil. Fəqət, rusların çox məşhur bir məsəli var: Şeytan nə ilə zarafat etmir ki?..

Qayıdaq cənab Maduroya... Ən son proseslərin nə ilə bitəcəyini demək çox çətindir. Hazırda ölkədə iki prezident var – birinin qərargahı ənənəvi prezident sarayı, digərininki isə küçə və meydanlardır. 

Lap əvvəldə dedik ki, latın Amerikası ölkələrinin insanlarının qanında həm də ispan ruhu var, odur ki, onlar çox temperamentli olurlar. Elə bu səbəbdən də Venesuelada proses tamam dinc şəkildə başa çatsa, şəxsən mən buna çox təəccüblənərəm...